Türkiyəli ekspert: “Azərbaycanla Türkiyənin mütəşəkkil birliyi Ermənistanın məkrli planlarına sədd çəkir”

0
489

“Ermənistanın qanunsuz işğal etdiyi Azərbaycan torpaqlarında silahlı erməniləri yerləşdirməsi beynəlxalq hüquqda birbaşa dövlət məsuliyyəti yaradır. Bu addım Beynəlxalq Cinayət Məhkəməsi və Roma Əsasnaməsi kontekstində ciddi qanun pozuntularına yol açır”.

Bu fikirləri Türkiyədə fəaliyyət göstərən Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin eksperti Mustafa Yetim bildirib.

Ermənistanın xüsusilə Livan və Suraiyadan muzdlu erməniləri gətirərək təlimatlandırması məsələsinə toxunan Mustafa Yetim qeyd edib ki, Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edən və hazırda siyasi, iqtisadi və coğrafi baxımdan təcrid halında yaşayan bu ölkənin xüsusilə Türkiyə-Azərbaycan müttəfiqliyinin inkişafından hədsiz dərəcədə narahat olduğu məlumdur: “Türkiyə-Azərbaycan müttəfiqliyi Gürcüstan ilə enerji əlaqələrində də əhəmiyyətli rol oynayır. Təcavüzkarlığı və ekspansionist siyasətinə görə Ermənistan regiondakı ölkələrin birgə əməkdaşlığından kənarda qalır və daha aqressiv mövqe tutur. Bu isə Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığından bölgədə yaranan barışıq cəhdlərinə ciddi xələl gətirir”.

Ekspert bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrin Ermənistanı dəstəkləməsi və son dövrdə xüsusilə Şərqi Aralıq dənizində Türkiyəyə qarşı Fransa, Yunanıstan və Cənubi Kipr kimi ölkələrin birləşərək gərginlik yaratması Ermənistanı daha da cəsarətləndirib.

Ekspertin fikrincə, Ermənistan hər dəfə yeni təxribatları ilə regionda mütəmadi gərginlik yaratmaqla Azərbaycan-Türkiyə ittifaqını sarsıtmaq məqsədi güdür: “Lakin bu gərginliyə Azərbaycanla Türkiyənin daha mütəşəkkil birliyi hazırda Ermənistanın məkrli planlarını həyata keçirməyə imkan vermir”.