“Sevilya” “Qarabağ”la oyuna laqeyd yanaşa bilər” – APOEL rəsmisi

0
420

“Oyundan dərhal sonra stadionu tərk edərək hava limanına getdik. Səhər 05:00-da Kiprə çatdıq. Yorğun yolçuluq oldu. Ancaq təqvimimiz belədir və buna uyğunlaşmalıyıq. Bakıdakı nəticə bizim üçün önəmli idi. Çünki ümidlərimiz qalır və şansları ayağımıza gətiririk”.

Bu sözləri APOEL-in nümayəndəsi Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la oyundan (2:2) sonra Kipr mətbuatına  deyib.

“Ssenarilər var, amma reallığı görməliyik. Bəziləri “Sevilya”nın APOEL-lə oyuna qədər növbəti mərhələyə vəsiqəni təmin edəcəyini düşünür. Gerçək budur ki, “Sevilya” növbəti mərhələyə yüksələ bilər və  “Qarabağ”la oyuna laqeyd yanaşa bilər. Amma ssenariləri müzakirə etməyi xoşlamıram. Bizim üçün hazırda ən önəmli oyun “Qarabağ”la evdəki görüşümüzdür. “Düdelanj”a uduzmuşduq. Başqa məğlubiyyətə haqqımız yoxdur” – deyə o bildirib.

N.Petevinos Musa Əl-Tamarinin intizamsız hərəkətinə görə “Qarabağ”a qarşı oynamadığını təsdiqləyib. Bildirib ki, 22 yaşlı yarımmüdafiəçi oteldə komandanın toplantısına gec gəldiyi üçün cəzalandırılıb.

APOEL rəsmisi klubdan gözləntilərin hər zaman yüksək olduğunu vurğulayıb: “Burada pis nəticələrə dözümlülük aşağıdır. Ardıcıl qələbələr qazanan və yaxşı futbol oynayan komandanın olmasını istəyirik. Həqiqət budur ki, hazırkı vəziyyət bizi qane etmir. Ancaq çempionatdakı nəticələrdən razıyıq. Ötən gün 30 min azarkeşin dəstəklədiyi stadionda çətin oyun keçirdik. Belə atmosferi Kiprdə son iki ildə cəmi bir dəfə görmüşük. Bunu ona görə deyirəm ki, azarkeşlər bizi istədiyimiz yerlərə apara bilər. Hər kəs komandaya kömək etməyə çalışmalıdır”.