“WhatsApp”la bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!

0
217

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta “Whatsapp” tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.

Bu barədə qurum məlumat yayıb.

“Belə ki, saxta “Pink Whatsapp”, “Whatsapp+” kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən istifadə edilməsi ilə “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.

Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq saxta “Whatsapp” tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kaspersky Laboratoriya”sının 2023-cü ilin oktyabr ayı üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta “Whatsapp” tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir”, – deyə açıqlamada qeyd olunub.