30 yanvar 2026…

 Həyatımda ən ağır mənəvi və fiziki stres yaşadığım gün.43 il ayaq ” döydüyüm” nəşriyyatı tərk etdim. Qızımdan bir neçə saat xəbərsiz oldum. Ümumiyyətlə insan atasız, anasız qaldıqdan sonra dərdli olur. Allah insana səbr versə də… Həyat boyu da insan sevincli, acılı çox həyəcanlar yaşayır – evli olmaq, ata, ana olmaq, özünün və sevdiklərinin əlamətdar günlərini yaşamaq, fəxri mükafatlara layiq görülmək, aldanmaq, sevilmək, sevmək, istədiklərinə nail olmaq, canından əziyyətlər görmək, əməliyyatlardan keçmək, milli və dünyəvi ağır xəbərləri və şok sevincləri, fəxri yaşamaq və s… Bütün bunlar şəxsi həyatın qarşısında dura bilmir. Yəni qəlbin təlatümü çox sevdiyin, bağlandıqlarından ayrılıq qorxusu altında baş verir. Mən çox sevinirəm ki, bu təlatümü cavan yaşında deyil, 60 astanasında gördüm. Çünki artıq cavan yaşındakı kimi “dəli” olmuram: səbr, zəka, hövsələ kömək edir. Amma mənəvi məhv olursan, qəlbin artıq bu cür “ağır yükü” qaldıra bilmir. Canın böyük zərbələrdən, təlaşdan öz sağlamlığını itirir, ömrünün günləri azalır. Mən özümü bir neçə xəstəliklə necə cavan hiss etsəm də, bu kimi məqamlar insanı təlaşa salır. Daha doğrusu həyatı gözdən salır, yaşamaqdan bezdirir. Əslində hər bir kəs kimi mənim də həyatımda çox çətin, çox xoşbəxt günlər olub. Hazırda sanki həyatdan doymuşam, istədiklərimin hər biri həyata keçib, artıq nə arzulayacağımı bilmirəm. Canıma bağlı olanların da bu həyatda mən olsam da, olmasam da ömür əmanətinin hər bir yolundan keçəcəklərini bilirəm. Mənim kimi möhkəm və mübariz olacaqlarını və gözəl ürək sahibi olaraq xoşbəxtliklərini görəcəklərinə inanıram.
 Amma mətbuatın darmadağın edilməsi bu sahədəki ümidlərimə ağır zərbə vurdu…

 Sənubər Səhər