Azərbaycan və Ermənistanın sülh danışıqlarında prosesi düz xəttə çıxara biləcək əsas məqamlardan biri kommunikasiyaların hansı prinsiplə açılamasıdır, xüsusilə rəsmi İrəvanın Naxçıvana maneəsiz keçid verib-verməyəcəyi – Zəngəzur dəhlizini açıb-açmayacağı həlledici amil olacaq.
Hazırda Zəngəzur dəhlizi ilə bağlı iki yanaşma mövcuddur.
Birinci yanaşma dəhlizin 10 noyabr razılaşmasına uyğun açılmasıdır: Naxçıvana “maneəsiz keçid” verilir və yolun təhlükəsizliyi Rusiya hərbçiləri tərəfindən qorunur;
Ermənistan bunun “suverenlik” prinsipinə zidd olduğunu iddia edərək, 10 noyabr razılaşmasında üzərinə götürdüyü öhdəlikdən imtina edir. Və bu prosesdə əsasən Qərbə arxalanır. Çünki Zəngəzur dəhlizinin təhlükəsizliyinin Rusiya hərbçiləri tərəfindən təmin edilməsini nə həvalə edilməsini Moskvanın bölgədə təsirinin güclənməsi kimi qəbul edən Qərb ölkələri buna qarşı çıxır. Rəsmi İrəvanın öhdəliyindən imtina etməsinə sövq edən də bu qüvvələrdir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları isə göstərdi ki, Moskva Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılması planından imtina etməyib.
Burada əsas diqqətçəkən məqam Ermənistanın “10 noyabr razılaşmasında dəhliz ifadəsinin olmadığını” mütəmadi olaraq irəli sürməsidir. Paşinyan hətta 10 noyabr razılaşmasında “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edərək, məsələni ucuzlaşdırmağa çalışdı. Hərçənd, məsələ bəyanatda “dəhliz” ifadəsinin yer alıb-almaması yox, Naxçıvana yolun hansı prinsiplə açılmasıdır.
10 noyabr razılaşmasının 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəyanatda əks olunduğu kimi:
– Ermənistan Azərbaycandan Naxçıvana vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkilinə şərait yaratmalıdır;
– Nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir;
– Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirməlidir;
Bəyanatda dəhliz ifadəsi yer almasa da, bu razılaşma Naxçıvana
yolun “dəhliz prinsipi” ilə açılması deməkdir. Ermənistan dəhliz ifadəsinin olmadığını əsas gətirməklə, sadəcə olaraq, öhdəliyindən yayınmağa çalışır. Zəngəzur dəhlizi ətrafında geosiyasi rəqabətin kəskinləşməsi – Qərbin Rusiya amilinə görə Ermənistanın mövqeyindən çıxış etməsi də rəsmi İrəvanın öhdəliyindən yayınmaq imkanlarını artırır. Bu da nəticə etibarilə regional kommunikasiyanın açılmasını, ümumilikdə sülh sazişinin imzalanmasını çətinləşdirən amildir. Azərbaycan məhz buna görə yeni – ikinci yanaşmanı təqdim etdi.
İkinci yanaşma “Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsidir.
Bu prinsipin detalları 10 noyabr razılaşmasından fərqlənir və regionda maraqları olan bütün tərəflərin gündəliyinə uyğundur.
– Azərbaycandan Naxçıvana gedən vətəndaşlar və nəqliyyat vasitələri, eləcə də daşınan yüklər sərhəd yoxlamasına məruz qalmır, buna görə gömrük rüsumu ödənilmir, çünki bu yüklər və sərnişinlər Azərbaycanın bir hissəsindən digər hissəsinə gedir;
– Zəngəzur yolundan istifadə etməklə Ermənistana, yaxud başqa ölkəyə gedən sərnişinlər və nəqliyyat vasitələrinə, eləcə də daşınan yüklərə gömrük qaydaları tətbiq edilir;
Bu, beynəlxalq təcrübəyə əsaslanan təklifdir. Misal üçün, Rusiyanın öz ərazisi olan Kalininqrada çıxışı bu prinsiplə təmin edilir. Kalininqrad dəmir yolundan istifadə etməklə başqa ölkərə daşınan yüklər və gedən sərnişinlər isə gömrük yoxlamasından keçir. Rəsmi Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi”nin də mahiyyəti belədir və ən önəmli məqam regional qarşıdurmanın aradan qaldırılması, kommunikasiyaların açılması və sülh sazişinin imzalanması imkanlarını artırır. Və bununla:
– Azərbaycan Naxçıvana maneəsiz keçid əldə edir;
– Ermənistanın Zəngəzur yolu üzərində suverenlik prinsipi qorunur və daşımalardan qazanc əldə edir;
– Rusiya yola tam nəzarət edə bilməsə də, regional kommunikasiyaların açılmasından qazanır;
– Qərbin “Rusiya Zəngəzur dəhlizinə nəzarət etməsin” iddiaları aradan qalxır;
– Hətta İranın Zəngəzur dəhlizi ilə bağlı “Cənubi Qafqaza çıxış imkanının itirilməsinə” dair illüziyaları aradan qalxır və kommunikasiyaların açılması ilə genişlənən regional bazardan iqtisadi qazanc əldə edir;
Və ən mühüm amil regionda geosiyasi qarşıdurma başa çatacaq, kommunikasiyalar açılacaq, sülh sazişinin imzalanması imkanları genişlənəcək, Ermənistan “dalan ölkə” olmaqdan çıxacaq. Bu təklif xüsusilə Ermənistanın bölgədə dövlət kimi mövcudluğunu saxlamasına da imkanlar açır. Prosesi tormozlayan rəsmi İrəvan isə perspektivi olmayan “sülh qovşağı” layihəsini irəli sürməkdən əl çəkmir. Ermənistanın Xarici İşlər Nazirliyi bir neçə gün öncə kommunikasiyanın açılmasının yalnız “sülh qovşağı” çərçivəsində reallaşa biləcəyini deməklə prosesi tormozlamaq niyyətində olduqlarını təsdiqlədi.
Ermənistanın “sülh qovşağı” layihəsi həm siyasi, həm də iqtisadi baxımından mümkünsüzdür.
Siyasi çətinliklər: Qərbin Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun açılmasına qarşı çıxması regionda qarşıdurmaya səbəb olduğu kimi, “sülh qovşağı” da eyni situasiyanı yaradır, çünki bu, Rusiyanın regional kommunikasiyalarda iştirakını tamamilə sıradan çıxarır ki, Moskva bütün vasitələrlə müqavimət göstərəcək və bu halda kommunikasiyalar üzərindən geosiyasi qarşıdurma yenidən aktuallaşacaq;
Bununla yanaşı, Ermənistan bu layihə ilə heç neçə vermədən qazanmaq niyyətindədir. Sual yaranır: Azərbaycan torpaqlarını müharibə ilə azad edib, erməni separatizmini güc yolu ilə təmizləyib və işğal dövründə yüzmilyardlarla dollar zərərə uğrayıb, o zaman, qalib ölkə kimi heç bir qazanc əldə etmədən niyə kommunikasiyanın erməni maraqlarına uyğun açılmasına razı olsun, niyə Ermənistanı “dalandan” çıxarsın?!
İqtisadi çətinliklər: Ermənistan “sülh qovşağı” layihəsində bir neçə istiqaməti irəli sürür;
– Yol infrastrukturu üçün Ermənistan-Azərbaycan sərhədində və Ermənistan-Türkiyə sərhədində 7 buraxılış məntəqəsi yerləşdirir;
– Ermənistan ərazisində 4 dəmir yolunu bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin edir: Narnadzor-Ağarak (43 km), Hrazdan (Axta rayonu) xəttinin köhnəlmiş hissələri (80 km), Arazdəyəndən Naxçıvan sərhədinə (1 km), Gümrüdən Türkiyə sərhədinə qədər olan dəmir yolunun dağılmış hissələri (6 km);
– 4-ü Ermənistan-Azərbaycan, biri Ermənistan-Türkiyə sərhədində olmaqla beş dəmir yolu buraxılış məntəqəsi yaradır;
Bu layihə faktiki olaraq, marşrutun uzanması və çətin relyefdən keçməsi deməkdir. Bakının təklif etdiyi “Azərbaycandan Azərbaycana prinsipi” Zəngilandan Naxçıvana təxminən 40 kilometrlik marşrutu özündə ehtiva etsə də, İrəvanın “sülh qovşağı” dolambac yollardan keçir və bu iqtisadi baxımdan da səmərəsizdir.
Bütün bunların fonunda Bakının təklifini qəbul etmək İrəvan üçün yalnız xeyir gətirə bilər, əks təqdirdə, Azərbaycan Ermənistanla sərhədin başqa bir yerində sərhədini açmayacaq. Bu isə Ermənistanın “dalan ölkə” olaraq qalması deməkdir.