Prezident İlham Əliyevin 1 illik fəaliyyətinin qiymətləndirilməsi üçün sorğu keçirilib Ölkə başçısı İlham Əliyevin 1 illik prezident fəaliyyətini qiymətləndirmək üçün Fransanın “Opinion Way” şirkəti tərəfindən sorğu təşkil olunub.
Sorğuda 11 aprel 2018-ci il tarixindən sorğunun başa çatdığı günədək prezidentin fəaliyyəti qiymətləndirilib.
Şirkətin açıqladığı rəqəmlərə görə, respondentlərin 85 faizi ümumilikdə prezidentin fəaliyyətini müsbət, 16.8 faizi neqativ qiymətləndirib. Sorğuda iştirak edənlərin digər 8 faizi isə bu haqda fikir söyləyə bilməyiblər.
Bundan başqa respondentlərin 43.3 faizi keçirilən islahatları müsbət qiymətləndirib. Onların 35.5 faizi isə bu islahatlardan qismən qane olduqlarını, 16.8 faizi isə qane olmadıqlarını bildiriblər. Bu respondentlərin 4.4 faizi isə islahatlarla bağlı konkret fikir bildirməyiblər.
Bundan başqa ölkə başçısının korrupsiyaya qarşı mübarizədə gördüyü işlər də qiymətləndirilib. Bu sorğuda iştirak edən respondentlərin isə 45.3 faizi görülən işlərdən qane olduqlarını, 30.3 faizi qismən qane olduqlarını, 20.3 faizi isə qane olmadıqlarını bildiriblər.
Eyni zamanda ölkə başçısının xarici siyastəi ilə bağlı respondentlərin rəyi alınıb. “Opinion Way”in məlumatına görə, sorğuda iştirak edənlərin 73.9 faizi prezidentin xarici siyasətini yüksək, 16 faizi qənaətbəxş qiymətləndirib. Bu respondentlərin yalnız 2.4 faizi prezidentin xarici siyasətindən məmnun olmadıqlarını bildirib.
Qeyd edək ki, keçirilən sorğuda iştirak edənlərin 51 faizi qadınlar, 48 faizi isə kişilər olub.