Sarsılan inamlar yaxşılığa yol açsın, pisliyə deyil…

0
944

Bir çox insanların həyat boyu başına gələnlərin, qarşılaşdıqları hadisələrin təsiri altında inamları da zədələnir. Allaha qarşı, dini qaydalara qarşı inamın zədələnməsini bu inamın möhkəm olmaması ilə əlaqələndirirlər dindar insanlar.

Bəs bu inamın möhkəm olması nədən asılıdır? Əslində hər bir sualın dini baxımdan izahı var. Bu sualın da cavabı “Quran”ı və hədisləri oxumaqdır. Onları oxuyub “deyilənlər”lə razılaşmayan insanlar da çoxdur. Razılaşa bilənlərin inamı da möhkəmlənir, yaşamaq gücü də.

Razılaşmayanlar öz gücünə, ağlına güvənib müxtəlif yaşam metodları seçirlər.

Təəssüf ki, bu metodların içərisində yalan, təcavüz, oğurluq, hətta yaltaqlıq, fırıldaqçılıq da var. Həyatda başına gələnlərlə razılaşmayıb, bunun günahkarlarını cəzalandırmaq üçün müxtəlif neqativ saydığımız yollar seçənlər olduğu kimi, günahkar tapılmadıqda Allaha asi olanlar da var.

Neqativ anlayışı bu kimi insanlarda fərqlidir. Xoşuna gəlməyənlərə də, ona pislik edənlərə də pisliklə cavab verməyi neqativ hesab etməyənlər də var.

Dediyim hər fikirdən sonra bir misal çəkmək istəyirəm. Amma ağlıma saysız-hesabsız o qədər fərqli məqamlar gəlir ki, hansını yazmağıma qərar verə bilmirəm. Bu fikrimi yəqin ki, yaşı heç olmasa 40-ı keçmiş insanlar başa düşə bilər.

Həyatda yaşlı insanları belə təəccübləndirən hadisələr olur. Bu da həyat tərzinin yenilənməsi ilə əlaqəlidir çox vaxt.

İnsanların bir-birinə inamına gəlincə, bu məsələni sabit saxlamaq hər kəsin öz əlində deyil. Amma hər kəsin arzusudur. Baxmayaraq ki, yanlış inamlar insanın həyat yolunda daş-qalaqdır, bəzən də uçurumdur. İnsanın xarakterindən asılı olaraq da zədələr fərqli olur.

Pisliklər həmişə olub, yaxşılıqlar da. İnsanların inamını dəyişməsi də hər zaman olur və o qədər də çoxluq təşkil etmir. Çünki dəyişdiyini güman etdiyimiz insanın çox zaman əslində içində gizlətdiyi varlığın bəyan olmasıdır.

Mənim fikrimcə, insanın başına gələn bütün yaxşı və pis hadisələr onun içindəki əsl varlığın ortaya çıxması üçündür… Bundan qorxmamalıyıq. Cəzanı hər iki dünyada görməyə hazır olun. Hər kəsin günahkar olduğunu söyləyə bilmərəm. Amma səhvlərimizin nələr elədiyini yalnız “o zaman” biləcəyik. Və “o zaman” səhvlərimizi ört-basdır edən əməllərimizi də görmək ümidi ilə…

Sənubər