Tək ananın tək oğlu olan qazi Arif Cəfərov – VİDEO

0
355

“Əsgərlərimiz üçün keçid açdıq, Cəbrayıl və Qubadlı istiqamətində hüçum başladı”. 

Vətən müharibəsinin iştirakçılarından biri Arif Cəfərov bu sözləri keçdiyi şərəfli döyüş yolundan danışarkən bildirir.

Qəhrəmanımız könüllü olaraq torpaqlarımızın işğaldan azad edilmsi istiqamətində savaşa qatılan igidlərimizdən biri olub. Hələ iyul döyüşlərində ön cəbhəyə yollanmaq üçün rəsmi müraciət edib. Lakin o zaman ona ehtiyac olmadığı cavab verilib.

Bir müddət sonra, yəni sentyabrın 27-də Vətən müharibəsi başlayandan bir gün sonra Arif vətənə xidmətə çağrılır.

Xidməti dönəmində Arif Cəfərov baş istehkamçı vəzifəsini yerinə yetirir. Əsas işi hərbçilərimizin hücum öncəsi keçidini təmin etmək olur. Vətən müharibəsində yaralananadək o, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad edilməsi istiqamətində aparılan savaşda iştirak edir. Laçın uğrunda gedən döyüşlərdə isə yaralanır.

Arif Cəfərovun sözlərinə görə, xidmət etdiyi müddət ərzində ön cəbhədə hərbçi yoldaşlarının döyüş ruhunun yüksək olduğunu, arxa cəbhədə isə dövlətin və xalqın dəstəyini hər zaman hiss etdiklərini bildirir.

Qazimiz evin tək övladı olub. Daha dəqiq desək, tək ananın tək oğlu. Cəbhəyə getmək üçün könüllü yazıldığını anasından gizlədir. Cəbhədə isə yaralandığını yaxınlarına demir.

Şərəfli xidmətinə görə Arif Cəfərov Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Cəbrayılın azad olunması” medalı ilə təltif edilib.

Hazırda Arif Cəfərovun yaşadığı Gəncə şəhərində müalicəsi davam etdirilir. Bir vətən övladı kimi torpaqlarımızın azad olunmasında xidmətindən isə qürur duyur.