Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.
O bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir:
“Hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır”.
Sahibə Qafarova isə qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib:
“Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var”.
Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.
Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb:
“Ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər. Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verib.
Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir.
Bizim ölkəmiz çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir. Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirmişdir. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusların Azərbaycanda yaşamaları tamamilə təbiidir”.
Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.
15:59
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşü başlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.