Təbii qış ləzzəti sayılan xurma canlı vitaminlər mənbəyidir

0
279

Xurmanın möcüzəvi xüsusiyyətləri haqqında əfsanələr dolaşır. Lakin diyetoloqlar və həkimlər ondan istifadə edərkən diqqətli olmağı məsləhət görürlər.

Xurmanın kalorisi kifayət qədər azdır. O, antioksidant mənbəyi olmaqla bədənin gəncliyini qoruyub saxlamağa və iltihabla mübarizə aparmağa kömək edir. Həmçinin, dərinin sağlam görünüşünü qoruyur və ultrabənövşəyi şüaların zərərli təsirlərindən müdafiə edir.

Xurmanın tərkibində çoxlu miqdarda karotenoidlər və qan damarlarının divarlarını gücləndirən bir sıra faydalı minerallar var. Ona görə də bu meyvəni ürək-damar xəstəliklərinin və xüsusən də aterosklerozun qarşısını alan vasitələrdən biri hesab etmək olar. Tərkibindəki A, C vitaminləri, həmçinin sink onu soyuqdəymə mövsümündə orqanizmi dəstəkləyən etibarlı immunostimulyatora çevirir.

Xurmanın tərkibindəki mikroelementlər sidikqovucu təsir göstərir. Bu meyvədə su və elektrolit balansı üçün vacib olan kalium və maqnezium da var.

Ancaq bəzi insanlar xurmadan istifadəyə ehtiyatla yanaşmalıdırlar. Belə ki, xurmanın kalorisi az olsa da, tərkibində çoxlu şəkər var. Ona görə də şəkərli diabetdən əziyyət çəkənlərin bu meyvə ilə mütəmadi qidalanması tövsiyə olunmur.

Xurma qastrit və ya xoradan əziyyət çəkənlər üçün təhlükəsiz sayılır. Onun tərkibində az miqdarda turşu var ki, bu da selikli qişaları qıcıqlandırmır. Ancaq mədə-bağırsaq traktında problemi olan, xüsusən də qəbzlikdən əziyyət çəkənlər üçün xurma təhlükəli ola bilər.

Odur ki, bu dadlı meyvə ilə qidalanarkən yuxarıda deyilənlər mütləq nəzərə alınmalıdır. Əks halda məsələ acınacaqlı sonluqla bitə bilər.