Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Mehralıyeva Firuzənin məhkəməyə göndərdiyi teleqram elan olunub.
O, uşaq vaxtı Meşəliyə köçdüyünü bildirib:
“Ermənilər evimizi gülləborana tutmuşdular. Hamımız döşəməyə uzanmışdıq. Bu zaman yoldaşım ayağından yaralandı. Daha sonra evin qapısını açıb, üzümə gülləni tutudular. Daha sonra təpiklə qarnıma, belimə vurdular. Mən qışqırmağa başladım.
Sonra bizi Milli Qəhrəman Tofiq Hüseynovun dəstəsi xilas etdi. Həmin günü dayım oğlunu öldürdülər. Bizim evə hücum edənlərdən birinin qulağında sırğa var idi. Digərlərinin başında isə dəmirdən papaq, ağızlarında maska var idi. Novruzun evinə hücum edənləri tanıyırdım. Onlar qonşu Badara kəndinin sakinləri idilər. Bu yaxınlarda ağrılarıma görə həkimə getmişəm. Təpiklə böyrəyimə vurulduğuna görə həkim böyrəyimin yararsız olduğunu bildirib”.
Qeyd edək ki, bu ifadə 7 noyabr 2005-ci ildə alınıb.