Xalq öz yolunda, siyasi oyuncaq öz cığırında

0
737

“Xalq bizdən mitinq istəyir, biz də qərar verdik”. AXCP sədri və bloqer Əli Kərimli sentyabrın 28-nə mitinq təyin edib. Daha doğrusu, mitinq barədə qərarın AXCP və “Demokratik Qüvvələrin Milli Şurası” adlı marionet dərnəyin “beyin məhsulu” olduğu iddia olunur.

AXCP-nin sıravi üzvlərinin fikirlərinin və mövqelərinin çoxdan nəzərə alınmadığı, bu partiyanın volüntaristcəsinə, Əli Kərimlinin əmrləri əsasında idarə olunduğu bəllidir. Daha doğrusu, Ə.Kərimlinin partiyaya siyasi ambisiyalarının gerçəkləşdirmək və yalnız öz məqsədlərinə çatmaq üçün az qala siyasi dükan qisminlə bağxdığı məlum.

Sıravi cəbhəçilər AXCP rəhbərliyinə sadəcə, kütləvi fon üçün gərəkdir.

Bu da digər Polişinel sirridir.

Onillərlə siyasətdə olmasına rəğmən, demaqogiya və bisavad taktikadan savayı, heç nə əxz etməyən Cəmil Həsənliyə gəldikdə isə, o, Əli Kərimlinin yavəri funksiyalarını yerinə yetirir. Tarix elmləri doktoru, professor olmasına rəğmən, tarixin faktoloji əsaslardan savayı nəzəriyyələrə əsaslanmadığını da psevdorəhbərlik etdiyi qurum barədə demir. Deməyə cürət etmir.

Çünki “mitinq qərarı”nın müəlliflərindən olduğu iddia olunan Cəmil Həsənlinin sədr olduğu dərnəyin adında mövqeyi bəlirlənib: “Demokratik Qüvvələrin Milli Şurası”. Yəni məntiq bu ki, gərçi hansısa siyasi struktur, təşkilat, qrup, hərəkat və partiya “Milli Şura”da təmsil olunmayıbsa, deməli, o nə demokratikdir, nə də milli.

Belə absurd yanaşma, primitiv düşüncə ilə qurulmuş və indi koma vəziyyətində olan təşkilatın sentyabrın 28-dəki mitinqlə bağlı ümidləri də maraqlıdır.

Çünki ssenari müəllifi Əli Kərimli olmasa da, burada emosiyalarını tarıma çəkib isteriyaya qapılan məhz odur.

AXCP və “Milli Şura”nın mitinq günü qismində sentyabrın 28-ni seçməsi əsla təsadüf deyil.

Ölkə prezidentinin əməkhaqları, müavinətlər, təqaüdlər və sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı fərman sentyabrın 1-də qüvvəyə minib. Yəni oktyabrın 1-dən etibarən vətəndaşlarımız daha yüksək maaş, təqaüd və s. alacaqlar.

Ə.Kərimli də mitinqi məhz sentyabrın 28-nə təyin etməklə aralıq mərhələ amilindən yararlanmaq, meydanda “Maaşlar niyə artmadı?” sualını şüar qismində səsləndirərək bayağı siyasi demaqogiyaya varmaq və onillərlə dəyişməyən ritorikasından bəhrələnmək niyyətindədir.

Və ən nəhayət, “Məhsul” stadionunda hazırda təhsil-rekonstruksiya işlərinin aparılması, son illərdə siyasi arenaya çevrilmiş idman arenasının normal vəziyyətə gətirilməsinə yönəlmiş işlərə başlanması Əli Kərimli üçün fürsət olub.

İsteriya üçün səbəb var: “baxın, hakimiyyət stadionu qapatdı, mitinq keçirməyimizi istəmir” sözlərini xüsusi ahənglə deyən Əli Kərimli çox primitiv üsula əl atıb.

O, hamını inandırmağa çalışır ki, “Məhsul” stadionu sən demə, məhz Əli Kərimliyə mane olmaq üçün təmir olunur və Bakıda da 3-5 min adamın yığışa biləcəyi başqa yer yox.

Facebook səhifəsində o, digər məqama da diqqət çəkib.

“O möhtəşəm mitinqdən 3 il keçdi. 2016-cı ilin 11 sentyabr mitinqi yeni bir dövr başlatdı” yazan Ə.Kərimli iddia edir ki, razılaşdırılmış, yəni sanksiyalaşdırılmış mitinqlər zamanı tutulanlar və saxlanılarlar olmasa da, həmin mitinqlər “hakimiyyətin davranışını dəyişdi”.

Beləliklə, o, eyni zamanda iki məqama üstüörtülü işarə vurur, üç il əvvəl, sentyabrın 11-dəki mitinqdə saxlananların “günahsız tutulması”nı vurğulamaqla yanaşı, bu ilin sentyabrın 11-də keçirilmiş iqtidar-müxalifət dialoqunu da işarələyir.

Xatırladım ki, “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilə cəhdlərinə qarşı” mövzusunda keçirilən dəyirmi masaya AXCP sədri Əli Kərimli qatılmamışdı. Dəvəti eşitməmək və almamaq üçün əlindən gələni edən bu bloqerin etirafı maraqlıdır: “Əvvəla, xarici təhlükə söhbəti boş söhbətdir. Xalqı aldatmaq istəyirlər. Rejimi narahat edən xalqın artan narazılığı, mitinq tələblərinin yenidən səsləndirilməsidir. İkincisi, tədbirin təşkilatçıları bir məsələdə düzgün qərar verə bilib, AXCP-ni tədbirə dəvət etməyiblər. Təbii ki, belə absurd müvzuda və tərkibdə keçirilən tədbirdə mən iştirak etməzdim. Onlar öz yolunda, biz öz yolumuzda. Ən mühüm qərarları xalqımız verəcək”.

Oxudunuğunuz etiraf artıq siyasi diaqnoz, bəlkə də epikrizdir. Azərbaycanın daxili siyasətinə xarici müdaxilə cəhdlərinin mövcudluğu və sürəkli artdığını həmin dəyirmi masaya qatılmış ən radikal, ən qatı müxalifətçilər də xüsusilə vurğuladılar. Pənah Hüseyn, Əli Əliyev, Sərdar Cəlaloğlu və başqaları xarici ölkələrə sığınaraq “söyüş müxalifəti” adlanan iyrənc, mənəviyyatsız təmayülü formalaşdıranların məhz ölkəmizə müdaxilə etməyə çalışan təşkilatların, qüvvələrin və güclərin marionetləri, buyruq kölələri olduğunu dedilər.

Hakimiyyəti 26 ildən bəri “rejim” adlandırmaqla öz aləmində, çərçivəli şüurunda güya “qətiyyətli və dönməz müxalifətçi” olduğunu yəqinləşdirən, ətrafındakı trollara da bunu təlqin etməyə çalışan Əli Kərimli hələ də dərk etmir ki, Azərbayan dövlətini idarə edən siyasi güc məhz xalqın siyasi və sosial sifarişlərinin reallaşdırıcısı, xalqın hakimiyyətidir.

Belə hakimiyyət 26 ildən bəri dövləti məhv etməyə çalışan qüvvələrə uğurla sinə gərib onların layiqli cavabını verirsə, bloqer Əli Kərimlinin mitinq hədələrindən çəkinməsi sadəcə, mümkün deyil. Heç ehtimal mövzusu da sayılmaz.

Dəyimi masaya qatılanları “hakimiyyət əlaltıları” adlandıran, “onlar öz yolunda, biz öz yolumuzda” yazan və deyən Əli Kərimli analitiuk təfəkkür qabiliyyətindən məhrum olduğunu bir daha ortaya qoydu.

Gerçəkdən də, bu adamla və ətrafındakı trol dəstəsi ilə yollarımız bir deyil.

Azərbaycanın xalqı tərəqqi, inkişaf, problemlərin həlli yolunda, dövlət və millət yolunda, bu yığnaq isə öz yolunda.

Ən mühüm qərarları xalqımız verib və verəcək.

O qərarların isə Əli Kərimlinin siyasi dalanda bundan sonra illər boyu qalmasını şərtləndirəcək olması şübhə doğurmur.

Elçin Alıoğlu