Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-nə milli valyuta ekvivalentində 12 524,9 milyon manat təşkil edib.
Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb. Bu, insanların banklara olan inamının artdığını göstərir. Bəs artan inamın əsasında hansı səbəblər dayanır?
Yeni qaydalar nəticəsini verir
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Kaspi” qəzetinə açıqlamasında deyib ki, bu gedişlə əmanətlərin həcminin daha da artacağı gözlənilir: “Mərkəzi Bank tərəfindən yürüdülən siyasət, banklara depozit cəlbetmə imkanlarının yaxşılaşdırılması, eləcə də 2024-cü il yanvarın 1-dən etibarən vətəndaşların banklardakı əmanətlərinin faizlərinin gəlir vergisindən azad olunması bank depozitlərinin həcminin artmasına səbəb olub. Yeni qaydalara əsasən, əhalinin milli valyutada olan əmanətlərinin aylıq 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olunur. Vətəndaş banka 10 faizlə 24 min manat depozit yerləşdirdikdə, onun aylıq gəliri 200 manat təşkil edəcək və bu vəsaitdən vergi tutulmayacaq. Yaxud, banka 8 faizlə 30 min manat əmanət qoyan şəxs illik 2400, aylıq 200 manat gəlir əldə etdiyindən, ondan da vergi tutulmayacaq. Vergi həmin məbləğdən sonrakı hissədən tutulacaq. Bu isə banklara yatırılan əmanətlərin artımına əlavə stimul verəcək. Hazırda əhalinin banklardakı əmanətlərinin həcmi 13 milyard manata yaxındır, ilin sonuna bu rəqəmin yenidən artması gözlənilir”.
Bank Məcəlləsi qəbul edilməlidir
A.Hüseynov bildirib ki, bank depozitlərinin həcminin artması banklar üçün daha çox kredit vermə imkanlarını da stimullaşdırır: “Ona görə də bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var. Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər. Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda Mərkəzi Bank da bu istiqamətdə çalışır. Maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Tək Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir”.
İnsanlar bilir ki, pulunu itirməyəcək
Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədlinin sözlərinə görə, əmanətlərin sığortalanması insanların banklara olan inamını daha da artırıb: “Əmanətlərin artmasına səbəb ilk növbədə sığorta mexanizminin normal şəkildə işləməsidir. Əmanətlərin Sığortalanması Fondu milli valyutada maksimum 12 faiz, dollar və avroda 2,5 faiz hədd müəyyənləşdirib. Bir nəfər üçün 100 min manat sığorta məbləği mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun iş mexanizmi onu göstərir ki, hansısa bir bank bağlansa da, qaydalara uyğun şəkildə əmanətlər vaxtında qaytarılır. Sığorta mexanizmi normal şəkildə işlədiyinə görə insanlar bilirlər ki, əmanət itirilməyəcək və qorunur. Gəlirlilik dərəcəsi də kifayət qədər normaldır. Milli valyutada 12 faiz gəlir əldə etmək mümkündür”.
Sığorta limitinin məbləği artırılsın
X.Məmmədlinin fikrincə, müəyyən addımlar atılsa, hər şey banklar üçün daha da yaxşılaşar: “Gələcəkdə əmanətlərin məbləği daha da arta bilər. Əvvəl fiziki şəxslərin qorunan əmanətlərində limit yox idi. Sonradan 100 min manat limit müəyyənləşdirildi. Əgər Mərkəzi Bank istəsə ki, kommersiya banklarında əmanətlərin məbləği daha da artsın, 100 min manatlıq limiti ya artıra, ya da ləğv edə bilər. Bu zaman banklara daha çox vəsait cəlb olunar. Amma hüquqi və sahibkar fiziki şəxslərin banklardakı vəsaitləri sığortalanmır. Onlar üçün də sığorta mexanizmi yaradılsa, bu da əmanətlərin məbləğinin artırılmasına dəstək olar”.
Bəzi banklar var ki…
İqtisadçı Fuad İbrahimov dedi ki, xarici valyutada faizlərin artırılması da insanları stimullaşdırır: “Əmanətlərin həcminin artmasındakı ilk göstərici depozit faizlərinin artmasıdır. Bu, böyük rol oynayır. Bununla yanaşı, vəsaitlərin sığortalanmış hissəsinin kifayət qədər yüksək olması da təsir göstərir. Bəzi banklar var ki, xarici valyutada depozit faizlərini artırılmış şəkildə təklif edirlər. Bu da vətəndaşlar tərəfindən müsbət qəbul olunur”.
Bu vergi ləğv edilsin
F.İbrahimov qeyd etdi ki, əmanətlərin daha da artması üçün sabitliyi qorumaq lazımdır: “Depozitlərə tətbiq edilən gəlir vergisi yumşalıb. Amma yaxşı olardı ki, bu vergi ümumiyyətlə ləğv edilsin. Çünki pul kütləsinin rəsmi dövriyyəyə cəlb olunması istiqamətində maneə törədən əmsaldır. Vergi aradan qaldırılsa, bu, prosesi daha da stimullaşdıracaq”. (“Kaspi” qəzeti)