Tiktoker Ləmanın cəzası bəlli oldu

0
14

Səbail Rayon Məhkəməsində “TikTok” fenomeni, 1992-ci il təvəllüdlü Ləman Vəliyevanın barəsində olan xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.

Onun barəsində məhkəməyə keçmiş baldızı Turə Nuriyeva müraciət edib və onu 10 minlərlə izləyici qarşısında təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyib.

Şikayətçi bildirib ki, Ləman onun qardaşının həyat yoldaşıdır: “Onların 2018-ci ildə toyları olub, lakin həmin dövrdə Ləmanın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nikaha daxil olmayıblar. Daha sonra 2018-ci ilin dekabr ayında Ləman Vəliyeva ayrıldığını bildirərək, evdən getdi. O, azad və rahat həyat yaşamaq istədiyini bildirdi. Məşhurlaşmaq və pul qazanmaq üçün məni və ailəmi “TikTok” sosial şəbəkə platformasında nümayiş etdirərək, qızımı, anamı və qardaşımı da heç bir səbəb olmadan ağır təhqirlərə məruz qoyaraq şərəf və ləyaqətimizi alçatdı”.

Turə Nuriyeva bildirib ki, Ləman Vəliyeva tərəfindən uzun illər davam edən təhqirlər və barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində ətrafında heç kim qalmayıb və bu ona ağır iztirablar yaşadıb: “Bunun nəticəsi olaraq tək çıxış yolunu özümə qəsd etməkdə görmüşəm. Beləliklə, 2024-cü ilin sentyabr ayının 16-da hər şeydən ümidimi kəsərək, özümü öldürmək üçün boynuma ip salaraq asdım, amma son anda qızımın səsə gələrək, məni qurtarması ilə yenidən həyata döndüm. Həmin hadisədən sonra iki-üç gün Sabunçu Rayon Mərkəzi Xəstəxanasında reanimasiyada nəzarət altında qaldıqdan sonra qızıma verdiyim sözə görə hüquqi müstəvidə mübarizəmə davam etdim. Hazırda həmin fakt üzrə də Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir”.

Turə Nuriyeva məhkəməyə təqdim etdiyi 13 video ilə Ləman Vəliyevanın onu təhqir etdiyini və həmin təhqirləri 10 minlərlə izləyicinin qarşısında etdiyini sübuta yetirib. O, Ləman Vəliyevanın bu cinayəti törətməsi səbəbilə qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edib.

Məhkəmədə çıxış edən Ləman Vəliyeva özünü qismən təqsirli bilib və ifadəsində bildirib ki, Turə Nuriyeva barəsində sosial şəbəkələrdə qeyri-etik və nalayiq ifadələr işlədib. O, istifadə etdiyi ifadələri danmadığını qeyd edib.

Ləman Vəliyeva himayəsində tək başına böyütdüyü azyaşlı övladına görə barəsində yüngül cəza növünün seçilməsini xahiş edib.

Bu şikayətə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Ləman Vəliyevanın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.