Xalqa xidmət üçün maliyyə yardımını önəmli hesab edənlərin nəzərinə VİDEO

0
491
 
“680- dən çox təşkilatı özündə birləşdirən bir qrumun tədbirində cəmi 130-a yaxın iştirak edən oldu.”
Bu sözləri İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 1 vitse- prezidenti, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri ictimai xadim Rasim Məmmədov dünən keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İslahatlara dəstək və ictimai nəzarət mexanizmləri” mövzusunda onlayn konfransına münasibətini bildirərkən söyləmişdir.
R.Məmmədov eyni zamanda bildirmişdir:
“3 saata yaxın davam edən konfransda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının sədri, millət vəkili Azay Quliyevin təkidlə reqlamentə riayət olunmasını vurğulamasına baxmayaraq Sakit Bağırov, Əliməmməd Nuriyev, Aydın Kərimov və digərləri tərəfindən vaxt bölgüsü 30 dəqiqədən artıq pozuldu.
Bu isə 10-a yaxın QHT rəhbərinin çıxışına mane oldu. Konfransda son 15 ildə respublikanın 4 minə yaxın Qeyri- Hökümət Təşkilatının qeydiyyatdan keçdiyi bir Dövlət Dəstəyi Şurasının mövqeyinə ciddi zərər vuran, eyni zamanda konfrans iştirakçılarının sayının suni surətdə artırılmasına xidmət edən və iştirakçıların bir çoxunun danışmasına əngəl törədən məqamlar oldu.
Bu da İNK tərəfindən həm vətəndaş cəmiyyəti, həm forum olaraq rüşvətxor məmurların əməllərinə susmağın növbəti aktı kimi qiymətləndirilir.
Belə bir əhəmiyyətli konfransda yenə də yerlibazlıq, qohumbazlıq prinsiplərinə əsaslanması və ictimai nəzarətçilərlə yanaşı bir çox QHT rəhbərlərinin kənarda müşahidəçi kimi qalması bizi narahat etməyə bilməz. Çünki bu ölkəmizin bir çox fəaliyyət sahələrindəki xoşagəlməz, acınacaqlı durumlara göz yummaq deməkdir.
Ona görə də ölkə prezidentinin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışına ilk səs verən, 5 ilə yaxın fəaliyyəti müddətində rüşvətxor məmurların ifşa olunmasına xidmət edən İctimai Nəzarət Koalisiyasının bir çox ölkə əhəmiyyətli tədbirlərini, həyata keçirdiyi xeyirxah, mədəni, ictimai-sosial aksiyaları bəzi “gözdən və şüurdan zəif” insanlara xatırlatmaq istəyirəm.
Heç bir dövlət qurumu tərəfindən maliyyə yardımı almayan, üzvlərinin ianələri, yardımı ilə Azərbaycan Nəşriyyatının 8-ci mərtəbəsində ümümxalq ictimai – mədəni tədbirlərin həyata keçirilməsinə imkan verən layiqli qərargah yaradan, sıralarında millət vəkilləri, xalq şair və yazıçıları, əməkdar incəsənət, mədəniyyət, ədəbiyyat xadimlərinin, önəmli iş adamlarının, hüquq-mühafizə orqanlarının məsul nümayəndələrinin birləşdiyi İctimai Nəzarət Koalisiyası həm respublikamızda, həm də ölkədən kənarda yaradılmış 28-dən çox nümayəndəlikləri ilə dövlətmizin və xalqımızın sivil ictimai yardımçısı vəzifəsini həyata keçirir.
Türkiyədə, Gürcüstanda, bir sıra MDB ölkələrində keçirilən onlarla mədəni, kütləvi tədbirlər sırasında Kayseri, Kahraman Maraş şəhərlərində “Xocalı soyqırımı” , ” Ana fəryadı” abidələrinin və parklarının açılması, Rusiyanın paytaxtı Moskva şəhərində xalq yazıçısı, DAMM-ın prezidenti Çingiz Abdullayevin iştirakı ilə dünya çempionatı ərəfəsində bir çox ölkə intellektualları ilə geniş Forumun keçirilməsi əhəmiyyətli yer tutur.
Rəhbərliyin və üzvlərin şəxsi vəsaiti hesabına həyata keçirilən tədbirlərlə yanaşı, vətəndaş hüquqlarının pozulmasına qarşı sosial şəbəkələrdə, televiziya kanallarında çıxışlar debatlarda iştirak və bir sıra bəyanatlar bu təşkilatın gördüyü əhəmiyyətli işlərin hamısı deyil.
Koronovirusla Mübarizəyə Dövlət Dəstəyi Fonduna köçürülən 2020 manatlıq yardım vəsaitinin toplanılmasında təşkilatın şəhid ailələrinin belə iştirakı, Bakı şəhərində və ölkənin rayonlarında 2000-ə yaxın aztəminatlı ailələrin hər birinə 40 azn-dən az olmayaraq sövqatların paylanmasının İNK-nin bütün üzvlərinin şəxsi vəsaiti hesabına həyata keçirilməsi sıralarımızda vicdanlı vətəndaşların toplanmasının sübutudur.
Söylədiklərimizi görməyənlərin mövqeyni rüşvətxor məmurlar tərəfindən törədilən cinayətlərdən az fərqləndirmək olar.
Ölkədə cinayətkar məmurların silsilə həbsləri, yeni prokurorluq təyinatları, prezident tərəfindən bir sıra qətiyyətli mesajlardan sonra da icra başçılarının monopoliyasında olan ictimai qurumların mövcudluğunun və bu konfransın yeni düzənində də köhnə idealogiya və təfəkkürə xidmət edən simaların ön cərgədə olmasının əksəriyyətimizin narazılığına və qəzəbinə səbəb olması təəccüblü deyil.
Bu konfransda dövlətə dəstəkdən çox dövlətdən qrand olmaq məqsədilə maliyyə resurslarının axtarılması probleminin önə çıxarılması da bizim tərəfimizdən arzuolunmaz bir hal kimi qiymətləndirilir.
Hələ 2016- cı ildə Milli Məclisdə Dövlət Quruculuğu və Hüquq Siyasəti Komitəsinin ictimai nəzarət qanunlarının fəaliyyət istiqamətlərinin müzakirələrindəki çıxışım zamanı söylədiyim fikirlərin bu günə qədər öz aktuallığını qoruyub saxlaması da sevindirici hal deyil. Hələ də məmurların dövlət büdcəsini talan etməsi, xalqın heç bir vəsaiti qalmayan bir çox nümayəndələrinin kreditlərindən sui-istifadə edilməsi və yüzlərlə digər qanunsuzluq halları gündəmdədir.
Və bu günə qədər bu problemlərin həllində dövlətə dəstək xidmətini həyata keçirən İctimai Nəzarət Koolisiyasının maliyyə axtarışlarında olan önəmli konfrans iştirakçılarının etinasızlığını qəsdən göz yumma halı kimi qiymətləndirməyə haqqı var. Bu eyni zamanda İNK-nin üzvü olan dünya şöhrətli, nüfuzlu xalq nümayəndələrinə qarşı da hörmətsizlikdir.
Halbuki Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaralın, Türkiyə- Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın,Dünya Kosmik Tədqiqatlar Bürosunun akademiki Ronald Sadqeyevin təşkilatımızın tədbirlərində iştirakları və çıxışları, eləcə də Azərbaycan tarixində ilk dəfə İNK- da seçki forumlarının keçirilməsi, Milli Məclisə seçkilərdə İNK-nın 500-ə yaxın nümayəndəsinin müşahidəçi qismində iştirakı, karantin dövründə veb-konfransların təşkili də İNK- nın ölkənin bir çox ictimai qurumlarını kölgədə qoymasının sübutudur.
İNK-nin dünyanın tanınmış simalarından bir çoxu ilə əməkdaşlığı ölkəmizin əməkdar incəsənət, ictimai- mədəni xadimləri ilə təltifat mərasimlərinin, bir çox əhəmiyyətli tədbirlərin, eyni zamanda yaradıcılıq və maarifləndirmə siyasətinə saysız dəstəyinin ictimaiyyət nümayəndələrinin geniş marağına, hörmətinə və diqqətinə səbəb olması bu fəaliyyətə real qiymət verməli olan bir sıra müvafiq təşkilatların, eləcə də QHT-nin Dövlət Dəstəyi Şurasının da nəzərinə çatacağına inanmaq istəyirəm.