Tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov vəfat edib

0
259

Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, publisist, tərcüməçi Şakir Yaqubov oktyabrın 15-də 71 yaşında dünyasını dəyişib.

Azərbaycan Mətbuat Şurası ustad jurnalist Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda mərhumun doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verilir. Vurğulanır ki, Şakir Yaqubovun vəfatı Azərbaycan jurnalistikası üçün ağır itkidir.

Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində doğulub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hələ tələbəlik dövründə “Azərbaycan gəncləri”, “Molodyoj Azerbaydjana”, “Bakinski raboçi”, “Bakı”-“Baku” qəzetləri ilə əməkdaşlıq edib. Keçmiş Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də jurnalistikadan ayrılmayıb, ordu ilə bağlı rusdilli qəzetdə yazılarla çıxış edib.

Nekroloqda qeyd olunur ki, Ş.Yaqubovun həyat yolu jurnalistikaya sonsuz sədaqət ruhuna köklənmişdi. Peşəkar jurnalist fəaliyyətinə 1974-cü ildən başlamış ustad qələm sahibi “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “Panorama” qəzetlərində müxbirlikdən baş redaktoradək müxtəlif vəzifələrdə çalışıb. 2000-2010-cu illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru olub.

Ş.Yaqubov dövri mətbuatda işıq üzü görmüş onlarla sanballı yaradıcılıq nümunəsinin, çoxsaylı əsərlərin tərcüməçisi, publisistik kitabların və auditə həsr olunmuş 30-dan çox elmi-kütləvi nəşrin redaktoru olub. Jurnalistin müxtəlif janrlı, o cümlədən idmanla əlaqədar yazıları ayrı-ayrı toplulara, o cümlədən “Sevirsə, qayıdacaq…” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat”a (Bakı, 1989) daxil edilib. Onun “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər” kitabları ictimai, mədəni, idman, sosial həyatın ayrı-ayrı sahələrinə dair həm ciddi bilgi mənbəyi, həm həyat bələdçisi, həm də publisistik salnamədir.

Nekroloqda vurğulanır ki, Ş.Yaqubov adı jurnalistikada tələbkarlıq, təşəbbüskarlıq, prinsipiallıq simvolu olub. Neçə-neçə gənc jurnalist onun dəst-xəttindən faydalanaraq, qayğısı ilə əhatə olunaraq peşəyə gəlib.

Şakir Yaqubovun xatirəsi onu tanıyan hər kəsin, həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.