Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlayırlar. Onlar ölkəmizdə koronavirusla mübarizədə görülən işləri, dövlətimizin başçısının xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.
Məktubların bir neçəsini təqdim edirik.
4 qat dünya, 4 qat Avropa çempionu Zaur Cəfərov yazır ki, Prezident İlham Əliyevə nə qədər təşəkkür etsə, nə qədər öz dərin minnətdarlığını bildirsə azdır:
“Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz.
Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun”.
Kəlbəcər rayonundan məcburi köçkün, Mingəçevir şəhər sakini Emil Xanlarovun minnətdarlıq məktubunda isə deyilir ki, Mingəçevir şəhərində məskunlaşmış kəlbəcərli məcburi köçkünlər olaraq ölkə başçısının diqqət və qayğısı sayəsində onlara verilən təmirli və müasir avadanlıqla təchiz olunmuş mənzillərdə yaşayırlar:
“Sizə ailəmiz adından təşəkkür etməyi və minnətdarlığımızı bildirməyi özümə borc hesab edirəm.
Məlum olduğu kimi, dünyanı cənginə almış koronavirus (COVID-19) pandemiyası bizdən də yan keçməyib. Bu çətin dönəmə baxmayaraq, Sizin müdrik, operativ və düşünülmüş qərarlarınız həmişə olduğu kimi, yenə də neçə-neçə ailənin rahat və təhlükəsiz şəraitdə öz evində qalmasına, onların sosial təminatlarının ödənilməsinə şərait yaradıb.
Sizin liderliyiniz məhz xalqa illər boyu yorulmadan göstərdiyiniz xidmətləriniz sayəsində formalaşıb. Sizin siyasətinizin prioritetini bir tərəfdən vətəndaş amili, digər tərəfdən dünya hüdudlarından kənarda Azərbaycan adını ucaltmaq təşkil edir. Bu missiyanı isə Ulu Öndərimizdən sonra yalnız Sizin kimi rəhbər icra edə bilərdi. Bu baxımdan Siz Ümummilli Liderimizin dəst-xəttini çox layiqli şəkildə davam etdirirsiniz.
İnşallah, biz – kəlbəcərlilər, Mingəçevirin mədəniyyət işçiləri, şəhərdəki Heydər Əliyev Mərkəzinin əməkdaşları ömrümüzün sonuna kimi yanınızda olmağı özümüzə şərəf və borc bilirik. Allah Sizi qorusun”.
A.Hüseynzadə adına 20 №-li tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Fidan Bəylərovanın minnətdarlıq məktubunda qeyd edilir ki, hazırda bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda ölkə başçısının zamanında verdiyi müdrik və mühüm qərarlar, qabaqlayıcı tədbirlər və onların nəticəsi göz önündədir:
“Ulu öndər Heydər Əliyev demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Bu şüara sadiq qalan müəllimlər, səbirlə, fədakarlıqla sağlamlığımızın keşiyində dayanan həkimlər, asayişi qoruyan polislər günümüzün qəhrəmanına çevrildilər. Amma belə bir zamanda biz gənclərə ən gözəl örnək, ən xeyirxah müəllim Siz oldunuz. Siz bu gün hər birimizə vətənpərvərlik, xeyirxahlıq, birlik, bərabərlik dərsi keçdiniz. Siz öz çıxışlarınızda daim vurğulayırsınız: “Gərək hər birimizin nəbzi Vətənin nəbzi ilə birgə vursun”. Bu ağır günlərdə də Sizin nəbziniz Vətənin və vətən övladının nəbzi ilə bir vurdu.
Əziz Prezidentimiz, biz əminik ki, Allahın köməyi, xalqımızın dəstəyilə bu ağır sınaqdan daha güclü və üzüağ şəkildə çıxıb, ali məktəblərə qəbul imtahanlarında iştirak edib, arzularımızı reallaşdıra biləcəyik. Çünki biz birlikdə güclüyük. Bu birlik Azərbaycanı zirvədən-zirvəyə aparıb, aparır və aparacaqdır”.
Jurnalist, Əməkdar Mədəniyyət İşçisi, Zaqatala sakini Elmira Mehdiyeva vurğulayır ki, bu gün bütün dünya koronavirus pandemiyası ilə vuruşur:
“Dünya bu virusun qarşısında aciz qalıb. Belə bir çətin vaxtda Azərbaycan xalqı öz dövlətini, şəxsən Sizi, yanında görməklə, öz Prezidentindən hər gün, hər an qayğı hiss etməklə təbii ki, böyük məmnunluq hissi keçirir. Biz jurnalistlər daim Sizin siyasətinizi dəstəkləmişik. Bu gün sübut olundu ki, bəşəriyyətin ən ali dəyəri elə sadəcə olaraq insanlıqdır. Sizin də siyasətinizin əsasında məhz bu humanist ideallar dayanır.
Siz təhlükəni hiss etdiyiniz ilk gündən pandemiyaya qarşı hər bir tədbiri addım-addım həyata keçirdiniz. Bu tədbirlər həyati əhəmiyyət daşıdı. Çünki Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada virus təhlükəsi hər an qarşısıalınmaz bir hala çevrilə bilərdi. Bu gün hər kəs öz vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarmalı, Prezidentinin arxasında olmalıdır. Çünki, bu birlik imkan verəcək ki, biz pandemiyaya qalib gələk. Sizin rəhbərliyinizlə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində tezliklə o gün gələcək. Yenidən həyat öz axarına düşəcək, yenidən uşaqlarımız məktəbə, bizlər də öz işimizə-gücümüzə gedə biləcəyik. Hər kəsə səbr diləməklə yanaşı, Sizə cansağlığı arzu edirəm. Qoy həyatımız əvvəlki axarına qayıtsın. İnsanlıq yaşasın. Həyat məhz insanların varlığı ilə gözəldir”.
Naxçıvan sakini, tələbə Kərim Kərimov isə yazır:
“Möhtərəm cənab Prezident.
Mən bir gənc olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq Sizin uğurlu siyasətinizin nəticəsidir.
Bütün dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyasının Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı bir daha sübut edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək, gördüyünüz işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir. Əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklər tezliklə arxada qalacaqdır. Allah Sizi və ailənizi qorusun”.
Əməkdar müəllim, Qubadlı rayonu sakini Çingiz Salmanov isə qeyd edir ki, bu gün bəşəriyyət ağır sınaq qarşısındadır:
“Sərhəd tanımayan koronavirus infeksiyası Yer kürəsinin sakinlərini, eyni zamanda ölkəmizin vətandaşlarının sağlamlığını təhdid altına almışdır. Qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər Sizin nəzarətiniz altında davam etdirilir. Yaranmış vəziyyətlə əlaqədar elan olunmuş karantin dövründə dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi böhran yaşamaması, əhalinin ərzaq və digər zəruri mallara ehtiyaclarının ödənilməsində heç bir problem olmaması, işsizlərə 190 manat yardım edilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi bir daha ölkə rəhbəri kimi daim xalqın yanında olmağımızın bariz nümunəsidir.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın milli birliyinə stimul oldu və pandemiyaya qarşı mübarizədə hər birimizi həmrəyliyə səslədi.
Cənab Prezident, Sizə dərin hörmətimi və təşəkkürümü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayıram”.
Şamaxı şəhər sakini Əqidə Sadıqovanın təşəkküründə deyilir ki, Azərbaycan Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar atdığı qabaqlayıcı addımların nəticəsidir ki, ölkəmizdə hazırda insan itkiləri çox azdır:
“Evdə qal” kampaniyasına Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şamaxı rayon komitəsi də qoşulub. İşçilərin əməkhaqlarının saxlanılması, aztəminatlı ailələrə müavinətın verilməsi, ianələr üçün fondun yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi təqdirəlayiq işlərdir. “Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir Azərbaycan vətəndaşının devizinə çevrilib. Sizin təşəbbüsünüzə biz də qoşularaq yaşlı insanlara, aztəminatlı imkansız ailələrə ərzaq paketi paylamışıq. Etdiyiniz bütün işlərə görə Sizə sonsuz təşəkkürümüzü bildirir və belə bir Prezidentimiz olduğu üçün qürur hissi keçiririk. Hər işdə Sizi dəstəklədiyimizi və arxanızda olduğumuzu bildiririk. Uca Tanrı Sizi və xalqımızı qorusun”.
Ordubad rayonu sakini Fərrux Nağızadə isə yazır ki, Prezident İlham Əliyev 2003-cü ildə əlini müqəddəs Qurani-Kərimin üzərinə qoyub hər bir azərbaycanlının Prezidenti olacağını bildirdi və sözünün üstündə durdu:
“2016-cı ildə Lələtəpə qələbəsindən sonra Naxçıvan Muxtar Respublikasının işğal olunmuş bir sıra ərazilərinin azad edilməsi ilə xalqın inamını daha da möhkəmlətdiniz. İndi isə dünyanı bürüyən epidemiyadan xalqımızı qorumaqla gecəniz-gündüzünüz yoxdur. Bunu hər kəs anlayır, başa düşür, Sizi bağrına basır. Azərbaycanın hər sahədə inkişafı diqqət mərkəzindədir. İmkansız insanlara ayrılan sosial yardım, tələbələrə, qaçqınlara olan diqqətiniz göz qabağındadır. Biz birlikdəyik, birlikdə güclüyük.
Çox hörmətli cənab Prezident, Ordubad rayonunun çoxsaylı müharibə, arxa cəbhə və əmək veteranları Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və bəyan edirlər ki, hər an Sizinlədirlər”.
Balakən rayonu sakini Xəlifə Mirəliyevin minnətdarlıq məktubunda bildirilir ki, dünyamızı bürüyən koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlərə görə ölkə başçısına dərin təşəkkürünü çatdırır:
“Həyata keçirdiyiniz təxirəsalınmaz, qabaqlayıcı tədbirlərin və vaxtında verilmiş qərarların nəticəsidir ki, Azərbaycanın tezliklə bu bəladan xilas olacağına hər kəsdə əminlik yaranıb. Son günlər virusdan sağalan xəstələrin sayının virusa yoluxanların sayını üstələməsi bunu deməyə əsas verir.
Cənab Prezident, Sizə Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qətiyyətli tədbirlərə görə minnətdarlığımı bildirir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.
Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.
Neftçala rayonu sakini Rövşən Quliyev isə vurğulayır ki, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi:
“Lakin Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.
Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə xalqımız üçün gördüyünüz işlər, verdiyiniz uzaqgörən qərarlar insanların Sizə olan inam və güvənini daha da möhkəmləndirdi.
Cənab Prezident, bu yolda Sizə və xalqımıza Allahdan kömək diləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə biz birlikdə bu çətinliyin öhdəsindən də layiqincə gələcəyik”.
İsmayıllı rayonu sakini İsmayıl Faxtiyev yazır ki, koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Azərbaycanda da böyük həyəcana səbəb olub:
“Bu bəlanın qarşısını almaq üçün Sizin səmərəli, qabaqlayıcı tədbirlər görməyiniz ölkəmizin bu bəladan az itkilərlə çıxacağına əminlik yaradıb.
Cənab Prezident, dövlətimizi, Vətənimizi, xalqımızı sevən, parlaq gələcəyi və ideyaları olan İsmayıllı gəncləri adından bildirmək istəyirik ki, Sizin hər zaman vurğuladığınız kimi, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərləri qoruyaraq bu çətin günlərdə tövsiyənizlə köməyə və yardıma ehtiyacı olan böyüklərimizin, xəstə və fiziki məhdudiyyətli şəxslərin, tənha yaşayan nənə və babalarımızın hər zaman yanındayıq.
Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə keçildi.
Biz Sizin çağırışlarınızın və qərarlarınızın məsuliyyətini yaxşı anlayırıq. Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim yorulmadan, böyük əzm və səylə çalışacağıq. Çünki, biz birlikdə güclüyük”!
Qəbələ rayonu sakinləri Seymur Yusifov və Samir Qəribovun minnətdarlıq məktubunda isə deyilir:
“Hörmətli cənab Prezident. Dövlətimizin və xalqımızın bu çətin günlərində aztəminatlı ailələrə edilən müxtəlif yardımlara və koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün atdığınız bütün addımlara görə gənc ailə başçıları olaraq ailə üzvlərimizin adından Sizə təşəkkür edirik.
Cənab Prezident, aparıcı dövlətlərin bu virusdan çox əziyyət çəkdiyini bilirik. Sizin verdiyiniz düzgün qərarlar nəticəsində xalqımız bu bəladan minimum itkilərlə çıxmaqdadır. Bu, bir daha sübut edir ki, Sizin rəhbərliyinizlə ölkəmiz gündən-günə inkişaf edir, xalqımız əmin-amanlıq içində yaşayır.
Sizə bir daha təşəkkürümüzü bildirir, hələ uzun illər ölkəmizə rəhbərlik etməyinizi, Azərbaycanımızı daim ancaq irəli aparmağınızı arzu edirik.
Allah Sizi və ailənizi qorusun”.