“Əsl kişilərin yazdığı qaydaları pozmaq olmaz”

0
13


Tanınmış mədəniyyət yazarı, sənətşünas Seymur Elsevər bu günlərdə ad gününü qeyd edib Modern.az saytı 45 yaşa əlvida deyən Seymur Elsevərlə müsahibəni təqdim edir.

Seymur Elsevər Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının üzvüdür. Bir sıra mükafatlara layiq görülmüş Seymur bəy müxtəlif illərdə Gənc Tamaşaçılar və Milli Dram Teatrlarında, “Səhər”, “Kino” “Press fakt”, “Panorama” və “Ekspress” qəzetlərində, Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda 15 il mədəniyyət sahəsində müəssisə rəhbəri olaraq çalışıb. Eyni zamanda bir sıra teleradio qurumları ilə əməkdaşlıq edib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş” və “Ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” fənlərindən dərs deyib. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiəsinə hazırlaşır.

 Seymur müəllim, bu günlərdə 45 yaşınız tamam oldu, təbrik edirik. Ömrünüzün necə ili jurnalistika ilə bağlıdır?

– Həyatımın 25 ilini jurnalistikaya həsr etmişəm. Hələ tələbə vaxtından mətbuatda çalışmışam. O dövrdə çap olunmaq məsuliyyətli idi, yazının dadı-tamı ayrıydı, bənzərsiz şirinliyi vardı. Üstəlik həmin illərdə qəzet oxuyan da indikindən çox idi. Mətbuatda ilk addımlarımı atarkən bir il ştatdankənar müxbir kimi çalışası oldum. Tələbə kimi əlaçı təqaüdü, yazılarıma görəsə o dövr üçün yaxşı sayılacaq qonorar, arada bir müddət teatrdan əmək haqqı da alırdım. Təsəvvür edin, Bakıda yaşayan, ev problemi olmayan gənc oğlan və sabit qazanc. Vəziyyətim dolanışıq sarıdan yaxşı idi. Hətta, çoxları mənə həsəd aparırdı.

– Deyəsən aktiv jurnalistikadan getmisiniz? Bir ara səsiniz Mədəniyyət və Turizm Nazirliyindən də gəldi. İndi nə işlə məşğul olursuz?

– Hazırda da jurnalistikayla məşğulam. Bir ayağım mətbuatdadır. İndi ara-sıra yazıram. Bir il yarımdır ki, “Tezxeber.az” saytında redaktor işləyirəm. Açığı, saytın maddi durumu ürəkaçan deyil. Gücümüz və həvəsimizlə çalışırıq ki, saytı saxlayaq. Maddi qazancımız yoxdu. Çünki sayt sponsorsuz, reklamsız fəaliyyət göstərir. Bu sarıdan problemlər var. Çörəkpulunu başqa yerlərdən qazanmağa çalışırıq. O da asan başa gəlmir. Yazmağa həvəsli də deyiləm. Çünki yaş ötdükcə yazmağın məsuliyyətini, ağırlığını daha çox dərk edirəm. Ola bilər ki, gənc yazarlar o dərinlikdə fikirləşmir deyə, qarşılarında sədd yaranmır. Mənim üçünsə nə, niyə və neçə yazmaq sualından doğan məsələ var qarşımda. Oxuyan adamın imzama baxıb “niyə bu kişi əvvəllər daha yaxşı yazırdı, indi yerində sayır” deməsini istəmərəm. Bax bu şeylərə görə dayanmalı, düşünməli olursan. Az, amma yaddaqalan yazmaq yaxşıdı. İndi mənim üçün çox görünmək bir o qədər maraqlı deyil.

Əlbəttə, az yazıb, yadda qalmaq məsələnin mənəvi tərəfidir. Təəssüf ki, yaxşı və ya pis yazı, peşəkarlıq ümumi götürsək, bu gün eyni cür qiymətləndirilir. Bazarda seçim imkanı yoxdur. İndiki reallıqda məsələ sovet dövründəkindən fərqlidi. Amma sərbəstlik varsa da, dəyərləndirməni heç də o illərdəkindən yaxşı hesab etmək olmur. Kapitalizmin tələbləri hələ öz yerini almayıb. Dünyadasa bu sarıdan mənzərə başqadı.

– Sizcə niyə cəmiyyətimizdə yazıya, sözə önəm verilmir kimi fikir formalaşıb?

– Bunun səbəbləri çoxdu. Məsələni siyasiləşdirmək fikrindən uzağam. Hərçənd bu bir qədər siyasi və ideoloji məsələdir. Azərbaycan 24 ildir müstəqilliyə çıxıb, amma bizim ideologiyamız yoxdu. Bütün dəyərlər sistemi baş-ayaqdır. Yaxşı-pis bir neçə telekanal var. Amma demək olar ki, heç birində səviyyəli, maarifçilik yönümlü, mənəviyyata xidmət edən verilişlər görmək olmur. Bütün verilişlər yüngül, tez həzm olunan, şou xarakterlidir. Nə qədər ki, bu cür verilişlər olacaq, onda keyfiyyətdən danışmağa dəyməz. Belə də yaxşının, pisin fərqi bilinməyəcək. Düzdü, inanıram ki, 50 il sonra mənzərə fərqli olacaq, vəziyyət yaxşıya doğru dəyişəcək. Amma mənim buna ömrüm çatarmı? Bəs biz özümüzü harada, necə realizə edək?

– İndi çoxları zəmanədən, dolanışıqdan şikayətçidir. Ömrünüzün bu çağında həyata baxınşınızda fərqlilik hiss edirsiz?

– Belə bir söz var, deyir, 40 yaşına qədər varlanmasam, nolacaq? Cavab qısadı: heç nə, adət edəcəksən (gülür). Səmimi söyləyim ki, maddi cəhətdən aşıb-daşan imkan sahibi olmamışam heç vaxt. Lap ehtiyac içində də yaşamamışam, niyə yalan deyim? Şükür, həmişə başımızı saxlamışıq.  Özü də necə gəldi yox ha. Yəni biri var, baş saxlayıb abır saxlamırsan, onda daha asan olur.  Biri də var ki, baş da saxlamaq istəyəsən, abır da. Bax, belədə vəziyyət müşkülə dönür.  Mən çətinliyə baxmayaraq, ikinci yolu tutmuşam həmişə. Buna nə dərəcədə nail olduğumusa,  kənardan baxanlar deyə bilər. Ümumi götürəndə həyatımdan şikayət etməyə ciddi əsas görmürəm. Çünki bura qədər sağ canla gəlmişəm, xəstəliyim, dərd-sərim yoxdu, şükür, bu yaşda eynəksiz görürəm, oxuyuram, yazıram, anam, ailə-uşaq, qardaşlarım, mənə hörmət edən, dəyər verən, evinə, məclisinə qonaq çağıran çox sayda dost-tanışlarım var. Bunların hamısı qazancdı. Qazanc yalnız maddiyyatla ölçülmür ki… Tərəzinin gözünə bu sadaladıqlarımı da qoyuram, maddiyatı da. Görürəm ki, mənəviyyat daha ağır gəlir.

Heç vaxt villam olmayıb, indən belə olacağı barədə dəqiq söz demək də çətindi. Əslində bu məsələnin alınıb-alınmayacağı elə vacib deyil. Dünyamız əmin-aman, millətimiz salamat, torpağımız bütöv olsun, qorxusuz-hürküsüz, şər-şeytandan uzaq şəraitdə sağ canla yatıb-durmağı, övladlarımın şad gününü görməyi hər şeydən üstün tuturam. Adama özgə nə lazımdı? Mənim üçün xoşbəxt olmağın sərhədləri bunlardır. Böyük iddialar xoşbəxtliyi, necə deyərlər, ləngidir, hətta mümkünsüz edir. Amma nə qədər az şeyə qanesənsə, xoşbəxtlik əlçatan olur. Bu fikirləri yekunlaşdırıb deyərdim ki, bəxt sarıdan yarımış adam sayıla bilərəm.

Allah mənə xarakter verib, heç vaxt nədənsə qorxub çəkinməmişəm. Ürəyimdən, ağlımdan nə keçibsə, dilimə nə dolanıbsa, həmişə onu eləmişəm, demişəm. Əziyyətli olub, amma öz sözümün üstündə durmuşam. Əgər insan tərsə, codluğa gedən deyilsə, bir az qılığı, bir az istedadı varsa, Allah onu darda qoymur. Bütün dövrlərdə anlayan, düşünən, əqidəli adamlar üçün çətin olub. Xoşagəlməz vəziyyətlə üz-üzə qalmaq adama əzab-əziyyət verir. Amma neyləyəsən, davranışını bilməyən, səviyyə, əxlaq, peşəkarlıq anlayışından xəbərsizlər həmişə çox olub…

Sanki, sovet dövründə insaf daha çoxuydu, nəinki bu gün. İndi mömin insanların, müqəddəs yerləri ziyarət edənlərin sayı o vaxtkindən çoxdu, amma nainsaflar hər addımbaşı qarşımıza çıxır, yaramazlıq, haramlıq, əxlaqsızlıq da baş alıb gedir. Məntiqlə azalmalıydı. Belə çıxır ki, ibadət əhli sidq ürəkdən deyil, formal olaraq o yolu tutublar.

– Övladlarınızın yolunuzu davam etdirməsini istərdiz? Yoxsa onlara bu məsələdə sərbəstlik vermisiz?

– Qızım bizim sahəyə nisbətən yaxındır. O, ingilis dili üzrə tərcüməçidir, universitetin sonuncu kursundadır. Bu baxımdan yaxındır ki, peşəsi dillə bağlıdı, tərcümə edəcək, yazı, şifahi nitqlə məşğul olacaq. Açığı, sevinirəm ki, qızım incəsənət, mətbuatdan kənardadı. Bu sahələr məhrumiyyətli, qədir-qiymətsizdi. Peşə seçimində müdaxiləm olmayıb. Hüquqşünaslığa meylliydi. Sadəcə, istiqamət verdim ki, tərcüməçiliyin perspektivi daha böyükdü. Xalası qızı ingilis dili mütəxəssisidi, bu da ona təkan verdi. Tərcüməçi üçün özünü realizə etmək, iş tapmaq,  cəmiyyətdə yer tutmaq daha realdı, nəinki hüquqşünas üçün. Bu gün tərcüməçi bildiyi dildə danışmağı və yazmağı sayəsində halal zəhmətlə yaxşı pul qazana bilir ki, bu da adi məsələ deyil.

Oğlum hələ orta məktəbi bitirməyib. Amma meyli texniki sahəyədi. Onlar həyata mənim kimi sovetdən qalma adamlardan daha realist baxırlar. Biz  xəyallarla yaşayırıq. Nağılla başını qatmaq olur mənim kimisini, onlarısa çətin ki, aldadasan (gülür). Övladlarım heç vaxt üzümə qayıtmayıblar, amma görürlər ki, ataları müəyyən savad, istedadla ailəni çox çətinliklə saxlayır. Fikirləşirlər ki, aşağı-yuxarı təxminən bizi də eyni aqibət gözləyirsə, niyə o yolla gedək.

– Seymur müəllim, 45 yaşın xüsusiyyətin necə təhlil edərdiniz?

-Kişinin təbiətində sağa-sola gəzib dolanmaq var, deyirlər. Qadınlar kişilərdən daha çox istəyir ailəsi, uşaqları olsun. Əsil ağıllı xanım bir kişi ilə ömrünün sonuna qədər yaşamağa hazırdı. Elə ailə tapmaq çətindi ki, orda kişi ilə qadının xasiyyət uyğunluğu, bir-birinə yaraşmaq, özlərinin və övladlarının sağlamlığı, işlərinin avandlığı, ruzilərinin bolluğu və sair baxımdan hər şey əla olsun. Mütləq nəsə çatmayacaq. Vacib odur ki, ümumi dil tapa, sevə, diqqət göstərə, güzəştə gedə biləsən. Belədə ailənin başının üstünü təhlükə almaz. Təəssüf ki, indi sosial şəbəkələr ailələrdə nə qədər problemlər törədir. Bu ən çox da o halda olur ki, qadın və ya kişi iradəsizdi, hadisələri dərin düşünüb təhlil edə bilmir.

– Sizin yaşda adam da şəxsi həyatda təhlükəylə üzləşə bilər?

– Bu yaş dövründə vurulmaq qorxuludur. Çünki həyatı tam dərk etdiyin üçün hisslə deyil, ağılla vurulursan. Daha sənin 20-25 yaşın yoxdur ki, nəyisə anlamayasan, odlu – alovlu olasan, əsib-coşasan. Şükür Allaha, bizim hələ odumuz-alovumuz var. Amma mən 20 yaşdakı adam deyiləm ha. Bəzi şeylərə daha səbirlə, müdrik baxıram. Hərçənd mən əvvəlindən dəli-dolu adam olmamışam.

– Vurulmusuz?

– Adam hər yaşda eşqə düşə bilər. Bizim dünyanın adamları adətən gizlin-gizlin, əlaltdan vurulur və ona da vurulurlar. Bu baxımdan daim diqqət hiss etmişəm. Diqqətsiz qalmağı da düzgün saymamışam. Həmişə ölçü-biçi gözləmişəm, amma mələk deyiləm… Kimsə sinəsinə döyürsə, mələyəm deyirsə, o, özünü ideallaşdırmaq istəyir. Mən bu fikirdən uzaq adamam. Müsbət çəhətlərimlə yanaşı, kəsirim də var.

Tanıyanlar bilir ki, dostluqda, tanışlıqda, çörək kəsməkdə etibarlı adamam. Heç vaxt tapdamaram belə şeyləri. Özgəsinin ailəsinə başqa gözlə baxmaram. Hətta o evin içindəki adamın meyli olsa belə, mən qarşılıq vermərəm, mədəni bir şəkildə yayınaram. Bu barədə klassik adamam. Hesab edirəm ki, əsl kişilərin yazdığı qaydaları pozmaq olmaz.

Hislə yanaşı hər şeyi ağıl nizamlayır. Bu yaşda enişdən-yoxuşdan keçmisən axı. Ailənin, qadının, sevginin, bir-birinə mehr-məhəbbətin nə olduğunu bilirsən. Gənclikdə eşqin gözü kor olur. Yaşa dolandan sonra artıq ağılla fikirləşirsən ki, nədir onda səni tutub saxlayan. Xasiyyət, dünya görüşü uyğunluğu, qədir-qiymət bilmək, diqqət ayırmaq və sair. Mənim üçün bütün mənalarda qədir-qiymət bilmək, diqqət yetirmək ən vacib məqamlardandır. Bunsuz həyatın nə mənası? Deyir suyu ver o torpağa ki, içir, sözü de o adama ki, seçir.

– Bu yaşda vurulduğunuz insanı unutmaq olarmı?

– Necə deyərlər, qəliz məsələdi (gülür). Belə bir söz var, əgər vurulduğun adamı hansı səbəbdənsə görmürsən, amma xatırlayırsansa, deməli, o səni sevir. Əgər o xatırlayırsa, deməli, sən onu sevirsən.

Qadın və kişi arasında istər ciddi, istərsə də yarı ciddi münasibətlərin açıb-ağardılması arzuolanmazdı. Mənim aləmimdə ən azı kişinin buna haqqı yoxdu. Əgər qadın onu kişi sayırsa, deməli, o da özünü bu ada uyğun aparmalıdı. Qadın inanır, güvənir, söykənəcək yeri kimi baxır kişiyə. Kişi aralarındakı münasibəti harda, kimə gəldi danışırsa, deməli, qadının söykənəcəyi yer sanki çürük ağacdı. Ağıllı, duyğulu qadınlar kişinin özünə inamına, cəsarətinə, xarakterinə vurulur. Bəzən deyirlər, qadın kim münasibətdə kobuddursa, ona bağlanır. Qəribədi, müəyyən dərəcədə həyatda belə şeylər var. Yüz il də yaşasan, qadını sonacan öyrənə bilməzsən. Kişi bir cildli, qadınsa elə hey yazılan kitabdı. Bir damın altında 50 il yaşayarsan, sonda məlum olar ki, sən heç onu tanımamısan.

Qənaətim bunu deməyə əsas verir ki, qadınları pis duymuram. Qadını nə ilə bənd edib, saxlamaq olar, bir balaca bunun düsturun bilirəm. Doğrudur, mütləqiyyət Allaha məxsusdur. Dahi filosof Sokrat deyir ki, ailə qurun, yaxşı halda xoşbəxt olacaqsınız, pis halda filosof. Bəzən sual verirlər ki, siz hansındansız? Deyirəm ki, xoşbəxt filosof (gülür).

– Fikirləriniz maraqlıdı. Amma yenə mətbuatla bağlı söhbətimizə qayıtmaq istərdim. Bəziləri bu qənaətdədi ki, mətbuat bəsitləşib. İddia olunur ki, gənc jurnalistlər gəzib-dolanmır, mövzu tapmırlar, oturaq fəaliyyətə meyllidirlər. Seymur Elsevər necə hesab edir?

– Bu fikirlə ümumən razıyam. Həyat başdan ayağa mövzudur. Sadəcə indiki gənc nəsil canlarını əziyyətə vermək istəmirlər. Jurnalistin işinin rahatlığı baxımından 90-cı illərlə indiki zaman arasında çox fərq var. Kompüter və internetin imkanları əvvəllər yoxuydu. Yazılar makinada yığılırdı. O dövrdə “səhv olarsa, düzəldərlər” fikrini heç kim yaxın buraxmırdı. Yazının məsuliyyətini hamı dərk edirdi. İndi evdən, redaksiyadan çıxmadan internet sizə dünyanın o başından məlumat almaq imkanı verir. Yazı tez başa gəlir, dərc olunur. Həyatın sürətli ritmi  jurnalistdən çevik işləmək tələb edir. Operativliksə çox zaman keyfiyyəti aşağı salır. Çünki, sürət səni məcbur edir ki, məlumatı tez çatdırasan. İndi informasiya yarışı gedir, kim qabağa düşürsə, ona olan maraq, reklam artır. Bu qədər vurhavurun içində, klassik məktəb görmüş məsuliyyətli adamların azaldığı bir vaxta saysız-hesabsız sayt və qəzetləri əsl peşəkar jurnalistlə təmin etmək sizə asan gəlməsin.

– “Mədəniyyət var, amma onun dərki yoxdur” ifadəsini bir sənətşünas kimi necə təhlil edərsiz?

– Mədəniyyəti əyləncə kimi başa düşürlər. Amma mədəniyyət elmi əsasları, təməl prinsipləri olan sahədi. Məsələn, eatr əylənmək yeri deyil, elmdi. Çünki tamaşa bir neçə sahənin vəhdətindən yaranır. Tamaşada ədəbiyyat, tarix, musiqi, təsviri sənət, psixologiya, fəlsəfə, məntiq və sairin nişanəsi var.

Bəzən tanışlarım deyir ki, yaxşı peşəniz var, daim deyib-gülürsünüz, dərd-sərdən, qayğıdan uzaqsız. Amma onlar komediya aktyorlarının, məzhəkəçilərin həyatda ən qəmli, kədərli adamlar olduğunu bilsələr, məəttəl qalarlar. Sənətkar hünərini səhnədə göstərir. Həyatda artistlik etməyin mənası yoxdu… Hərçənd indi çoxunun yeri dəyişik düşüb. Peşəsi başqa olsa da, həyatda özünü artistliyə qoyanlarla tez-tez üz-üzə gəlirik. Mədəniyyətin dərki prosesi fərdin doğuluşundan, hətta ana bətnindən başlayır, desək, yanılmarıq. Bu uzun, daim inkişaf yolu keçən məsələdi. İzahı, çözülməsi ayrıca söhbətdi.

– Sənətşünası parodiyayla məşğul olmağa sövq edən səbəb nədir?

– Sənətşünaslıq nəzəri sahədi. Parodiya sırf estrada aktyorluğu ilə bağlıdı. Sənətin həm nəzəri, həm də praktik tərəfini bildiyim üçün yəqin məni universal adam hesab etmək olar. Belə qoşalaşmaya nadir hallarda rast gəlinir. Parodiya anadangəlmə keyfiyyətlərə və güclü müşahidə qabiliyyətinə əsaslanır. Konkret düsturu yoxdu deyə, istənilən adama bunu öyrədə bilməzsən. Hətta aktyorluq fakültəsini bitirmiş adamların əksəriyyətində bu keyfiyyət olmur. Parodiya spesifik yönümlü məşğuliyyətdir. Demirəm, seçilmiş adamam, amma görünür Allah məni bu barədə fərqləndirib, müəyyən istedad verib. Parodiya etməyi bacardığım uşaq vaxtımdan üzə çıxıb. Hələ orta məktəbdə oxuyanda müəllimlərim, tanınmış müğənnilər parodiyalarımın qəhrəmanlarıydı. Teatr haqqında istənilən xoş sözdən fərəhlənirəm. Pis bircə kəlmə eşidəndəsə, yer eləyir.

– Parodiyadan söz düşmüşkən, bununla bağlı hansı maraqlı hadisə yadınızda qalıb?

– Çox şey olub. 1999-cu ildə aprelin 1- də xalq şairi Zəlimxan Yaqubun səsi ilə o vaxtki Press klubun icraçı direktoru Çingiz Sultansoyla zarafat etmişəm. Demək, hadisə belə baş verdi. Martın 31-i iş gününün sonunda Çingiz bəyə zəng vurub, səhəri gün vacib mətbuat konfransı keçirtmək istədiyimi bildirdim. O da telefonda şairlə danışdığına tam inanıb, sifarişi götürdü. Söylənənə görə, aprelin 1-i axşamüstü saat 5-də 16 qəzetin əməkdaşı gəlibmiş. Və təbii ki, tədbir baş tutmadı (gülür). Səhəri gün bir qism jurnalist yazdı ki, Zəlimxan Yaqub jurnalistlərlə zarafatlaşdı. Bəziləri də bu zarafatı Çingiz Sultansoyun özünün düzüb-qoşması kimi qələmə vermişdi. Heç kimin ağlına gəlməmişdi ki, kənardan kimsə belə bir şey edər (gülür).

Yaxud, başqa bir əhvalat. Adını açıqlamaq istəmədiyim bir nazirlə görüşmək lazımıydı. Di gəl, qəbuluna düşmək müşkülə dönmüşdü. Həmin nazirin Zəlimxan Yaqubla xoş, mehriban münasibəti olduğunu bilirdim. Ona görə də zəng vurub şairin səsi ilə danışdım. Katibə tez calaşdırdı. Özüm özümü nazirə tapşırdım, dedim ki, yanınıza filankəs gələcək. O da dedi, buyursun, gözüm üstə yeri var. Doğrudu, o iş düzəlmədi, amma nazir mənim təklifimlə bağlı işçisinə göstəriş vermişdi (gülür).

– Mediada mədəniyyət məsələləri necə qabardılır? Hansı çatışmazlıqlar var?

– Çatışmazlığı saymaqla qurtarmaz. Biri var mədəniyyət üzrə sırf ixtisaslaşmış jurnalistlər, biri də var ki, bu sahə üzrə təhsil alıb mətbuatda çalışan adamlar. İkinci qism şəxslər sahənin spesifikasını bilirlər – bu vacib məqam təbii ki, yazının keyfiyyətinə birbaşa təsir edir. Amma ixtisaslaşmış jurnalistlərin işinin yaxşı nəticəsi də göz qabağındadı.  Bunlar öz yerində. Təəssüf ki, bizdə mədəniyyət sözü şou-biznes anlayışı ilə qarışdırılır. Əslində şou-biznes necə deyərlər, mədəniyyətin hay-küylü qoludur. Mədəniyyətsə bütövlükdə ciddi anlayışdı və orda öyrənməli, araşdırmalı şey yetərincədi. İndi mədəniyyətin fundamental və gərəkli məsələlərindən yazanlar azdı. Üzdə olan şou-biznes adamlarının həyatına baş vurub, bunu oxucuya, tamaşaçıya, dinləyiciyə çatdırmaq meylisə artır. Belələrini ciddi mədəniyyət yazarları hesab etmirəm. Yəqin ki, zamanla çox şey ələnəcək və öz yerini alacaq. Amma hazırki vəziyyəti qənaətbəxş saymaq olmur.

– Sənətə nə kimi borcunuz qalıb?

– Allaha can borcum var, bu dəqiqdir. Ana, ailə, vətən qarşısında da müəyyən borcum var, əlbəttə! Sənət qarşısında borc nəsələsinə gəlincə, bu sahə üzrə təhsil alıb və o yolla gedirəmsə, şüarçı çıxsa da, öz töhfəmi verməyə çalışıram. Gərək adamın faydası dəyə, yoxsa, eləcə kiminsə adımı bilməyi və çəkməyi xatirinə yaşamağın nə mənası?! İnsan özü-özünü rahat hiss etməsi, vicdanının rahat olması üçün gərək bacardığı işin qulpundan yapışsın. Bu baxımdan, nəsə etmişəmsə də, daha çox iş görməyə ehtiyac duyuram. Təki Allah möhlət və təpər versin!


Kim burda məni tezcə tapsa, ona muştuluq düşür…

“Dörd dost, dörd ürək, dörd yoldaşıq biz…”

Burda da dörd nəfərik…

Hərbi xidmət dövründən şəkillərim az da olsa var. Di gəl ki, “skaner” olmuşu əlimə keçmədi. Bu, əsgərliyi başa vuran vaxtdan nişanədi. Hərbi xidmət keçdiyim yerlərin arasında məsafəcə ən yaxını sayılacaq Xaborovskda çəkilib. Evə qayıtmağın havasından beləcə geyinmişəm…

Hərbidən bir il sonra yenidən tələbə və artıq mətbuata ayaq açan vaxtlarımdı. Laçın oğlanıydım… telli-toqqalı…

Gədəbəydəyəm – Simens qardaşlarından yadigar körpünün yanında. Arxada başı qarlı dağlardı.

Zaqatalada, həmkarlarım Zöhrə Əlieva və Qalib Rəhimliylə bir aradayam.

Qələm, kamera, mikrofon əhliylə Gəncədə yeyib-içmək məclisidi. Hələ ki, iş yada düşmür. Səhəri gün tezdən Göy gölə gedəsiyik…

Adam öz yerində, pişik də bilir ki, kiminlə şəkil çəkdirməyə dəyər…

Tiflisdəyəm, fotoqraf dostum məni rəhmətlik Leninə oxşadıb…

Venetsiyadam – İtaliyada yox ha, burda “Azneft”in yanında…

Beynəlxalq muzey günü filarmoniya bağındayam. Köhnə dostum Rauf Umuddan yadigardı….

Vaxtilə idmanla məşğul olmuşam. Amma dalaşmağa meyl eləməmişəm heç vaxt. “Qoca” vaxtımda səhər məşqində oğlum çəkib…

Rejissor Vasif Babayevlə həmişəki kimi şirin-şirin söhbət vaxtı Rauf Umud başımızın üstünü kəsdirdi…

Bu da çox yerləri birgə gəzib-dolandığımız Etibar Cəbrayıloğluyla ömrümüzün bir anı…

Yeganə Oqtayqızı