Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək

0
13

“Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrinə təhvil veriləcək”.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

O bildirib ki, nəşlər xüsusi ayrılmış avtomobillərlə birliyin üç şöbəsinə – Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosuna, Sabunçu və Nəsimi rayon şöbələrinə aparılacaq:

“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək. Ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək”.

Ə.Həsənovun sözlərinə görə, cənazələr bu gün ailələrinə təhvil veriləcək:

“Qəzada həlak olanların nəşi müvafiq ekspertizadan sonra dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.

Xatırladaq ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.