Şakir Hənifə oğlu Yaqubov (d.25 fevral 1951, Astara Bala Şahağac kəndi}} — jurnalist, iki dəfə Azərbaycanın əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, “Qızıl qələm” və Həsənbəy Zərdabi mükafatları laureatı, Azərbaycan Respublikasının fəxri auditoru (2011)
Həyatı
Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub. İki övladı, dörd nəvəsi var.
Fəaliyyəti
1974–2000-ci illərdə “Azərbaycan gəncləri“, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan“), “Sirdaş“, “Səhər” və “AFFA news“, “Panorama” qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. O, dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər yazarların publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktorudur. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda “Sevirsə, qayıdacaq…” adlı oçerki IX siniflər üçün “Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat“a (Bakı, 1989-cu il) daxil edilib.
Kitabları
- “Mən şahidəm ki…“;
- “Qətiyyətin təntənəsi“;
- “Hakim mərkəzi göstərər“;
- “Bizim səfər haçandı?!“;
- “Banişevski olduğu kimi“;
- “Taleyimdən keçənlər“;
- “Yaddaşımın küncündən…“;
- “Bir az da futbol(umuz)dan“.
Həmmüəllifi olduğu əsərlər
- “Vətən bizim şöhrətimiz…” (kitab);
- “Bizim müasirimiz” (kitab);
- “On ikinci şeyxülislam” (kitab);
- “Qanlı Yanvar dialoqu” (kitab);
- “Klassik islam” (monoqrafiya, məşhur islamşünas alim Q. E.fon Qrünebaumun əsəri);
- “Onlar belə sevirdilər” (kitab, Ə. Ağalarov və E. Cabbarovla birgə tərcümə)
Mükafatları
İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. “Azərbaycan Respublikasının fəxri auditoru” adını almış ilk və yeganə peşəkar jurnalistdir. 2014-cü ildə [Ali Media Mükafatı] ilə təltif edilmişdir.
İstinadlar
- https://oxu.az/culture/653866
- “Veteran jurnalistlər”. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- “Fakültənin görkəmli elm xadimləri və məzunları”. 18 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- “Şakir Yaqubovun yeni kitabı”. 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- “Ali Media Mükafatını kimlər aldı?”. 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
Xarici keçidlər
- Tofiq Abdin. “Tanınmış jurnalist Şakir Yaqubov” (1-ci hissə) adalet-az.com [ölü keçid]
- Tofiq Abdin. “Tanınmış jurnalist Şakir Yaqubov” (2-ci hissə) adalet-az.com [ölü keçid]
- Tofiq Abdin. “Tanınmış jurnalist Şakir Yaqubov” (3-cü hissə) adalet-az.com [ölü keçid]
- Tofiq Abdin. “Tanınmış jurnalist Şakir Yaqubov” (4-cü hissə) adalet-az.com [ölü keçid]
- Tofiq Abdin. “Tanınmış jurnalist Şakir Yaqubov” (5-ci hissə) adalet-az.com [ölü keçid]
- Altmışın qırxı çıxmamış…(məqalə) mediaforum.az [ölü keçid]
- “Heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam və bunun məhz belə olduğunu təsəvvür də edə bilmirəm” (müsahibə) mediaforum.az [ölü keçid]