“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ…

0
582

“Azərbaycan məhkəmələrinin qanunsuzluğa yol verməsi, sifarişlə və ya hansısa subyektiv səbəblərdən ədalətsiz qərarlar qəbul etməsi yeni məsələ deyil. Bu barədə uzun illərdir mətbuatda kifayət qədər tənqidi materiallar yazılır və yazılmaqdadır. Ancaq bir məhkəmənin eyni statuslu başqa bir məhkəmənin qətnaməsini sifarişlə ləğv edərək, tamamilə ona əks qərar çıxarması faktına yəqin ki, indiyədək rast gəlinməyib…”

Bu fikirlər “Şah market” Açıq Səhmdar Cəmiyyəti (ASC) üzvlərinin mediaya müraciətindən götürülüb.

Vidadi Məmmədov, Xəqani Məmmədov, Vəzir Rəcəbov, İlahə Hacıyeva, Rəcəb Rəcəbov tərəfindəm imzalanmış müraciətdə qeyd olunur ki, ASC üzvləri məhz belə bir absurd vəziyyətlə üzləşiblər: “Məsələnin qısa məğzi bundan ibarətdir ki, Səbail rayonu Rəsul Rza küçəsi 23 ünvanında yerləşən “Şah market” adlı xüsusi mülkiyyətimiz 1998-ci ildə qanuni şəkildə özəlləşdirilib, Əmlak Komitəsində ASC kimi qeydiyyata alınıb. Lakin özəlləşdirmədən bir müddət sonra obyekti işlətmək xeyli çətinləşdi. Məmur müdaxiləsi və başqa bürokratik-inzibati əngəllər qarşımıza keçilməz sədd çəkdi. Xüsusən, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti müxtəlif bəhanələrlə bizə əl-qol açmağa imkan vermədi. Nəhayət, biz depatamentin o vaxtkı direktoru Faiq Məmmədovdan “obyektdən mənə də 20 faiz pay ayırın” ultimatumunu qəbul etməyə məcbur olduq. Lakin sənədləşmə zamanı üzə çıxdı ki, vəzifəsindən sui-istifadə edən F.Məmmədov əmlakdan 20 deyil, özünə 30 faiz pay yazdırıb. Beləliklə, bu məmur zorla bizim ASC-nin üzvü oldu”.

Müraciət müəllifləri daha sonra qeyd edirlər ki, müxtəlif ağır cinayətlərdə ittiham olunduğuna görə F.Məmmədov təxminən 10 il Azərbaycandan qaçıb yoxa çıxıb: “Buna baxmayaraq, ASC-dən gələn gəlirlərini nümayəndəsi müntəzəm olaraq alırdı. O, bir də 5-6 il əvvəl peyda oldu. Qayıtdıqdan sonra o, əsassız olaraq kollektiv maraqlara qarşı çıxmağa, daha çox vəsait istəməyə, hətta obyekti bölüb “öz hissəsini” hörgü ilə ayırmağı tələb etməyə başladı. Təbii ki, yalnız obyekti icarəyə verməkdən ibarət olan fəaliyyətimizi iflic etməyə yönəldiyi üçün, həm də mövcud qeyri-yaşayış sahəsi “Şah market” Səhmdar Cəmiyyətinin tam xüsusi mülkiyyəti olması səbəbindən və ASC-nin bölünməzliyi prinsipindən çıxış edərək biz bu iddianı qəbul etmədik”.

baku2-economic-kohne-bina

Müraciət müəllifləri qeyd edirlər ki, belə olduqda F.Məmmədov və nümayəndəsi ASC-dən 30 faiz payı qarşılığında ona təxminən 200 kv.m. sahənin natura qaydasında ayrılması barədə iddia ilə Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib: “İşi çox diqqətlə və hərtərəfli araşdıran məhkəmə 16 yanvar 2014-cü il tarixli 2 iqt (81)-284/2014 qətnaməsi ilə bu qanunsuz iddianı rədd etdi. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin qanuna əsaslanan qətnaməni qüvvədə saxladı. Yəni məhkəmə 4 il əvvəl qanunlara obyektiv, hörmət və ədalətlə yanaşa bildi”.

Amma məhkəmə instansiyalarının qərarları problemin həlli üçün kifayət etməyib. ASC üzvləri bildirirlər ki, ədalət məhkəməsinin bu qərarına baxmayaraq, öz maddi imkanları və şəxsi əlaqələrinə güvənən F.Məmmədov obyekti tamamilə ələ keçirmək niyyətindən daşınmayıb: “Ötən ildən başlayaraq F.Məmmədov ASC-ni iflic etmək və haqqında söhbət gedən xüsusi mülkiyyəti əlimizdən almaq üçün yenidən və “yeni qüvvələrlə” üzərimizə hücüma keçdi.

16afffa568b0db01c64c9ee73b9a2212Bu dəfə F.Məmmədovu ASC-də “Caspian Servise” şirkəti adı ilə formal olaraq təmsil edən Vəli Kərimov nə üçünsə iqtisadi məsələlər üzrə ixtisaslaşmış İnzibati-İqtisad Məhkəməsinə deyil, öz qanunsuz iddiası ilə Səbail rayon Məhkəməsinə müraciət etdi. Təəssüf ki, kobud prosessual pozuntulara yol verərək hüquqi nihilizm yaradan Səbail rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov işə “ildırım sürəti” ilə baxaraq 2 noyabr 1918-ci il tarixli qətnaməsi ilə əsassız olaraq “Caspian Servise”nin (V.Kərimov) iddiasını təmin etdi”.

Müraciət müəllifləri burada incə məqamı vurğulayaraq qeyd edirlər ki, Səbail rayon Məhkəməsi yalnız Faiq Məmmədovun yaxın qohumu və hazırda əsas havadarı olan F.Cavadovun rəhbərlik etdiyi Ekspertiza Mərkəzinin hüquqi cəhətdən naşı, qeyri-qanuni və subyektiv rəyinə əsaslanıb: “V.Kərimovun açıq-aşkar qanunsuz və əsassız olan iddiasının təmin edilməsi üzrə aşağı məhkəmədən başlamış sifarişli hərəkətlər Bakı Apellyasiya Məhkəməsində də davam etdirildi.

скачанные файлы“Daşınmaz “əmlak”la “səhm” anlayışlarını fərqləndirə bilməyən bu məhkəməyə sədrlik edən Məmməd Məmmədov aşağı instansiya məhkəməsinin qərarını, demək olar ki, qüvvədə saxladı. Bundan başqa, Apellyasiya Məhkəməsi ASC-nin digər üzvlərinin Səbayıl rayon Məhkəməsinin qətnaməsindən verdiyi qanuni şikayətə baxmağı da artıq iş hesab etdi. Yəni hüquqi pozuntulara göz yuman Apellyasiya Məhkəməsi işi dəqiq öyrənmədən, ASC üzvlərini dinləmədən, araşdırma aparmadan tam sifariş əsasında olduqca ədalətsiz qərar qəbul etdi.

İndi əlac Ali Məhkəməyə qalıb və həmin ali instansiya bizim şikayətimiz əsasında işə yenidən baxacaqdır. Lakin qarşı tərəfin indidən “qələbə”ni bayram etməsi prosesin formal olacağından xəbər verir”.

Müraciət müəllifləri sonda qeyd edirlər ki, məhkəmə proseslərinin ciddi hüquqi pozuntularla aparılması, qanunlara məhəl qoyulmaması, ədalətin bu dərəcədə tapdalanması onları dərindən məyus edib: “Hər şeydən görünür ki, qarşı tərəf milli ənənə, biznes əxlaqı, vicdan və ədalət anlayışlarını bir kənara qoyaraq bizim ASC-nin fəaliyyətini iflic etmək üçün bütün resursları işə salıb. Əlbəttə, bu qanunsuz və ədalətsiz işin arxasında işdə marağı olan bəzi vəzifəli şəxslərin dayanması da şəksizdir, yoxsa məhkəmələr arxayınlıqla bu miqyasda qanunsuzluqlara rəvac verməzdi”.

ASC üzləri müraciətdə bir məqama da diqqəti çəkirlər: “Məhkəmələrin belə açıq qanunsuzluqlara əl atması hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin əhalinin güzəranını yaxşılaşdırmaq, ölkədə sahibkarlığı daha da inkişaf etdirmək, yeni iş yerləri açmaq, cəmiyyətdə qarşılıqlı anlaşma və dialoq yaratmaq, vətəndaş məmnunluğunu hər sahədə təmin etmək sahəsində apardığı böyük işlər fonunda baş verir. Təəssüf ki, bu şəraitdə bir çox vəzifə adamı ictimai və dövlət mənafeyini deyil, şəxsi maraqlarını üstün tutur. Bu isə haqlı narazılığa səbəb olur”.

“Şah market” ASC-nin üzvləri ölkə mətbuatına, vicdanlı və obyektiv jurnalistlərə müraciət edərək, onları bu məsələni diqqətdə saxlamağa, məhkəmələrin onların toxunulmaz mülkiyyət hüququnu pozmağa yönəlik ədalətsiz qərarları barədə ictimaiyyəti ətraflı məlumatlandırmağa çağırırlar.

Məktubda qeyd olunanlala bağlı qarşı tərəfin də mövqeyini işıqandırmağa hazırıq.