Tarix təkrarlandı, gənc ifaçı Altun Süleymanov Üzeyir Hacıbəylinin şəxsi pianosunda ifa etdi
Bu il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Yubiley ərəfəsində baş tutan xüsusi və yadda qalan anlardan biri may ayının əvvəlində Üzeyir Hacıbəylinin Bakıdakı ev muzeyində yaşandı.
Gənc vokal ifaçısı, Gəncəli Altun Süleymanov, Xalq artisti, bəstəkar və muzeyin direktoru Sərdar Fərəcovun müşayiəti ilə, dahi bəstəkarın şəxsi pianinosunda ekspromt ifa etdi. Bu piano bir vaxtlar əfsanəvi opera müğənnisi Lütfiyar İmanovun səsi ilə səslənmişdi.
Sərdar Fərəcov həmin anı xüsusi olaraq belə qeyd etdi:
“Bu pianoda Lütfiyar İmanovdan sonra illərlə heç kim ifa etməyib. Bu gün isə sən – Altun – bu səsi yenidən oyatdın. Tarix təkrarlandı.”
Altun Süleymanov həmin musiqi alətində Üzeyir bəyin “Sevgili canan” romansını və bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa edib. Bu emosional və simvolik çıxış musiqi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.
Qeyd edək ki, Sərdar Fərəcov tərəfindən xüsusi qorunan bu piano, həm Azərbaycan musiqi tarixinin, həm də mədəni irsimizin canlı yaddaşı kimi qiymətləndirilir.
Bu hadisə bir daha göstərdi ki, gənc nəsil milli musiqimizin dəyərlərini yaşatmaq və gələcək nəsillərə ötürmək istiqamətində fəal rol oynayır.

