Sülhməramlıların komandanı Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiya MN-i günahlandırdı

0
175

“Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq”.

Bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

“Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz”, – Volkov qeyd edib.

Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.

Qeyd olunub ki, bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi yolverilməzdir.