Şok iddia: “Hüseyniyyun” dini rəhbərə tabedir: İran Azərbaycanda yeni “Hizbullah” yaradır?

0
119

Suriya müxalifətinə məxsus resurs “Hüseyniyyun”un fəaliyyəti haqda araşdırma dərc edib. Yazıda qeyd olunur ki, İran xarici siyasəti iki səviyyədə yürüdülür; birinci səviyyə hökumətlərarası siyasətdir və əksər hallarda Tehranda seçilmiş hökumət tərəfindən idarə olunur. İkinci səviyyə İranın SEPAH tərəfindən idarə olunan xarici qeyri-dövlət agentləri ilə əlaqələridir və hökumətin yurisdiksiyasından kənarda idarə olunur. Bu səbəbdən İranın xarici siyasəti ziddiyyətli görünür.

Ölkə özünün islami idarəetmə sisteminin üstünlüyünü təbliğ edir, dünyanın ən səs-küylü anti-Amerika və anti-sionist dövləti olaraq qalır, amma onun xarici münasibətləri çox fərqli mənzərə nümayiş etdirir. İranın qızğın müttəfiqləri qeyri-dövlət aktorları, əsasən də şiə islamçı qruplar olsa da, Tehran bir sıra qeyri-islam rejimləri ilə səmərəli dövlətlərarası əlaqələr saxlayır. Məsələn, müsəlman qonşusu Pakistandan daha çox Hindistana yaxındır. Tehran əsasən şiələrdən ibarət Azərbaycanla davam edən mübahisələrində uzun müddətdir ki, xristian Ermənistanı dəstəkləyir. İranın mülki və hərbi rəhbərləri Çin, Şimali Koreya və Venesuela da daxil olmaqla, “ateist” hesab etdikləri rejimlərlə mühüm əlaqələr qurmaqda heç bir problem görmürlər.

Nəşrə görə burda hər hansı təzad yoxdur, hər iki xətt dini rəhbərə tabedir.

Daha sonra xaricdəki radikal proksi qüvvələrə nümunə olaraq “Hüseyniyyun” qruplaşmasının fəaliyyətinə toxunulur, “National interet”də qruplaşma haqda getmiş yazı xatırladılır.

Müəllif “Hüseyniyyun”u Tehranla müttəfiq olan “Müqavimət oxu” kimi tanınan digər fraksiyalarla müqayisə edir, onlarla eyni bayraq daşımasına diqqət çəkir: “ Hazırda qruplaşmanın nisbətən kiçik olması onun səmərəsiz olması demək deyil; Çünki belə kiçik bir yaraqlılar İran tərəfindən nadir hallarda geniş şəkildə tanınır. Amma İbrahimbəylinin ardıcılları Suriyada döyüşlərdə səhra təcrübəsi qazanıblar. Onun üzvləri həmçinin Livan “Hizbullah”ından partizan müharibəsi və digər qeyri-ənənəvi hərbi taktikalarda hərbi təlim alıblar”.

Müəllifin fikrincə, İran Azərbaycan Respublikasının sakinləri arasında məzhəb zəminində qarşıdruma yaratmaqda maraqlıdır, “Hüseyniyyun” qrupunun yaradılması, vəziyyətin pisləşəcəyi təqdirdə Azərbaycan küçəsinə təsir etmək üçün sadəcə bir müqəddimədir. “On illərdir ki, İran rejimi ilə Azərbaycan vətəndaşları arasında münasibətlər ən yaxşı halda gərgin olub. Bir çox İran azərbaycanlıları uzun müddətdir ki, İslam Respublikasından daha çox etnik, mədəni, siyasi və milli baxımdan Azərbaycanla bağlı olduqlarını hiss edirlər. İran təhlükə sandığı bu meyillənməyə azərbaycanlı azlığı sıxışdırmaqla, mədəni və etnik imperializmlə məşğul olmaqla, azərbaycanlıların məktəblərdə öz dillərində danışmasına mane olmaqla, azərbaycanlı fəalları təqib etməklə, Azərbaycan şəhərlərinin adlarını dəyişdirməklə cavab verdi”.

Sonda gəlinən təsbit də “Hüseyniyyu”n qruplaşmasının fəaliyyətinə məhəl qoyulmamasının yanlış olacağını göstərir”. Siyasi şiə islami ideologiyası və İranla bağlılığına görə “Hüseyniyyun” dünyəvi və millətçi Azərbaycan orta sinfi üçün o qədər də cəlbedici deyil. Ancaq Azərbaycanda əhalinin müəyyən təbəqələrindən, o cümlədən yoxsul və uğursuz icmalardan olanlar qrupun yeni “Hizbullah” qurması üçün potensial baza ola bilər”.