Tarixin ilk türk qadın hökmdarı: Tomris xatun 

0
1260

“Ey Kir, Günəşə and olsun, səni qanla doyuracam”

Tomris xatun tarixə bəlli olan ilk qadın hökmdardır. Miladdan öncə 6-cı yüzillikdə yaşamış bu qadın adıbəlli türk Xaqanı Alp Ər Tunqanın nəvəsi idi. Ərəb və fars qaynaqlarında adı Əfrasiyab kimi keçən Alp Ər Tunqanı bir çox əski türk boyları, eləcə də Göytürk, Uyğur, Qaraxanlı və Səlcuqlu dövlətlərinin başçıları özünün babası hesab edirdi. Balasaqunlu Yusif XI yüzilliyin 70-ci illərində yazdığı “Qutadqu bilik” əsərində qeyd edir: “…Qaşqar üçün “Ordu Kənd” deyirlər. Xanın oturduğu şəhər deməkdir. çünki havası gözəl olduğu üçün Əfrasiyab burada otururdu”.

Miladdan öncə VII yüzillikdə Alp Ər Tunqa bir çox türk boylarını birləşdirib, güclü birlik (bəzi qaynaqlarda Sak-İskit dövləti) qurmuşdu. Bu birlik Qafqaz, Suriya, Anadolu da daxil olmaqla geniş əraziləri öz hakimiyyəti altına almışdı. Mərkəz Kaşğar şəhəri idi. “Qutadqu bilik”də Alp Ər Tunqa haqqında belə yazılır: “Dünya bəyləri arasında ən yaxşıları türk bəyləridir. Türk bəyləri arasında ən ünlüsü Alp Ər Tunqa idi. O, yüksək biliyə və ağıla malik idi. Seçkin və igid adam idi. Bu insan dünyaya hakim olur”.

Tomris Xatun ağır bir dönəmdə öncə peçeneklərə, sonralar həm də sak-massagetlərə başçılıq etdi. Tomris “dəmir” sözündəndir. Əski türklərdə dəmirlə bağlı adlar geniş yayılmışdı. Əmir Teymurun da adı dəmir sözündən götürülmüşdü. Miladdan öncə 5-ci yüzillikdə yaşamış tarixçi Heredot antik yunanlıların Demirus dediyi qəhrəman qadın Tomrisin adını sayğı ilə çəkir.

Miladdan öncə 550-ci ildə Əhəməni İmperiyası Kirin başçılığı ilə tarix səhnəsinə çıxdı. Bu İmperiya eramızın 330-cu ilinə qədər – 900 ilə yaxın mövcud olmuşdu. Kir hakimiyyətə gəldiyi ilk illərdə Turan torpaqlarının güney ərazilərini işğal etmişdi. Belə bir dönəmdə Tomrisin başçı seçilməsi onun kifayət qədər ağıllı, cəsur və təcrübəli döyüşçü olduğunu nişan verir. O, qonşu birliklərlə münasibətdə daha çox barışa üstünlük verirdi və barış şəraitində yaşamağa çalışırdı. Həmin dönəmin bir çox xalqlarında qadın əşya sayıldığı halda, türk soy birliklərində qadının hökmdar olması, eyni dönəmdə türk boylarında qadın və kişinin eyni hüquqlara sahib olmasını bəlli edir. Biz qadına verilən bu yüksək dəyəri əski yazılı abidələrimizdə də görməkdəyik. Orxon yazılarında Bilgə Xaqanın dilindən yazılır:

“Yuxarıda Tanrı qutsal yeri, suyu düzənə salmışdır. Türk milləti yox olmasın deyə, millət olsun deyə babam İltəriş Xaqanı, anam İlbilgə Xatunu göyün təpəsindən yuxarı qaldırmışdır”.

Bilgə Xaqana aid olan başqa bir yazıda belə deyilir:

“Türk millətinin ad-sanı yox olmasın deyə atam Xaqanı, anam Xatunu ucaltmış olan Tanrı…”.

Əhəməni imperatoru Kir Turan torpaqlarının güneyini işğal etdikdən sonra Tomrisin başçılıq etdiyi ellərdən birinə – peçeneqlərə hücum çəkmişdi. Kir hiylə işlətməklə Turan torpaqlarına sahib olmaq istəyirdi. O, Tomrisə evlilik təklif etmiş və rədd cavabı almışdı. Tomrisin Kirə rədd cavabı verməsinin 3 əsas səbəbi vardı:

1. Kir Tomrislə evlənməklə onun idarəçiliyində olan torpaqları ələ keçirmək istəyirdi. Bu isə Tomris üçün, eləcə də türk boyları üçün qəbuledilməz idi.

2. Tomrisin babası Alp Ər Tunqanı Əhəmənilərin babaları xaincəsinə zəhərləyib öldürmüşdülər. Bundan sonra iki toplum arasındakı düşmənçilik daha da dərinləşmişdi.

3. Tomris yurduna işğalçılıq niyyəti ilə daxil olan və millətinə düşmən gözü ilə baxan bir imperatorluğun başçısı ilə evlənməyi şərəfinə sığışdırmırdı.

Bundan sonra intiqam hissi ilə yaşayan Kir daha tez-tez hücumlar etməyə başlamışdı. Kir öncə Tomrisin oğlunun əmrində olan ərazilərə saldırdı. Bu savaşda Tomrisin oğlu məğlub olmuşdu və məğlubiyyətlə barışmadığı üçün özünü öldürmüşdü. Bəzi qaynaqlarda Kirin hiylə işlətməklə Tomrisin oğlunu məğlub etdiyi yazılır. Belə ki həmin zamanlarda Kirin məsləhətçisi olan keçmiş Lidiya hökmdarı Kiroşun tövsiyəsi ilə Kirin oğlunun əmrində olan qoşuna qarşı hiylə işlədərək, onların hamısının içirdilməsi planı qurulur. İçəndən sonra dərin yuxuya gedən qoşun Kirin adamları tərəfindən əsir alınır. Yalnız ayılandan sonra nə baş verdiyini anlayan Tomrisin oğlu acıdan qurtulmaq üçün özünü öldürür. Oğlunun hiylə ilə öldürülməsi Tomrisə çox pis təsir edir və bu xəbəri eşidəndən sonra and içir: “Ey qana susayan Kir! Sən oğlumu ərənliklə deyil, hiylə işlədərək öldürdün. Ancaq Günəşə and olsun, səni qanla doyuracam”.

Qoşununun xeyli hissəsi döyüşçü qadınlar olan Tomris Xatun bir də Kirlə son qarşılaşmada ordunun ruhunu coşduran çıxış etmişdi və and içmişdi. Bu, miladdan öncə 528-ci ildə olmuşdu. Asiya bozqırlarında qarşılaşan iki qoşun arasında tarixin ən qanlı savaşlarından biri olmuşdu. Bu döyüşdə Tomrisin başçılıq etdiyi qoşunların sayı 15 mindən az olduğu halda, Kirin qoşunu bundan dəfələrlə çox idi. Eyni zamanda Əhəməni ordusunda xüsusi olaraq yetişdirilmiş xeyli sayda döyüş itləri vardı. Buna baxmayaraq, bu döyüşdə Tomris qələbə qazanmış, Kir məğlub olmuşdu. Bu döyüşdə Tomris xatun “Turan taktikası” və ya “Qurd oyunu” deyilən savaş üsulundan istifadə etmişdi. Bu zəfərin qazanılmasında isə döyüşdən öncə Tomrisin etdiyi çıxışın böyük rolu olmuşdu. Döyüş öncəsi qoşunun qarşısında dayanan Tomris Xatun ordusuna bu sözlərlə səslənmişdi:

“Qarşımızdakılar dünyanın ən vəhşi, ən qəddar və sayca ən böyük olan ordusudur. Ancaq bilirəm, göylərin altındakı heç bir ordu bu bütövlənmiş Ayın altında od saçan gözlərinizdən daha cəsur deyil. Yenə bilirəm, yerüzündə heç bir ordu, ulusu və yurdu üçün çarpan ürəklərinizdən böyük deyil. Gündüzümüzü aydınladan Günəşə, gecəmizi aydınladan Aya və babalarımızın ruhuna and olsun, atlarımızın otladığı bu torpaq qanımla qızıla boyansa da, heç kimin, eləcə də Əhəmənilərin əsarəti altına girməyəcəm…”

Bu çıxışdan sonra yüzlərlə qılınc “and olsun” hayqırtısı ilə qından sıyrılmışdı.

Miladdan öncə 528-ci ildə (bəzi qaynaqlarda miladdan öncə 530-cu, bəzilərində 529-cu il göstərilir) baş verən bu savaşın sonucunda Əhəməni qoşunları darmadağın olmuş, Kirin başı kəsilmişdi. Kirin başını kəsən Tomris xatun başı qanla dolu tuluğun içinə qoymuş və belə demişdi:

“ömrün boyu qandan doymadın. İndi səni qanla doydururam. Bacardığın qədər iç!”

Tomris xatun bunu təkcə intiqam üçün etmədi. Bununla digər başçılara qana hərisliyin və zalımlığın acı sonucunu göstərirdi.

Qəhrəman türk qadını əski dünyanın dövlət başçılarına yüz illər boyu ibrət olacaq bir dərs vermişdi.

Onu da qeyd edək ki,respublikamızda 2016-cı ildə Qafqaz  Media İctimai Birliyi  tərəfindən”Tomris” mükafatı təsis olunmuşdur.

Namiq Hacıheydərli