Bugün Azərbaycanın “Şöhrət” ordenli Xalq rəssamı, Azərbaycanın Dövlət mükafatı laureatı
Böyükağa Mirzəzadənin anım günüdür.
Böyükağa Məşədi oğlu Mirzəzadə (21.02.1921, Fatmayı, Abşeron – 03.11.2007, Bakı) – boyakar, teatr rəssamı.
Atası onun həkim olmasını arzulayırdı. Gələcək rəssamın yoldaşları – sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırır. Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət örnəkləri kimi rəssamlıq tariximizə daxil olub. O, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) bitirib. O həm də Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Ali Rəssamlıq məktəbini bitirib.
Böyükağa Mirzəzadənin yaradıcılığına müxtəlif dövrlərin Avropa rəngkarlığı, rus realist məktəbi və Azərbaycan milli sənətinin ənənələri təsir göstərib. Bu görkəmli fırça ustası klassik ənənələrlə çağdaşlığı üzvi surətdə birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb. Rəssam 1940-cı ildən etibarən yerli və xalqlararası sərgilərdə fəal iştirak edib. 1950-60-cı illəri Böyukağa Mirzəzadə yaradıcılığında təşəkkül dövrü kimi qiymətləndirmək olar. Artıq 1950-ci illərdə onun yaradıcılığının aparıcı janrı müəyyən olunur. Portret janrında işləməyə üstünlük verən rəssam əsərlərində ifadəli poza, jest vasitəsilə qəhrəmanların simasını, onların fərdi xüsusiyyətlərini, xarakter və ovqatını dəqiqliklə əks etdirməyə nail olub. Böyükağa Mirzəzadənin zəhmətkeşlərin həyatına həsr olunmuş tematik rəsmləri həyat gerçəkliyini əks etdirir.
Böyükağa Mirzəzadə neft mövzusuna müraciət edərək, industrial mənzərəni yaradır. Eyni zamanda yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə 1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, 1967-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
Böyükağa Mirzəzadə keçmiş bir sıra xarici ölkələrdə (Fransa, İtaliya və b.) yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkənin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də böyük uğurlar əldə edib. Onun “Mənim günahım” (İ.Əfəndiyev), “Qayınana” (Z.Bağırov), “Bayadera” (İ.Kalman) və b. əsərlərin tamaşalarında yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
1960-cı ildə Şıxəli Qurbanovun eyniadlı pyesi əsasında qoyulmuş “Milyonçunun dilənçi oğlu” tamaşası ilə debüt edən rəssam, bu quruluşa görə Dövlət Mükafatına layiq görülüb. “Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya alıb; əsərdə surətlərin inandırıcı sadə hərəkətləri, isti Günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub. Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.
Böyükağa Mirzəzadənin yaratdığı mənzərələri baxımlıdır. Özəlliklə, Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı əsərləri özünəməxsusluğu ilə seçilir. Rəssam eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaradıb. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort” kimi əsərlər rəssamın yaradıcılığında özəl yer tutur.
Böyükağa Mirzəzadə 1972-ci ildə “Nəriman Nərimanov “Ölülər” pyesinin ilk tamaşası münasibətilə Cəlil Məmmədquluzadəni təbrik edərkən” (yağlı boya) teatralaşdırılmış qrup portreti tablosunu yaradıb. Əsər Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Muzeyində saxlanılır.
Böyükağa Mirzəzadə teatr-dekorasiya sənəti sahəsində də fəaliyyət göstərib.
Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb; zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.
Görkəmli sənətkar, dövrünün bir sıra nüfuzlu orden, medal və mükafatları ilə təltif edilib.
RUHU ŞAD OLSUN!