Elm adamları smartfon və digər cihazların insanın ruhi sağlamlığına zərər verə biləcəyi barədə fikirləri təkzib ediblər. Bu barədə Böyük Britaniyanın Lankaster Universitetinin alimləri “EurekAlert!”də məqalə dərc edib.
Tədqiqatçılar bir qrup smartfon sahibinin həftə ərzində telefonlarına nə qədər vaxt sərf etdiyini izləyib, narahatlıq, depressiya səviyyəsi daxil olmaqla zehni və fiziki sağlamlığın göstəriciləri ölçülüb. Həmçinin istifadəçilərdən telefona sərf etdikləri vaxtın ruhi vəziyyətlərinə nə dərəcədə təsir etdiyini düşündükləri barədə sorğu aparılıb.
Məlum olub ki, telefona sərf olunan vaxtın istifadəçilərin ruhi sağlamlığına heç bir təsiri yoxdur.
Bununla belə, insan smartfondan uzun müddətli istifadənin zərərli olduğuna və ekranın arxasında lazım olduğundan çox vaxt sərf etdiyinə inanırsa, narahatlıq, stress, depressiya səviyyəsi artır.
Beləliklə, rəqəmsal “detoksikasiya” praktikasının (texnikanın “zəhərindən” təmizlənmə) və insanın bir müddət elektron cihazlardan uzaq gəzməsinin heç bir təsiri yoxdur. Alimlər hesab edir ki, insanların bunun əvəzinə smartfonların uzun müddət istifadəsi ilə bağlı narahatlıq və qorxunu aradan qaldırmaq üçün tədbir görməsi daha faydalı olardı.