Sevgi önəmlidir, yoxsa dürüstlük?

0
2251

Sevginin dürüstlüyə qarşı olduğu halları çox görürük həyatımızda. Çox təəssüf ki, dürüstlüyün bu mübarizədə qalibiyyəti çox az rast gəlinir.
İnsanların sayı qədər hisslərin, düşüncələrin, fikirlərin olduğu bu həyatda sadaladıqlarımızın oxşar qruplara bölünməsinin vacibliyi durumu ilə razılaşmaq məcburiyyəti çoxlarını ali keyfiyyətlər sahibi zirvəsinə yüksəltsə də, bu onları heç də xoşbəxt insan timsalını təsdiq etmir.
Xoşbəxtliyin siması da sevgi və dürüstlük kimi hər kəsdə fərqli görünür. Və bu görüntülərin formalaşmasında insanların bir çox şəxsi keyfiyyətləri ilə yanaşı, həyatın enişli-yoxuşlu yollarında qarşılaşdıqları fərdlərin, hadisələrin, mənəvi, əqli, duyğusal dünyalarının fərqli doyurumlarının da rolu böyükdür.
Müxtəlif xarakterli insanların bir-birini sevməsində oxşar dünyagörüşlərinin olması böyük rol oynayır.
Bəli, müxtəlif xasiyyətli insanlar da dünyanı eyni prizmadan seyr edə bilər, eyni duyğu ilə görə bilər.
Bəs, sevdiyinə yalan danışmaq və yaxud onu kənar yalanların şübhəsi ilə suçlamaq?
Bu an hələ sevgi hissini yaşamayan 17 yaşlı qızımın sözləri yadıma düşdü: “Yalan dediyin insanı sevmirsən demək… Sevdiyinə yalan danışmağa məcbursansa və bunu onun xeyrinə olacağına düşünürsənsə yanılırsan demək. Yalan gec-tez ortaya çıxır”.
Bəli, o zaman yaxşılıq hesab etdiyin pisliyə çevrilir, daha doğrusu, yalan danışmağın pislik olduğunu anlayırsan.
Bu da hər kəsə məxsus olan fikir deyil, təbii ki…
Mən də qızımın “yalan danışırsansa sevmirsən demək” fikri ilə razıyam. Həqiqi sevgi hər bir insanda olmur. Çünki sevgi hesab etdiyimiz duyğuları çox vaxt məhəbbətin əsl dünyasından fərqli görürük.
Yalanların bu duyğularla birgə addımlaması qeyri-mümkün olduğu kimi, kənardan yalan ittihamlar dalğası da bu ali hisslərin zədələnməsində böyük rol oynayır.
Bu mənfur ittihamlara təəssüf ki, hər birimiz həyatımız boyu az və ya çox, birbaşa və dolayı yolla tuş gəlirik.
Lazımsız mübahisələrə, münaqişələrə, önəmli olan vaxt itkisinə səbəb olan yalanlardan uzaq bir dünyanı çox arzulayıram. O zaman sevgilərə də zaval gəlməz.

Sənubər