Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq? – DETALLAR

0
84

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrailin Livanın cənubunda quru əməliyyatına başlayacağı ssenariləri gündəmə gəlib.

İsrailin hədəfi şimal sərhədlərində təhlükəsizliyi təmin etmək və evlərini tərk etmiş 60 min israillini geri qaytarmaqdır.

İsrail ordusunun quru əməliyyata başlamamışdan öncə “Hizbullah”ın sərhəddə yerləşdirdiyi xüsusi təyinatlı “Radvan qüvvələri” ilə bağlı kəşfiyyat apardığına dair məlumatlar yayılıb. İsrail mənbələri ordunun quru əmiyyatına hazırlaşdığını bildirir. İsrail dövlət televiziyasında da Livana məhdud miqyaslı quru əmliyyatının hazırlandığı, lakin ABŞ-ın ciddi təzyiqi ilə üzləşdikləri məlumatları yayılıb. Hələki baş nazir Netanyahunun bununla bağlı qərarı yoxdur. Lakin quru əməliyyatının olacağı ehtimalları yüksəkdir.

Bu baş verərsə, ilk olmayacaq. İsrail Livana iki dəfə – 1982 və 2006-cı illərdə hücum edib.

– 1982-ci il müharibəsi: İsrailin hədəfi Fələstinin sərhəd hücumlarını dayandırmaq, Suriyanın Livandakı mövcudluğuna son qoymaq və “bu ölkədə İsraillə sülh müqaviləsi imzalayacaq dost hökumətin formalaşmasına kömək etmək” məqsədi daşıyırdı. Həmin hücumda minlərlə hərbçi, yüzlərlə zirehli texnika istifadə edilib, o cümlədən, havadan və dənizdən bombardman baş verib. Bir neçə istiqamətdə Livana daxil olan İsrail ordusu bir həftə ərzində paytaxt Beyrutu mühasirəyə alıb. Hücum nəticəsində Fələstin azadlıq Təşkilatının (FAT) lideri Yasir Ərəfat və onu dəstəkləyən iki minə yaxın suriyalı hərbçi Livanı tərk etmək məcburiyyətində qalıb.

1982-ci il müharibəsi Beyrutda dini qarşıdurmaya da səbəb oldu. Yüzlərlə fələstinli xristian silahlı qruplaşmaları tərəfindən qətlə yetirildi, İsrail ordusu isə bu qətliamın dayandırılması üçün addım atmadı. Tarixə “Səbra” və “Şətila” qətliamı kimi düşən bu hadisə Livanda vətəndaş müharibəsinin ən ağrıl səhifələrindəndir. Xristian silahlılar (falanqaçılar) qətliamı Livanın xristian prezidenti Bəşir Jmayelin qətlinə cavab olaraq etdiklərini bildirirdilər.

– 2006-cı il müharibəsi: bu, 1982-ci illə müqayisədə məhdud quru əməliyyatı idi. Əməliyyat yalnız şəhərlər və ətraf ərazilərlə məhdudlaşdı.

Yeni əməliyyat necə ola bilər?

İsrailli analitiklər yeni əməliyyatın 2006-cı ilki müharibəyə bənzəyəcəyini proqnozlaşdırır. Politoloq Yoav Stern hesab edir ki, İsrail sürətli və genişmiqyaslı işğal əvəzinə, Livanın cənubundakı kəndləri və kiçik şəhərləri bir-bir ələ keçirəcək.

Bu hücum 2006-cı ildəki hücuma bənzəyəcək, lakin Livanın daha dərinliklərinə – Litani çayına (Nəhr əl-Litani) qədər çatacaq. Bu çay Livanın mühüm ərazilərinə nəzarət etmək istəyən hər iki tərəf üçün həlledici olub”, – o deyib.

Stern proqnozunu “Hizbullah”ın Livanın cənubundakı şəhərlərdə uzunmüddətli mövcudluğu ilə əsaslandırır. Onun fikrincə, bu, İsrailin həmin şəhərləri ələ keçirməsinə və qısa müddətdə geri çəkilmsinə mane olacaq.

Hərbi analitik, general Hişam Caber isə hesab edir ki, İsrail Livanın cənubuna hücum edərsə, orada uzun müddət qalmayacaq: “2006-cı ildə əraziləri əlində saxlamağın nəticələrini gördülər. Hazırkı vəziyyətdə istənilən mümkün işğal tamamilə fərqli olacaq. Fikrimcə, Livandakı quru əməliyyatı sərhədyanı bölgələrdə məhdud miqyasda olacaq və bir gündən çox çəkməyəcək. Əvəzində hava zərbələri, sui-qəsdlər və kiber əməliyyatlar gücləndiriləcək”.

Caber istisna etmir ki, İsrail sərhəddə kiçikhəcmli əməliyyatlarla yanaşı, Livanın digər ərazilərində “komando əməliyyatları” da həyata keçirə bilər.

Stern isə ehtimal edir ki, mümkün quru əməliyyatın əhatə dairəsi Livanın cənubundan daha geniş ərazidə – Livan-İsrail sərhədi ilə Litani çayı arasındakı bölgədə olacaq. O qeyd edir ki, İsrail Litani çayının şimalındakı ərazilərə nüfuz etməyə, daha sonra düşmən xəttinin arxasında quru qoşunları yerləşdirməyə cəhd edə bilər. Burada məqsədlərdən biri də gələcək danışıqlarda üstün mövqe əldə etməkdir.

1982-ci il müharibəsində İsrailin hücumu üç əsas ox üzərə baş vermişdi.

– Livanın şərqindəki Bekaa vadisi;
– Mərkəzindəki “Cəil barmağı” kimi tanınan ərazi – Şuf dağları;
– Cənubdan Beyruta gedən sahil yolu boyunca;

Stern düşünür ki, yeni əməliyyatda bu istiqamətlərlə yanaşı, cənubda yerləşən Səidə şəhərinin şimalında dənizdən piyada qüvvələri və zirehli texnikanın yeridilməsi də daxildir.

“İsrail “Hizbullah” qüvvələrini Litanı çayının şimalına sıxışdırmağa çalışacaq. Bununla israil şəhərlərinin qısa mənzilli raketlərdən atəşə tutulması təhdidini aradan qaldırmağı düşünürlər”, – israilli ekspert vurğulayıb.

HƏMAS lideri Haniyənin öldürülməsindən sonra İsrailin növbəti hədəfinin “Hizbullah” olacağı və Livana hücum edəcəyini daha öncə yazmışdıq (İranla qaçılmaz müharibə ssenarisi – İsrailin növbəti hədəfi nə olacaq?).