Xankəndidə döyüşlər zamanı yaralanan kəşfiyyatçımızın vəziyyəti ağırdır. Çətin əməliyyat keçirən 23 yaşlı qazimiz hazırda koma vəziyyətindədir.
Başından güllə yarası alan qazimiz Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova oğlunun 50 günə yaxındır yaşamaq uğrunda mübarizə apardığını deyir.
Ananın sözlərinə görə, oğlu Vətən müharibəsinin ilk günündən Ağdam, sonradan isə Füzuli istiqamətlərində döyüşlərdə iştirak edib. Son olaraq isə Xankəndi yaxınlığındakı döyüşlərdə başından güllə yarası alıb.
“Oğlum 50 gündən çoxdur Respublika Neyrocərrahiyyə Xəstəxanasındadır. Oğluma bir leytenant kömək edib. Vəziyyəti ağır olduğu üçün həkimlər xilas edə biləcəkləri başqa yaralını aparmaq istəyiblər. Amma leytenantın təkidi ilə oğlum da xəstəxanaya çatdırılıb. Xəstəxanada əlimi buraxmaq istəmirdi. Başına sol gicgah nahiyəsindən güllə girib və sol beyninin bir hissəsini dağıdıb. Hətta güllə beyin kökünün 7 millimetr yaxınlığında olub. Oğlumun beynindən gülləni çıxarmaq üçün 8 saat əməliyyat aparıldı”.
Qazimizin anası yeganə övladı olan Səbuhinin xilas olması üçün dua edir:
“İndi oğluma yaxşı baxırlar. Amma vəziyyətinin yaxşı olmaması məni narahat edir. Mənim ondan, onun da məndən başqa heç kimimiz yoxdur. Əlil arabasında olsa belə, oğlumun yanımda olmasını istəyirəm. Oğlum üçün dua edin. O mənim bu dünyada tək varlığımdır”.