Ukrayna müharibəsində sirlər açılır – ABŞ və Rusiyanın planı nə idi?

0
10

Ukrayna müharibəsinin üçüncü ilində ABŞ və Rusiyanın anlaşmaq istəyi üç il öncə bu savaşın niyə başlandığına yenidən diqqət çəkir. Nələr dəyişdi, həqiqətənmi, hər şey qeyri-ənənəvi Trampın Ağ Evə gəlişi ilə bağlıdır, yoxsa müharibə məhz mövcud şərtlərin hazırlanması və geosiyasi müstəvidə mövqelərin bölüşdürülməsi üçün lazım idi?!

Müharibənin Rusiyanın istədiyi kimi getmədiyi, Ukrayna xalqının dirənişinin nəinki Moskvada, Qərbin özündə də düzgün hesablanmadığı həqiqətdir. Lakin baş verənlərdə ənənəvi “Rusiya niyə hücuma keçdi” sualı yox, “Rusiya bütün üstünlüyünə rəğmən niyə hücuma keçdi” sualı açar nöqtələrin ən vaciblərindəndir fikrimcə.

Müharibədən öncə Rusiyanın ABŞ/NATO-ya təqdim etdiyi təhlükəsizlik təminatlarına dair sazişin qəbul edilməsi mümkünsüz idi. Vaşinqton bundan imtina etsə də, Paris və Berlin Moskvanın istədiyini verməyə hazır idilər, hətta Makron və Şolts Putinin ayağına qədər gəldi, çünki başlaya biləcək müharibənin əsas hədəflərindən birinin Avropa olduğunu bilirdilər.

– Ukraynanın NATO-ya girişinə icazə vermirlər;
– Donbasda separatçıları yüksək statusla təmin edirlər;
– Rusiyanın iştirakı ilə Avropanın yeni təhlükəsizlik arxitekturasını qururlar;


Bu, Rusiyanın tələblərinin qəbul edilməsi demək idi və Moskva razılaşsaydı:

– təhlükəsizlik təminatını tam olmasa belə, müəyyən mənada Avropadan alır,
– genişlənməsini təhlükə kimi gördüyü NATO-nu daxildən parçalayır,
– enerji resurslarını ixrac etdiyi Avropa bazarını itirmirdi.


Putinin ABŞ/NATO qarşısında əli zəif deyildi, lakin üstünlüyündən imtina edərək, Ukraynaya hücum etdi. Bu müharibədə Rusiyanın iki əsas hədəfi vardı:

Birincisi, SSRİ-nin dağılmasından sonra üzləşdiyi beynəlxalq şərtlərin bir gün xeyrinə dəyişəcəyi gözləntisi;
İkincisi, qlobal güc kimi qəbul olunması, təsir zonalarının tanınması;


2020-ci ildən etibarən dünyanın dəyişməyə başlayan siyasi səhnəsində baş verənlər Rusiyanın “qlobal güc” kimi qəbul edilməsk perspektivini sual altına saldı. Qərbdə Avropa güc mərkəzi olmaq yolunda irəliləyir, Şərqdə Çin yüksələn gücə çevrilirdi. Çinin dünyanın ikinci əsas qütbü olacağı qaçılmazdır. Pekinin genişlənməsi həm də Rusiya üçün coğrafi baxımdan da təhlükəli idi. “Soyuq müharibə”dən sonra yaranmış mövcud şərtlərin dəyişdiyi vaxt Rusiyanı Çin və Avropa arasında sıxılmış – Pekinin qurduğu nəqliyyat şəbəkəsindəki dəhlizlərdən biri kimi “regional güc” perspektivi gözləyirdi.

Və ən mühüm detal odur ki, Rusiyanı gözləyən təhlükə ABŞ üçün də risklər təşkil edirdi:

1. Avropa üzərində təsiri zəifləyir: NATO-ya qarşı alternativ təhlükəsizlik sisteminin qurulması önə çıxır;
2. Yüksələn Çin ABŞ-ın əsas güc olduğu təkqütblü geosiyasi şərtlərin dəyişməsi, iki və daha çox güc mərkəzinin olacağı reallığını yaradır;


ABŞ-a Avropanın güc mərkəzi olmasına imkan verməmək – qitə üzərində təsirini yenidən gücləndirmək, Çinin önünü kəsmək – əsas güc olduğu sistemi qorumaq, Rusiyaya “qlobal güc” kimi qəbul edilmək – bu perspektivə təhlükə olan Çini dayandırmaq, yaxud ən azı onunla hesablaşmağa məcbur etmək lazım idi. Ukrayna müharibəsinin təməlində məhz bu amillərin – geosiyasi mübarizənin dayandığını deyə bilərik.

Müharibə Rusiyanın hesabladığı kimi baş tutmasa da, hücumun başlandığı ilk vaxtdan günümüzə qədərki dövrə qədər siyasi nəticələr gözlənildiyi kimi oldu:

– Avropa Rusiya təhlükəsinə (Bu, həm də NATO-nun yaranma fəlsəfəsinin yenidən aktuallaşdırılması idi) qarşı ABŞ-ın çətiri altına qayıtdı – köhnə təhlükəsizlik sistemi saxlanıldı, Çinlə əməkdaşlıq xəttini inkişaf etdirərək, “güc mərkəzi”nə çevrilməsinin yolu tıxandı;
– Rusiya Qərbi, Çini və regional oyunçuları onunla hesablaşmağa məcbur etdi;

Burada iki məqam xüsusilə önəmlidir.

Birincisi, müharibəyə görə Çinin Avropa bazarına uzanan və onu Avrasiyada əsas gücə çevirəcək “bir kəmər bir yol” layihəsi problemlərlə üzləşdi, xüsusilə Qara dəniz habının dağılması fonunda: bununla Pekinin ikinci qütb kimi ABŞ-a alternativ güc olması ən azından müəyyən müddətə də olsa çətinləşib;

İkincisi, ABŞ üçün ikinci “qlobal güc”ün potensial təhlükə kimi gördüyü Çindən fərqli olaraq, daha zəif Rusiyanın olması sərfəlidir: Vaşinqton Moskvadan Pekinin genişlənməsi önündə sədd kimi də istifadə etmək niyyətindədir; müharibə boyunca “ABŞ Rusiyanı dağıtmağı planlaşdırır” yanaşmasının doğru olmadığı görünür, çünki dağılmış Rusiya Avropa və Asiyadakı ölkələr üzərində Çinin təsirini genişləndirəcək amildir, bu baxımdan, zəif və idarəolunan Rusiyanın mövcudluğu Vaşinqtona lazımdır;

Bütün bunların fonunda müharibənin daha dərin səbəblərinin olduğu – Ukraynanın geosiyasi mübarizədə meydan – poliqon kimi istifadə edildiyi görünür.

Üç il sonra Trampın Putinlə anlaşması da Ağ Evə qeyri-ənənəvi siyasətçinin gəlişindən daha çox, Ukrayna müharibəsində hədəflərin başa çatması – Avropa və Çinin qarşısının alınması, 2022-ci ildə Baydenin də dediyi “yeni dünya nizamında ABŞ-ın liderliyini qorumaq” planında ilk mərhələnin icra edilməsindən qaynaqlanır. Yeni mərhələdə qarşıdurma coğrafiyaları dəyişəcək. Bu kontekstdə Rusiyanın ABŞ üçün Ukrayna müharibəsindən sonra hansı xidməti göstəcəyi xüsusilə önəmlidir.