Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Birmənalı şəkildə deyə bilərik ki, bu, Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək. Çünki üç il bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan özü reallığa çevirdi.
Fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan azərbaycanlıların bir hissəsi daha müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında – Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bəli, məhz öz torpaqlarında! Bundan böyük qürur və sevinc hiss ola bilməz.
Qeyd edək ki, İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin – ölkənin ərazi bütövlüyünün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Növbəti dəfə Prezident seçildikdən cəmi iki il sonra – 2020-ci ilin sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Vətən müharibəsində İlham Əliyevin hər iki cəbhədə – döyüş meydanında məğlubedilməz sərkərdə və Ali Baş Komandan, informasiya müharibəsində isə praqmatik diplomat olduğunu bütün dünya ictimaiyyəti gördü.
Sözsüz ki, Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir.
Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarda yaradılan qondarma, heç kim, hətta Ermənistan tərəfindən tanınmayan separatçı qurumun mövcudluğuna son qoyulub.
Üçüncüsü, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbitidir.
Beləliklə, bu gün Azərbaycan beynəlxalq arenada qüdrətli ordusu, güclü iqtisadiyyatı ilə önəmli mövqe tutan, müstəqil xarici siyasət yürüdən qalib ölkəyə çevrilib. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi kursu və layiqli davamçısı İlham Əliyevə səs verib onu Prezident seçdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözükeçən dövlətə çevirdi. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq.
Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı gələn il fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcək – sabitliyə, əmin-amanlığa, bütövlüyə səs verəcək. 2024-cü il fevral seçkiləri hətta Azərbaycanın yüz illik tarixinə düşəcək bir seçki olacaq. İşğaldan azad olunmuş bütün torpaqlarda – Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Cəbrayıl, Zəngilan və s torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqı müdrik lider, böyük diplomat, qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında bu sınaqdan da uğurla çıxacaq.