Yeni dələduzluq növü: İnsanların pulu kütləvi şəkildə mənimsənilir

0
42

“Yeni bir platforma ilə dələduzlar kütləvi şəkildə vəsaitləri mənimsəyirlər”.

Bu sözləri texnobloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qurbanların hər birindən 10 000 dollardan çox pul götürülüb:

“Platforma təmiz hazırlanıb. Məntiqi anlamaq üçün kiçik məbləğlə özümü qurban kimi təqdim etdim və məsələ belədir. Cəmi 20 dollar investisiya ilə pul qazanmaq vədi verilir. Bununla bağlı vətəndaşa “WhatsApp” üzərindən yazırlar.

Bütün hesab yaratma, oyun qaydaları, “Binance”dan pul göndərmək, pul çıxarmaq izah edilir. Vətəndaş 20 dollar yatırım edir və günlük gələn 18 ədəd yemək sifarişini onlayn sadəcə düyməyə basmaqla icra edir. Hər gələn sifariş ilk başlayanda 20 dollara qədər olur. Məntiq odur ki, 1 sifarişin qiyməti balansından az olmalı deyil. Yəni 20 dolların varsa, sifarişi icra edirsən, sonra öz 20 dolların balansına qaytarılır və icra üçün sənə əlavə komissiya 3% verilir. Bir növ 20 dollar depozit kimidir. İlk gün qazandıqdan sonra vəsaiti rahatlıqla nağdlaşdırmaq olur və 20 dollar yatırıb 50 dollara qədər qazanırsan. İkinci gün gələn yemək sifarişləri isə artıq bahalaşır. 18 sifarişdən birinin qiyməti təsadüfən 60 dollar olur və baxırsan ki, balansın 50 dollardır. Sifarişi icra etmək üçün mütləq 10 dollar da depozit qoymalısan. Qoyursan və icra edib həm öz pulunu, həm də 3% komissiyanı götürürsən. Bütün bu ardıcıllıq məbləğin artması ilə davam edir və növbəti günlərdə sifarişlər arasında 500 dollarlıq yeməklər də olur. İcra üçün balansı artırırsan, daha çox komissiya alırsan və pulu çıxarırsan.

Və bir gün gəlir ki, sifariş icra etdiyin anda 9000 dollarlıq yemək düşür və kombo bonus adlanır. Əgər sən depozit qoyub sifarişi icra etsən, 3% komissiya alırsan və 9000 dollar daxil bütün qazancını da nağdlaşdıra bilirsən. Elə hər şey də burada başlayır. Bu günə qədər vətəndaşda inam yaradan platforma, ona ödəniş edən şirkət 9000 dolları götürür və aradan çıxır. Pulu çıxarmaq üçün isə 15 000 dollarlıq yemək sifarişi gəlir. Burada bütün pulunu çıxarmağa cəhd edən vətəndaş çalışır ki, yeni depozit edib, sifarişi icra eləsin, amma sistem onu elə çıxılmaz vəziyyətə salır ki, heç cür pulunu götürə bilmir. Beləcə bu metodla minlərlə dollarını itirən vətəndaşlar var”.

O vurğulayıb ki, son aylarda bu cür maxinasiya və məntiqlə çalışan platformalar çoxdur və xidmətlər fərqli olsa da, ssenari eynidir:

“Düşündüm ki, bu ssenarini paylaşsam, faydalı olar və kimsə rastlaşanda avtomatik yadına düşər. “Buna kim inanar?” deməyin. Oyun psixoloji olaraq mükəmməl qurulub və sistem “support”a qədər əla çalışır. Şəxsən dələduz olduqlarını bilə-bilə oynayanda da inanmaq istəyirdim ki, bu, gerçəkdir. Məlumatı bölüşərək daha çox insana çatmasına dəstək olmanızı xahiş edəcəyəm. Qurban sayı çoxdur”.