ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına 14 gün qalır. Bəzi ekspertlərin fikrincə, yanvarın 20-dən etibarən dünyada müəyyən dəyişikliklər olacaq. Hətta hazırkı Prezident Co Baydenin də səlahiyyətinin bitməsinə sayılı günlər qalmasına baxmayaraq Trampa bəzi “sürprizlər” hazırladığını iddia edənlər var.
Bu mümkündürmü?
Politoloq Xəyal Bəşirov deyib ki, bütün dünya yanvar ayının 20-ni gözləyir:
“ABŞ kimi fövqəl dövlət, dünyada baş verən proseslərin məcrasını dəyişmək imkanı olan ölkədə administrasiya dəyişikliyi olacaq. Bu sadəcə prosedur formasında deyil, tamamilə fərqli siyasət vəd edən administrasiya hakimiyyətə gələcək. Donald Tramp Respublikaçılar partiyasının namizədi kimi Demokratlar partiyasını yürütdüyü siyasətin fərqli formasını ortaya qoyacağı ilə bağlı vədlər verib. Lakin hazırda seçki öncəsi verdiyi vədlərin əksinə fikirlər səsləndirir.
Belə ki, o, müharibələri dayandıracağını, sülhün bərqərar olmasına çalışacaqlarını bildirirdi. Bir müddət öncə isə ABŞ-ın bir sıra ərazilərə iddialarının olduğunu gördük. Faktiki olaraq beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınmış, Kanada, Panama, Danimarka ərazisi olan Qrenlandiyaya iddialar irəli sürüldü. Bunlar hələ ilkin addımlardır. Ardının olacağı istisna edilmir”.
Xəyal Bəşirov
Politoloqun sözlərinə görə, ərazi iddiaları isə yeni müharibələrin başlayacağından xəbər verir:
“Demokratiya, dünyada insan hüquq və azadlıqları, sülhün və atəşkəsin carçısı olan ABŞ-ın sözügedən istiqamətdə atdığı addımlardan sonra, digər dövlətlər də ərazi iddiası ortaya qoya bilər. Rusiya da Ukrayna müharibəsində özünə haqq qazandıracaq, digər ərazilərə iddialar ortaya qoyacaq. Çinin Tayvanla bağlı real hərəkətə keçməsinə səbəb olacaq. Yəni bir sözlə, digər ölkələrə iddiası olan dövlətlər ABŞ-ın bu addımını özlərinə nümunə götürəcəklər. Bu da yeni münaqişə ocaqlarının yaranacağından xəbər verir”.