Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır.Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.Qeyd olunub ki, Ermənistan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 2 nəfər jurnalist olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın və 357 nəfəri uşaqdır.Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə mina, habelə cari il oktyabrın 3-də Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulduğunun göstəricisidir.2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını göstərir.
Bildirilib ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşdiyi mövqelər arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub.
Bununla yanaşı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra, əvvəlcə, ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25 faiz təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55 faizi Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısının alınması üçün Ermənistana təzyiq edilməlidir.
Azərbaycan tərəfi dəfələrlə bu təhdidlərin aradan qaldırılması istiqamətində səylərin səfərbər edilməsi və ölkəmizin həyata keçirdiyi humanitar minatəmizləmə işlərinə genişmiqyaslı yardım göstərilməsi barədə müraciət edib. Bu xüsusda, cari il avqustun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri tərəfindən BMT-nin Baş katibi Antonio Quterreşə müvafiq məktub ünvanlanıb və məktub BMT-nin bütün üzvləri arasında yayılıb.
Azərbaycan tərəfi, həmçinin cari ilin sentyabr ayında Ermənistan tərəfindən ərazilərin minalanmasının davam etməsinin Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabrın 7-də qəbul etdiyi müvəqqəti qərarları açıq-aşkar pozması barədə məhkəməyə rəsmi məlumat verib, aidiyyəti sübutları təqdim edib.
Ermənistanın üçtərəfli Bəyanat və beynəlxalq hüququn normaları çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini nəhayət Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, mina təmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinə töhfə verəcəkdir.