Qadın qətllərinin arxasındakı qaranlıq məqamlar: Kimlər ölkəmizə qarşı qəsdən…

0
172

Demək olar, hər gün qadın qətlləri barədə məlumatlar yayılır. Qətllərin motivi də, demək olar ki, oxşardır: həyat yoldaşı tərəfindən amansızlıqla öldürülüb. Qadına şiddət, qadın həyatına son qoymaq, sanki günü-gündən adiləşir. Burada narahat olmağa çox ciddi əsaslar var. Artan qadın qətlləri həm də cəmiyyət üçün həyəcan siqnalıdır.

Bəs görəsən, hər keçən gün qadın qətllərinin sayının artmasının səbəbi nədir? Bununla bağlı ölkədə sosioloji təhqiqat aparılırmı?

“Kişiləri unudaraq, yalnız qadınlar üzrə araşdırma aparıldı”

Sosioloq Əhməd Qəşəmoğlu bununla bağlı araşdırma apardığını bildirib. Lakin ekspert hesab edir ki, bu istiqamətdə geniş sosioloji tədqiqata da ehtiyac var:“Bunun üçün sadəcə sorğu keçirməyi nəzərdə tutmuram. Məhkəmə protokollarının təhlili, ekspert sorğuları və s. vasitəsilə geniş sosioloji tədqiqata ehtiyac var. Amma özüm də bu istiqamətdə araşdırma aparmışam. Azərbaycanda son 30 ildə bu cür xoşagəlməz hadisələrin sayı hər keçən gün artır. Bir çox beynəlxalq təşkilatlar, yerli qeyri-hökumət təşkilatları qrant alaraq, beynəlxalq proqramları yerinə yetirərək ölkədə birtərəfli təbliğat apardılar. Kişiləri unudaraq, yalnız qadınlar üzrə araşdırma etdilər. Ailə təkcə bir nəfərdən ibarət deyil, Azərbaycan ailəsində həm qadın, həm də kişi mühüm rol oynayır. Ailədə ahəngdar münasibət yaratmaq əvəzinə böyük layihələr həyata keçirildi, qadın hüquqları, qadın azadlığı, qadına qarşı zorakılıq, “qadınlar öz hüquqlarını bilmir və buna görə belə hadisələr baş verir” və s. prinsipi ilə iş aparıldı. Kişilər isə bu müddətdə unuduldu. Birtərəfli olaraq, qadınlara demokratik cəmiyyət, liberal dəyərlər, azadlıq yanlış formada təbliğ olunmağa başlandı. Halbuki iş belə getməməli idi.

“Bəzi xarici təşkilatlar bunu qəsdən etdilər”

Mən başqa layihələr təklif etmişdim, amma əhəmiyyət verilmədi. Əsas yanaşma o idi ki, biz Azərbaycan ailəsinin xilas etməli idik, təkcə qadınları yox. Biz bir tərəfdən qadınlara demokratiya və azadlıq haqqında geniş danışmışıq, yəni qadınları aktivləşdiririk, kişilərlə isə heç bir işimiz yoxdur. Belə birtərəfli yanaşma olduqda isə ailədə normal münasibət yaranmır. Qadınlara elə mexanizmlər öyrədilməli idi ki, onlar öz həyat yoldaşlarını maarifləndirsinlər. Qadınları ailədə ahəngdar münasibət yaratmaq, hansı problemlər varsa, onu müəyyən etmək, kişiləri adaptasiya etmək üçün də maarifləndirmək lazımdır. Bəzi xarici təşkilatlar və ölkədə gərginlik yaratmaqda maraqlı olan qüvvələr bunu qəsdən birtərəfli icra etdilər. Nəticədə isə bu cür xoşagəlməz vəziyyət yaranıb”.

Sosioloqun fikrincə, qadınlara azad cəmiyyət təbliğ olunarkən, kişilərə yalnız təhlükəli mənbə kimi yanaşılıb:

“Xaricdə də imic yaratmışıq ki, Azərbaycan kişisi qorxulu bir şəxsdir, həyat yoldaşını öldürür və s. Bəli, nəticədə də elə öldürür. Çünki biz ailə ilə elmi əsaslarla tələb olunan səviyyədə işləməmişik. Ailə institutu ilə birtərəfli işlənilib. Bir tərəfdən qadınlar aktivləşdirilir, digər tərəfdən kişilər passivləşdirilir. Məsələyə kompleks yanaşılmalıdır. Qadın bütün günü evdə ərini dili ilə söyür, kişi isə yumruğu ilə, bıçağı ilə ona hücum edir. Yəni hərə öz gücü çatan vasitədən istifadə edir, nəticəsi də ölümlə bitir”.

Ə.Qəşəmoğlu çıxış yolu olaraq təklif edir ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olmalıdır, bu halda istənilən cəmiyyətdə, o cümlədən də ailədə ahəngdar münasibət yaranır:

“Azərbaycan ailəsində mənəvi dəyərlər sıxışdırılıb arxa plana keçirilib. Burada da sosial şəbəkələr mühüm rol oynayır. Çünki insanın davranışının formalaşmasında informasiya mühüm yer tutur. İnsanlar əvvəllər olduğu kimi mənəvi dəyərlər aşılayan bədii ədəbiyyat oxumurlar. İnformasiya mənbələrinin özü ahəngdar münasibəti yaratmağa xidmət edən mənbələr deyil. Cəmiyyətdəki hadisələri başlı-başına buraxmaq olmaz. Bunun arxasında elmi təhlillər olmalıdır, elmi mərkəzlər, institutlar işləməli, tövsiyələr hazırlanmalıdır. Mən 20-30 il əvvəldən bu məsələ ilə bağlı haray çəkirəm, amma əhəmiyyət verilmir”.

“Qanunvericilikdə boşluqlar var”

“Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinin sədri Mehriban Zeynalova isə bunu ümumi gərgin vəziyyətlə əlaqələndirir. Onun sözlərinə görə, qadına şiddətə görə cəzanın nəzərdə tutulmaması, sonda ölümə yol açır:

“Əslində, yalnız fiziki zorakılıq, xəsarət ciddi olan zaman cəza nəzərdə tutulub. Amma ümumi götürəndə, xüsusi cəza yoxdur. Əgər həyat yoldaşını döyübsə belə, ona cəza verilmir, cərimə tətbiq olunur. Bu cərimələr şəxsin cəzasızlığı kimi qiymətləndirilir və sonda xoşagəlməz hallara gətirib çıxarır. Zorakılığa qarşı cəzanın olmaması problemin tamamilə qarşısını almağa maneçilik törədir. Mühafizə orderlərinin də, demək olar ki, təsiri yoxdur. Yalnız ağır xəsarət alanda, hansısa cəzalar nəzərdə tutulur”.

Birlik sədri qeyd edib ki, hadisənin baş verməsi ilə dərhal reaksiya alması bu məsələyə bir qədər təsir göstərə bilər:

“Şəxs zorakılıq halı ilə bağlı müraciət edirsə, onu dərhal sığınacağa yerləşdirmək lazımdır. Bu zaman onun həyatının təhlükədə olub-olmadığı, hadisə ölümlə nəticələnə bilər, ya yox, bu istiqamətdə araşdırma aparılmalıdır. Sonra isə hansısa addımlar atıla bilər. Bəzi hallarda öldürməklə bağlı təhdidlər olur, amma aidiyyəti qurumlar onunla əlaqədar hansısa addım ata bilmir. Çünki deyirlər ki, bu real deyil və biz onun öldürüb-öldürməyəcəyini bilmirik. Şəxs müraciət etsə də, konkret addımlar atılmır. Buna qanunvericilik imkan vermir. Lakin ilkin yardım göstərilərkən, onu təhlükədən qoruyurlar. Daha sonra rəy verilə bilər ki, “burada təhlükə var, ölümlə nəticələnə bilər”. Beləliklə, bu məsələ öz həllini tapa bilər. Şiddətə məruz qalan və ölümlə hədələnən qadın sığınacağa yerləşdirilməyibsə, riskin qiymətləndirilməsi aparılmırsa, belə halda heç bir addım atmaq mümkün olmayacaq”.

Bəs, bunun səbəbləri müvafiq dövlət qurumları tərəfindən öyrənilirmi? Araşdırma apararaq, gəldikləri qənaəti nədən ibarətdir?

Məişət zorakılığının əsas səbəblərindən biri…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Publika.az-ın sorğusuna cavaba olaraq bildirilib ki, komitənin və beynəlxalq təşkilatların apardığı çoxsaylı araşdırmaların nəticələri göstərir ki, məişət zorakılığının əsas səbəblərindən biri bəzi ailələrdə və ya fərdlərin şüurunda kök salmış mənfi düşüncə və davranış stereotipləridir. Onların aradan qaldırılması istiqamətində aparılan işlər əksər hallarda bu stereotiplərin daşıyıcılarının güclü müqaviməti ilə qarşılaşır.

“Təəssüflər olsun ki, ailədaxili zorakılıq halları cəmiyyəti narahat edən aktual sosial problem olaraq qalmaqdadır. Ailənin əsaslarını, gələcək nəslin rifahını zəiflədən ailə münaqişələrinin fəsadları illərlə davam etməkdədir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsi ilə ölkədə ailədaxili zorakılıqdan zərər çəkmiş şəxslərin müdafiəsi üzrə yeni hüquqi mexanizmlər yaradılıb, çoxsaylı maarifləndirici layihələr həyata keçirilib. Həmçinin, 2020-ci il 27 noyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib

Görülən tədbirlər məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına müraciət etmələrinə imkan yaradıb. Dövlət Komitəsi və tabeçiliyində olan 11 uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən hər il 100-ə yaxın məişət zorakılığı halları baş verən risk qrupundan olan ailələrlə profilaktik işlər həyata keçirilir. Görülən tədbirlər nəticəsində zorakılıq hallarının daha ağır mərhələlərə keçməsinin qarşısı alınır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də ailələrdə baş verən zorakılıq halları əsasən gizli qalır.

Dövlət Komitəsi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşları üçün təlimlər təşkil edir və onları məişət zorakılığı hallarının araşdırılmasının xüsusiyyətləri, o cümlədən tərəflərin barışdırılmasının mümkün şərtləri barədə məlumatlandırır. Eyni zamanda müvafiq dövlət orqanları tərəfindən zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün onlara qanunvericiliyinin tələblərinə əsasən mühafizə orderlərinin 24 saat ərzində verilməsini tövsiyə edir.

Baş vermiş hadisələr məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə mövcud mexanizmlərin yenidən nəzərdən keçirilməsini, cinayət qanunvericiliyində bu halların digər ümumi xarakterli cinayətlərdən fərqləndirilməsi məsələsinə baxılmasını və cəza tədbirlərinin daha da sərtləşdirilməsini tələb edir. 2020-ci il 27 noyabr tarixində ölkə rəhbəri tərəfindən təsdiq edilmiş məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planına əsasən bu istiqamətdə təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir”.

Akqabay Mıradov