Türk dövlətləri BASQALDA TOPLANDI: “Razılaşdırılıb ki, 2024-cü ildə…”

0
740

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifini razılaşdırıb.

Bu barədə Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, qeyd edib ki, dünən Azərbaycanın İsmayıllı rayonunun Basqal qəsəbəsində Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yığıncağı keçirilib. Toplantıda Türk Dövlətləri Təşkilatının təşəbbüsləri nəzərdən keçirilib, qarşıdakı fəaliyyət proqramı açıqlanıb və Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclik Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifi razılaşdırılıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin dünən keçirilən 7-ci iclasının açılışında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.

Nazirlər ortaq türk gənclər və idman gündəliyinə sadiq olduqlarını bəyan edərək, bu istiqamətdə TDT əməkdaşlıq çərçivəsinə uyğun olaraq görülən işlərin əhəmiyyətini vurğulayıblar. Görüşdə bir sıra vacib qərarlar qəbul edilib.