Yaponiya KİV-ləri yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarına çıxarılmasını geniş işıqlandırıb

0
417

Yaponiya kütləvi informasiya vasitələri Mie prefekturası ilə “HIS Co. Ltd” şirkəti arasında yapon ərzaq məhsullarının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılması məqsədilə strateji əməkdaşlıq müqaviləsinin imzalanması barədə məlumatlara geniş yer verib.
Yaponiyanın nüfuzlu “Jiji Press” agentliyi, “Sankei shimbun” və “Nikkei shimbun” kimi qəzetləri oktyabrın 31-də Azərbaycanın “Herba Flora”, “Şirin” qənnadı fabriki və Bakı Limanı şirkətlərinin iştirakı ilə imzalanan müqavilənin əhəmiyyətinə xüsusi diqqət yetiriblər.
“Jiji Press” agentliyinin yaydığı məqalədə bildirilir ki, müqavilənin məqsədi Mie prefekturasında istehsal edilən ərzaq məhsullarının Azərbaycanın kommersiya və logistik imkanlarından istifadə edərək beynəlxalq bazarlara çıxarılmasıdır. Layihə prefekturanın iqtisadi həyatının canlandırılması üçün mühüm əhəmiyyətə malikdir.
Qeyd edilir ki, layihənin reallaşmasında Yaponiya Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq Nazirliyi, “HIS Co, Ltd” şirkəti və Yaponiya Xarici Ticarət Təşkilatı (JETRO) yaxından iştirak edəcəklər. Həmin məhsulların dünya bazarlarına çıxarılması üçün əsas mərkəz kimi Azərbaycanın seçilməsi isə ilk növbədə, ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat-logistika və kommersiya strukturlarına malik olmasıdır. Məqalədə xüsusi vurğulanır ki, Azərbaycanın tranzit mərkəz kimi formalaşması məqsədilə ölkə rəhbərliyinin həyata keçirdiyi infrastruktur layihələri həm şimal-cənub, həm şərq-qərb, həm də şimal-qərb istiqamətlərində əmtəələrin daşınması üçün çox əlverişli imkan yaradıb. Azərbaycanda müvafiq strukturlarını yaradan “HIS Co.Ltd” şirkəti bu imkanlardan faydalanaraq öz keyfiyyəti ilə seçilən yapon ərzaq məhsullarını Azərbaycan vasitəsilə həm MDB, həm Avropa, həm də Yaxın Şərq bazarlarına çıxarmağı planlaşdırır. Layihə çərçivəsində ilkin olaraq Mie prefekturasında yetişdirilən “Maça” və digər yaşıl çay növlərinin Azərbaycana ixracı nəzərdə tutulur. Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycanın “Herba Flora” şirkəti həmin məhsulları qablaşdıraraq yaşıl çay paketləri, “Şirin” qənnadı fabriki isə müxtəlif şirniyyatlar şəklində “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına ixracını təmin edəcək. Layihənin ümumi dəyəri ilk il üçün 72 min dollar müəyyən edilib. İkinci il bu rəqəm iki dəfə, beş ildən sonra isə 10 dəfə artırılacaq. Bu, yapon ərzaq məhsullarının dünya bazarlarına ixracını artırmaqla yanaşı, həm də Yaponiya və Azərbaycan şirkətləri üçün faydalı olacaq.
“Sankei shimbun” qəzetinin bu barədə yaydığı “Ticarət biznesinə başlayan “HIS Co. Ltd” şirkəti Mie prefekturasının məhsullarını Azərbaycana ixrac edəcək” adlı məqalədə də müqavilənin böyük əhəmiyyət daşıdığı vurğulanıb. “HIS Co. Ltd” şirkətinin prezidenti Hideo Savadanın sözlərini sitat gətirən qəzet yazıb: “Avropa ilə Asiya arasında mühüm nöqtədə yerləşən Azərbaycan həm Avropa, həm Yaxın Şərq, həm də Mərkəzi Asiya ölkələri ilə sıx nəqliyyat əlaqələrinə malikdir və bu, yapon ərzaq məhsullarının həmin bazarlara çıxarılmasına böyük təsir göstərə bilər. Biz gələcəkdə yalnız “Maça” və digər yaşıl çay növlərini deyil, həmçinin müxtəlif növ meyvələri də bu yolla dünya bazarlarına çıxarmağı planlaşdırırıq. Bu layihə yapon ərzaq məhsullarını daha da məşhurlaşdıracaq”.