Zəhərlənmə təhlükəsi: Bayramda bu qidalardan ehtiyatlı olun… – Mütəxəsis

0
257

2021-ci ilin başa çatmasına sayılı günlər qalıb. İnsanların böyük qismi artıq bayram alış-verişini başa vurub. Yeni ilin gəlişi münasibətilə hazırlanan bayram süfrələri adətən məxsusiliyi ilə seçilir. Lakin bayramdan sonra artıq qalan qidalar təzə ildə qarşılaşacağımız ilk fəsadların təməlini qoyur. Bəs nə edək? Bayram süfrəsi hazırlananarkən hansı səhvlərə yol veririk?

Mövzu ilə bağlı Beynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov açıqlamasında bildirib ki, bayram süfrəsinin düzgün hazırlanmasında ilk addım elə alış-veriş prosesindən başlayır.

Onun sözlərinə görə, bu ərəfədə insanlar bazarda aldanmaqdan qaçmalıdırlar: “Qida zəncirində qayda var ki, mənşəyi məlum olmayan heç nəyi almaq olmaz. Çox vaxtı görürsüz ki, bayram qabağı ət kəsimləri olur, balıqları açıq piştaxtalarda satırlar. Riskli qidaların satışı çoxalır. Kənd çolpasını açıqda saxlayırlar, mağazada soyuducudan kənarda və yaxud küçədə qoyurlar.

Ümumiyyətlə, küçə satışından heç nə alınmamalıdır. Saatlarla qalan toyuq, balıq, ət kimi məhsullar mikroorqanizmlərlə çirklənir, bu da nəticədə zəhərlənməyə gətirib çıxard bilər. Adətən, bayram üçün insanlar kənd çolpası almağa üstünlük verirlər. İşbazlar çox zaman onu sarıkökə bulayır, broyleri saxta adla satırlar. Bu məqamlar balığa da aiddir.

Balıq məhsullarını əvvəllər buzun içində görürdüksə, indi satışlarda balıq çeşidləri çoxdur, amma rəflərdə buza rast gəlinmir. Bu da təbii ki, balıqda histamin maddəsini artırır, bu halda isə zəhərlənmə təhlüksəi artır. Ona görə də balıq alarkən diqqət eləmək lazımdır ki, balığın qarnı şişkin olmasın, pulcuqları çıxmasın, dərisi, özü, gözləri, qulaqları şəffaf olsun. Bəzi işbazlar balığın qulaqlarının qırmızı olması üçün çuğundur suyundan istifadə edirlər, alıcılar buna diqqət etməlidirlər”.

Ekspert bildirir ki, bazardan alınan bu məhsulların evə gətirildikdən sonra otaq temperaturunda maksimum 2 saat ərzində emal prosesi bitməlidir: “Toyuq, balıq, ət, mayonez, yumurta riskli qidalardır. Ona görə də bu məhsulların iki saat ərzində emal prosesini bitirmək lazımdır. Yaxşı olar ki, bütün məhsullar mərhələli şəkildə soyuducuya yerləşdirilsin. Emal prosesi bitdikdən sonra salatlar üzəri bağlı şəkildə soyuducuya yerləşdirilməlidir. Çünki otaq temperaturunda çox qalan mayonez və yumurtadan hazırlanmış salatlar çox qalarsa, zəhərlənmə halları baş verə bilər.

Təbii ki, süfrəyə təqdim olunan qidalar da süfrəyə 10-15 dəqiqə əvvəl düzülə bilər. 1 saat əvvəl qidaların süfrəyə düzülməsi məqsədəuyğun deyil. Süfrəyə əvvəlcədən məzə və şoraba, göyərti, pomidor, xiyar kimi əlavələri düzmək olar.

Ət, toyuq, balıq kimi qidalar yeməkdən 1 saat əvvəl hazır olmalıdır. İsidilməsində də diqqətli olmaq lazımdır. Ət tam isinmiş olmalıdır ki, zəhərlənmə təhlükəsi aradan qalxsın”.

Mütəxəssis bayramdan sonra artıq qalan qidaların saxlanma şəraitinə də diqqət çəkib: “Əgər yeməklər süfrədə üç saatdan çox qalıbsa, onlar məhv edilməli, yenidən soyuducuya qoyulmamalıdır. Qida məhsullarının yenidən isidilməsində böyük risklər var. Buna görə də bayram yeməkləri qədərində bişirilməlidir.

Çox vaxt süfrədən salatlar, balıq kimi qidalar artıq qalır. Qida rasionu nəzərə alınaraq az miqdarda yemək bişirilib, süfrəni bənzədilməlidir. Artıq qalan qidalar 72 saat müddətində saxlanıla bilər. Bunlar salatlar, təkrar isidilməsinə ehtiyac olmayan qidalardır. İsti yeməklər 3 saatdan az müddətdə süfrədə qalıbsa, soyudulub, soyuducuda saxlana bilər. Yenidən isidildikdə isə mikrodalğalı sobada deyil, tavada isitmək lazımdır. Mən qidaları təkrar isitməyin əleyhinəyəm. Yaxşı olar ki, yeməklər israfçılıq etmədən bişirilsin.

Mayonezli salatlar sırasında ən çox populyar olanı paytaxt salatı, mimoza salatı, toyuq salatıdır. Bunlar tərkibində toyuq, mayonez, yumurta olduğuna görə riskli məhsullardır. Salatların süfrədə emalı 1-2 saat ərzində bitməli, qalanı üzəri bağlı şəkildə soyuducuya yerləşdirilməlidir. 2 saatdan çox qalarsa, həmin qidalar məhv olunmalıdır. Üzəri bağlı şəkildə soyuducuda 72 saat müddətində qala bilər. Kritik kontrol nöqtələrinin analizi qaydalarına görə, bu qidalar soyuducunun qapısı tez-tez açılıb bağlandığı halda 48 saat saxlanıla bilər”.