Yaşasaydı 20 yaşını qeyd edəcəkdilər

0
5474

Tanınmış ictimai xadim (o, İNK-nın sədri, DAMM-nin 1-ci vitse-prezidenti, SİMİB-in rəhbəridir) Rasim Məmmədovun qızı Sunayın qəfil ölümü 7 ildən çoxdur doğmalarının, əzizlərinin qəlbini sızladır.

Bu xəbəri bu günə qədər eşidib qəlbi sızlamayan, gözünün yaşı axmayan tək-tük insan olar…
Sinəsində əsil qəlb daşıyan hər bir kəs dünyasını dəyişən cavanlar barədə xəbər alarkən kövrəlir, övladı olan hər bir kəs istəmədən də olsa öz başına gələ biləcəyi bu dərdi xəyalına gətirə bilməsə də, ani düşüncəsi belə ağıllarını başdan alır.
Bəs övladlarını itirən minlərlə ata, ana buna necə dözür?
Bu sualı tanıdığım bir neçə övladını itirən yaxınlarıma vermək istəmişəm. Bacarmamışam…
Sadəcə o düşüncə ilə təsəlli tapmışam ki, Allahım dərd verdiyi insana səbr də verir.
Hər kiçik problemi dərd hesab edən insanlar, sizə səslənmək istəyirəm: Allah hər birimizə eyni həyat verib, eyni imtahandan keçirir.
Amma bir çoxları əsl dərdi görəndən sonra da naşükürlükdən, paxıllıqdan əl çəkmirlər.
Övladını itirməmək üçün duz-çörəklə yaşamağı seçə bilmək arzusu hər zaman gecikir.
Allahın imtahanından qorxun. Qorxun ki, sabah özünüzü qınamayasınız… Allahı da…
Əbədi dünyada sevdiklərinizlə birgə olmaq üçün özünüzü də, onları da günahlardan qorumalısınız.
Günahı olmayan insan yoxdur bu dünyada. Yaxşıllıq və pislik çəkisində də pislik həmişə daha ağır olur. Həm də günahların cəzasını insan həm bu dünyada, həm də o dünyada çəkir.
Ona görə də əvəzini gözləmədən daha çox yaxşıllıq etməli, daha az günah işlətməyə çalışmalıyıq.
Sunayın isə Allahın cənnətə apardığı ruhunun mələk simasında daima sevdiklərinin yanında olduğuna əminəm. Çünki, o yaşda insanın əvəz ödəyəcək  qədər günahı olmur.
Rasim müəllim isə bu dünyadakı canlı mələk adını çoxdan qazanmışdır.İnsanlığın gözəl adlarının hər birinə yiyələnmiş bir insanın dərdi tək övlad həsrəti deyil. Bütün dərdlilərin yanğısı ilə yaşayan, nadir qəlbə malik Rasim Məmmədovu ona yaxın, uzaq olan hər bir Allah bəndəsinin köməyinə çatmağa məcbur edən onun bütün insanların dərdinə şərik ola biləcək hamının ehtiyacını ödəmək istəyi ilə dolu geniş ürəyidir.

Sənubər.