Ucuz qiymət, aşağı keyfiyyət: Bir manata canımızı necə təhlükəyə atırıq?

0
181

Açıq havada hazırlanan və satılan qida məhsullarından təəssüf ki, hər birimiz zaman-zaman istifadə edirik. Xüsusilə də küçədə, yol kənarlarında üstüaçıq şəkildə insanlara təqdim olunan bu yeməklərin sanitariya qaydalarına nə qədər uyğun olduğu şübhə doğurur. Bu kimi qidalar arasından insanlar hazırda ən çox dönərə üstünlük verir. Bəzi yerlərdə isə onun hazırlanmasında toyuq və ya mal ətindən yox, at ətindən də istifadə edirlər. 

Maraqlıdır, belə olan halda dönər alarkən nələrə fikir verməliyik?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, peraşki, dönər, bulka, qamburger kimi səyyar çörəkarası hazırlanan yeməklər hazırda risk qrupu altındadır. 

Onun sözlərinə görə, ehtiyac olmadıqda bu kimi qidaların istehlakı məsləhətli deyil:

“Xüsusilə də dönərin hazırlanmasında mənşəyi bilinməyən, ucuz, xəstə heyvan ətlərindən istifadə olunur. Bu ətlər səhərdən axşama qədər açıqda, hər zaman istiyə məruz qalacaq şəkildə alovun yanında saxlanılır. Bu ət sağlam olsa belə bu şəraitdə saxlanılması onun tərkibinin həm mikrobioloji, həm də kimyəvi dəyişikliyə məruz qalmasına səbəb olur. Həmçinin satışı həyata keçirən insanlar sanitar-gigiyena qaydalarına əməl etmir. Beləliklə, həmin dönərlər fiziki çirklənməyə məruz qalır. Belə olan halda həmin qidaları istehlak edən şəxslərə heyvandan xəstəlik yoluxur. Ətlərdəki mikroblar və viruslar orqanizmə daxil olaraq həzm sisteminin pozulmasına və orqanların zədələnməsinə səbəb olur. Bəzən həmin qidaları yedikdə mədədə ağırlıq, şişkinlik, ağrı, ishal və ya qəbzliklə müşahidə olunur. Əgər, bu cür qidaları 25 yaşına qədər insanlar gündəlik olaraq qəbul edirsə, bu zaman təhlükə iki qat artır. Çünki həmin insanlar inkişaf prosesində olduğu üçün bu cür qidalar onların həm əqli, həm də fiziki cəhətdən inkişafına mənfi təsir göstərir”. 

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ayaqüstü yeməklərdə dadlandırıcı kimi bir çox kimyəvi maddələrdən istifadə olunur:

“Həmin qidalardan istifadə edən şəxslər ənənəvi keyfiyyətli qidaların dadından zövq ala bilmirlər. El arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın və sintetik mənşəlilərin adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edərək beşinci yeni – umami dadını yaradır. Bu cür qidalardan istifadə edən insanlar çox tez doyurlar, lakin bu toxluq hissi qısa zamanda yoxa çıxır. Ona görə də həmin insanlar daima özlərini ac hiss edirlər. Dönərin ucuz qiymətə satılması əlçatanlığı təmin etmək üçün olsa da, bu qidalar birbaşa olaraq təhlükəli xəstəliklərin mənbəyidir. Sahibkarlar daha az pul xərcləyərək böyük gəlir əldə etmək istəyirlər və buna görə də keyfiyyətsiz məhsullardan istifadə edirlər. Bütün hallarda istehlakçı bilməlidir ki, mənşəyi bəlli olmayan qidadan istifadə etmək onun həyatı üçün təhlükədir”.