Şuşaya ilk turist səfərləri başlayır: Qiymətlər açıqlandı

0
147

Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək.

Dövlət Turizm Agentliyindən bildirilib ki, layihə “Böyük Qayıdış” siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.

İlk turist səfərləri Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.

2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın Gəncə qapıları və “Xarı Bülbül” simvolu, Qazançı kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.