Xidmət rəisi: “İstirahət mərkəzləri meşələri çirkləndirir”

0
452

“Təəssüf ki, istirahət mərkəzi adı altında fəaliyyət göstərən obyektlər var ki, çirkab suları meşə ərazisinə axıdılır, bərk tullantılar meşədə basdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, bu cür məsələlərlə bağlı daim vətəndaşlar nazirliyə şikayət edir:

“Təbii ki, bu məsələdə vətəndaşlar haqlıdır. Bildirim ki, meşə fonduna daxil olan ərazilərdə istirahət  mərkəzlərinin fəaliyyəti üçün müqavilələr bağlanıb. Bu müqavilələr müddətlidir. Burada əsaslı tikintiyə icazə verilmir. Müqavilənin müddəti bitdikdən sonra həmin ərazi boşaldılmalı və ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır”.

“Bizim elə öhdəliyimiz yoxdur ki, istirahət mərkəzlərinin daimi fəaliyyəti üçün daimi müqavilə bağlayaq”, – deyə N.Xıdırov əlavə edib.