“WhatsApp” istifadəçilər üçün dələduzluq cəhdlərindən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası hazırlayır.
Yeni sistem sayəsində istifadəçilər telefon kitabçasında qeydə alınmayan nömrə ilə söhbətə başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi ilə qarşılaşacaqlar.
Xəbərdarlıq ekranında nömrənin hansı ölkəyə aid olduğu, kontakt siyahısında olub-olmaması və ortaq qrupların mövcudluğu kimi məlumatlar göstəriləcək. İstifadəçi bu məlumatlara əsasən söhbəti davam etdirmək və ya ləğv etmək qərarı verə biləcək. Bu seçim qarşı tərəfə bildirilməyəcək.
Hazırda həm Android, həm də “iPhone” cihazlarında sınaqdan keçirilən funksiya riskli əlaqələri hələ yazışma başlamazdan əvvəl müəyyən etməyi və xüsusilə xarici ölkələrdən gələn şübhəli mesajlarla bağlı dələduzluq hallarının qarşısını almağı hədəfləyir.




