Şamaxıda Nəsiminin heykəli fərqli formada təqdim olundu – FOTOLAR

0
629

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi – Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir.

Festival çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub. Yüngül metal hissəciklərdən hazırlanan “Nəsiminin ruhu” əsərinin müəllifi rəssam, videoart ustası, heykəltəraş və dizayner, qeyri-adi işıq və kölgə instalyasiyalarının müəllifi Rəşad Ələkbərovdur.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak ediblər.

Rəşad Ələkbərov Trend-ə deyib ki, əsərin ideyası Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən götürülüb:

“Hər kəs insan ruhunu özünə görə mülahizə edir. Mənim fikrimcə, ruh insanın həyati gücüdür, insan isə ruhla bədənin vəhdətidir. Mən instalyasiyanı dəmir hissəciklərlə elə düzəltmişəm ki, hər tərəfdən təkcə obrazın xətlərini yox, həm də ətraf aləmi görmək mümkün olsun. Bu onu ifadə edir ki, Nəsiminin yaradıcılığı, fikirləri və irsi bütün bəşəriyyətə açıqdır və harmoniyaya, gözəlliyə və mükəmməlliyə çağırır”.

Sonda “Tallinli oğlanlar xoru”nun (Estoniya) ifasında konsert keçirilib.