Zemfira və Ədalət Əbdülsəmədovlar: “…Axırda da həyat yoldaşı olduq” – MÜSAHİBƏ + FOTO

0
299

Sevgi nədir? Bir-birinə öyrəşmək, başa düşmək, bir-birini tamamlamaq, yoxsa nə? İnsanlar necə sevir, necə ailə qurur? Belə yüz sual və bu suallara yüz məntiqli-məntiqsiz cavab var. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorları Zemfira və Ədalət Əbdülsəmədovlar isə sevgi ilə gəldikləri sənətdən və sənətdə tapdıqları sevgidən danışdılar.

Zemfira xanım aktyorluğa sevgini valideynlərinin yaratdığını deyir:

“Atam məni həmişə kinoya aparırdı, filmin sonunda yatırdım, qucağında evə gətirirdi. Amma aktyor olmağımın qəti əleyhinə çıxdı. Mənsə qətiyyət göstərdim. Bir müddət atamdan gizlətsək də, iş işdən keçəndən sonra bildi”.

Ədalət müəllim də uşaqlıqdan kiçik rollar oynaya-oynaya teatra gəlib. Gözlərində sevgi və xüsusi parıltı ilə qeyd edir:

“İş yoldaşı olduq, sənət yoldaşı olduq, yol yoldaşı olduq, axırda da həyat yoldaşı olduq”.

Zemfira xanım da təbəssümlə əlavə edir:

“Tamaşada tərəf müqabili olduq, bir-birimizi tanıdıq, öyrəşdik. Mənim üçün istedad hər şeydən vacibdir. İnsanda istedad varsa, adam onunla darıxmaz. Mən onun istedadını gördüm. Məni ona bu bağladı. Ən əsası, Ədalət ədalətli olmağı ilə məni özünə çəkdi”.

Ədalət bəy “Zemfira xanımı hansı cəhətinə görə sevdiniz?” sualına “Vurulmuşdum, gözlərim bağlanmışdı” cavabını verir.

Zemfira xanım bir əhvalatı danışır:

“Üstündə monoloqumun adı – “Mən boşanıram!” yazılan ssenarini stolun üstünə qoyub getmişdim. Evə gəldim ki, Ədalət qırmızı hərflərlə “Mən etiraz etmirəm!” yazıb. Həssasam axı, zarafatcıl olduğunu bilsəm də, ciddi qəbul etdim, incidim”. Ədalət bəy deyir ki, Zemfira küsəyəndir. Zemfira xanım da əda ilə cavab verir:

“Qəlbi təmiz olan adamların dili acı olur, bilirəm, nəyi var, dilindədir. Amma mən də inciyirəm axı. Həmişə də özü ilk addımı atır barışmaq üçün. Və özünü də elə aparır, elə bil heç nə olmayıb”.

“Ədalətin adı telefonumda “sevimli, istəkli, əziz ərim”dir” deyir Zemfira xanım. Ədalət müəllim də məsələni açır:

“Bir gün baxdım ki, telefonunda adımı “Ədiş” yazıb. Dedim, mən yekə kişiyəm, Ədiş nədir? Sildim, ad yerində “sevimli, istəkli, əziz ərim” yazdım”. “Çəkilişdə telefonuma zəng gəlir, ekranda o boyda yazı gedir:

“Sevimli, istəkli, əziz ərim”. Hamı deyir, gör ərini necə çox istəyir” – Zemfira xanım gülə-gülə əlavə edir.

Teatrların indiki durumu ilə bağlı danışdılar:

“5-6 il bundan əvvəl teatrlarda repertuar rəngarəngliyi yox idi. Klassikaya müraciət olunsa da, daha çox eyni müəlliflərin əsərləri qoyulurdu. Amma indi repertuar daha zəngindir”, – Zemfira xanım deyir. Ədalət bəy əlavə edir:

“Bir müəllifin yubiley ili olur. Hamısı o müəllifin eyni əsərini tamaşaya qoyur. Axı onun başqa əsərləri də var. Əgər sənin o əsərə başqa bir baxışın yoxdursa, niyə onu qoyursan? Nazirlik yaradıcı azadlıq verib. Rejissor yeni baxışı oldu-olmadı, tamaşanı hazırlayır”.

Ədalət bəy deyir ki, bu yaxınlarda “Mədəniyyət” kanalında “Leyli və Məcnun” tamaşasına baxdım. Dünya dəyişib, hər şey dəyişib, amma “Leyli və Məcnun”un nə dekorasiyası, nə də geyimləri dəyişib. Zemfira xanım da ifaların çox gözəl olduğunu, amma bununla yanaşı, texniki qüsurların çox olduğunu deyir:

“Görüntü çox vacibdir. İndiki dövr bunu tələb edir. Axı buna həm də təkcə biz yox, xarici qonaqlar da baxır”. Ədalət bəy Nizami ili”ndə İlqar Fəhminin “İskəndərə yeni namə” əsərinin Dram Teatrında yeni üslubda, yeni tərzdə tamaşaya qoyulduğunu deyir:

“Birincisi, “İsgəndərnamə”yə tam yeni baxış oldu. İkincisi də, səhnə tərtibatı əla idi. Əsər səhnədə həm bədii, həm də texnoloji həllini tapıb. Təsəvvür edin ki, səhnədə su və o gözəl işıq effektləri olmasaydı, ənənəvi tamaşalardan biri olacaqdı. Bilirsiniz, tamaşaçı daha belə şeyləri istəmir. Tamaşaçını cəlb etmək lazımdır”.  

Zemfira xanım əlavə edir ki, indi texnologiya əsridir, insanlar hər şeydən məlumatlıdır:

“Pandemiya dövründə insanlar evlərə qapandılar. Amma internet vasitəsilə həm də dünyaya açıldılar. Həm kino, həm teatr dünyasından xəbərdar oldular”.

“Çalışdığımız Dövlət Gənc Tamaşaçılar teatrında hər nəsil üçün tamaşalar qoyulur” deyir Zemfira xanım:

“İnanın ki, aktyorlar səhnədə dəridən-qabıqdan çıxır, ortaya yaxşı bir tamaşa qoymağa çalışırlar. Son illərdə bizdə də, başqa teatrlarda da novatorluq var, amma vəsait yoxdur. Vəsait olsa, yaxşı dekorasiya da olar, geyim də. Aktyorlar da, rejissorlar da, hamı ürəklə işləyir. Səhnəyə çıxanda pul yaddan çıxır, ancaq vicdan oynayır. Amma tamaşa bitir, həyat davam edir axı. Aktyorun yaşamağı, özünü formalaşdırmağı və realizə etməyi üçün pul lazımdır. Vəsait olsa, çox şey düzələr və daha yaxşı olar”.

“İndiki gənclərin çoxu (hamısı yox) reklamları ilə – sosial şəbəkələrdə şəkil, video paylaşmaqla məşğuldur. Kitab oxumaq, öz üzərində işləmək əvəzinə sosial şəbəkədədirlər. Bu sənətə çox yüngül baxırlar. Əməyinlə, zəhmətinlə, savadınla qabağa getməli, tanınmalısan” deyir Zemfira xanım. Ədalət bəy də fikirlərini bildirir:

“Müharibə mövzulu tamaşalarda oynayacaq, filmlərdə çəkiləcək potensialda, görünüşdə gənc aktyorları, demək olar ki, görmürəm. Elə bil indikilər (hamısını demirəm) sanki bu sənətə şit-şit, cılız rollar oynayıb “Tiktok”da məşhur olmaq üçün gəlirlər”. Sonda “evdə Zemfira xanımın sözü keçir, yoxsa Ədalət müəllimin” sualına ikisi də bir ağızdan “uşaqların” cavabını verirlər.