Sabiqlər Paşinyana qarşı – Ermənistanda gizli ittifaq qurulur

0
14

Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Ermənistan hakimiyyəti özünə yeni sığınacaq axtarır. Nikol Paşinyanın ABŞ və Fransaya səfərləri də məhz bu niyyətə xidmət edir və erməni baş nazir dünyada izlənən dəyişikliklərin onun hökumətinə necə təsir edəcəyini anlamaq istəyir. Hökumət bilir ki, ölkə daxilində vəziyyət gərginləşir, ictimai dəstək günü-gündən azalır və daxili fikir ayrılıqları nəticəsində iqtidar komandasındakı çatlar da getdikcə dərinləşir. Proseslər artıq daxili qarşıdurma ilə nəticələnməyə doğru gedir.

Baş nazir isə getdikcə ölkə daxilində onu dəstəkləyənləri itirməyə başlayıb. Hətta bu sıraya onun tərəfdarları da əlavə edilib. Məsələn, 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra daim Paşinyanı dəstəkləyən “Nouvelles d’Arménie” jurnalının redaktoru Ara Toranyan da artıq hökumət başçısına olan ümidlərini itirdiyini bildirib. O, Fransaya səfəri zamanı Paşinyanın ermənilərlə görüşünü sərt dildə tənqid edib. Toranyanın bu hərəkəti onu deməyə əsas verir ki, yaxın vaxtlarda baş naziri dəstəkləyən digər nüfuzlu şəxslərin də eyni addımı atacaqları gözlənilir.

Digər tərəfdən isə erməni müxalifəti müəyyən nəticələr əldə etməyə, daxili sosial problemləri, narazılıqları iqtidara qarşı istifadə edərək, möhkəmlənməyə, ictimai rəyin diqqətini artırmağa çalışır. Müxalifət xarici dəstəyi artırmaqla mümkün çatışmazlıqları kompensasiya etmək istəyir. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək, ölkənin Avropa İttifaqına üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, əsas iki istiqamət seçilib: Qarabağ erməniləri kartı və Rusiyadan qopmağın fəsadları. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də şimala dəstək üçün mesaj göndərib, həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində istifadə edəcəyinə işarə vurub. Heç şübhəsiz ki, açıqlamalarında separatçı Samvel Şahramanyanın adını hallandırması, onu təmizə çıxarmaq istəyi də bununla əlaqədardır. Bununla yanaşı, Robert Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da İrana işarə edərək, bununla Tehrana mesaj göndərir. Keçmiş prezidentin çıxışı son günlər baş verən hadisələr fonunda müxalifəti təşkilatlanmaya, Rusiyadan xüsusi dəstək almağa səfərbər edir.

Koçaryanın Serj Sarqsyanla, yəni Ermənistanın üçüncü prezidenti ilə bağlı verdiyi açıqlamalar xüsusi diqqət cəlb edib. Onun sözlərindən belə anlaşılır ki, sabiq prezidentləri birləşdirən məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əlavə olaraq, Koçaryana yaxın media orqanlarında bu açıqlama ilə bağlı verilən şərhlərdən də anlamaq olar ki, Ermənistanın ikinci və üçüncü prezidentləri baş nazirə qarşı gizli ittifaq qurublar və ya yaxın günlərdə bu işlə bağlı əməli addımlar atılacaq. Bu da o deməkdir ki, Paşinyana qarşı yeni cəbhə yaranır və Robertlə Serjin ittifaqı vəziyyəti bir az da qəlizləşdirə bilər.

Eyni zamanda, “Hayastan” bloku və “Ana Ermənistan” ictimai nəqliyyat tariflərinin artırılmasını bəhanə edərək, hər gün etirazlara qalxır, aksiyalar keçirir. Məqsəd paytaxt İrəvanda kütləvi nümayişlərə, etirazlara nail olmaqdır. Bununla belə, deputatların belə küçələrə düşmələri, avtobus və digər ictimai nəqliyyat vasitələrinə daxil olmaları etirazın kütləviləşməsi ilə nəticələnmir. Bu da sadə erməni vətəndaşın artıq nə iqtidara, nə də müxalifətə bel bağlamaq istəmədiyi faktını üzə çıxarır. Paytaxt İrəvanda ictimai nəqliyyatda qiymət artımı ilə bağlı etirazlara hökumətin fərqli reaksiyası da üzə çıxıb. Əvvəlcə rayon administrasiyalarının əməkdaşlarına gediş haqqının bahalaşmasına etiraz edən, gediş haqqını ödəməyən vətəndaşlara qarşı çıxmaq tapşırılsa da, bu yaxınlarda əmr dəyişdirilib.

Yeni təlimata əsasən, hətta şəxsi avtomobili olanlar da işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. Buna səbəb isə sosial şəbəkələrdə etiraz edən insanları təhqir edən şəxslərin bələdiyyə işçiləri, inzibati ərazi dairəsi əməkdaşlarının olduğu barədə çoxsaylı faktların üzə çıxması olub. Ehtimal etmək olar ki, sonuncu təlimatla aranı sakitləşdirmək, insanlarda daha çox əsəbə və narazılığa səbəb olacaq hərəkətlər sərgiləməmək nəzərdə tutulub.

Hakim partiyanın isə hazırda ən böyük məqsədi Gümrüdəki seçkilərdə qalib gəlməkdir. Əbəs deyil ki, Paşinyan “Vətəndaş sazişi” partiyasına göstəriş verərək, nəyin bahasına olursa-olsun, bu seçkidə səs toplamaq, qalib gəlməyi tapşırıb. O, komanda yoldaşların əmin edib ki, təmsil etdikləri siyasi partiya martda Gümrüdə keçiriləcək seçkilərdə mütləq qalib olacaq. “Vətəndaş sazişi”nin qapalı keçirilən iclasında bələdiyyə sədrinin müavini Sarik Minasyan iştirak edib və elitanı inandırıb ki, seçilmək üçün əlindən gələni edir. Bunun üçün daim vətəndaşlarla görüşlər keçirir, onların etimadını qazanır.

Qeyd etmək yerinə düşər ki, partiya iclasında Şirak qubernatoru David Aruşanyan, Gümrü Ağsaqqallar Şurasının üzvləri, hətta sabiq qubernator Muşeq Muradyan da iştirak edib. Bütün diqqət və müzakirələr məhz Gümrü seçkiləri ilə bağlı olub. Bununla belə, söyləmək yerinə düşər ki, hakim partiyanın Gümrü seçkiləri ilə bağlı ciddi narahatlıqları var.

Paşinyandan fərqli olaraq, onlar bu seçkidə qələbəyə şübhə ilə yanaşırlar. Çünki qarşı tərəf Ruben Mxitaryan, Vardan Qukasyan, Karen Simonyan və Martun Qriqoryan kimi namizədlərə üstünlük verib və sözügedən şəxslər Gümrüdə kifayət qədər böyük nüfuza sahibdirlər.

Yenicə müxalifətə keçən Ovik Ağazaryan da yaxın vaxtlarda Nikol Paşinyanın istefası prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb. Hazırda sabiq deputat etimadsızlıq prosesi üçün yeni yaratdığı partiyanın nümayəndələri ilə müxtəlif görüşlər keçirir və müzakirələr aparır.

Qeyd edək ki, fevralın 8-də Ovik Ağazaryan və “Vətəndaş sazişi”ndən xaric edilmiş digər deputat Akop Aslanyanın yeni yaradılmış “Vahid Milli Sosialist Partiyası”nın təsis qurultayı keçirilib. Ağazaryan qurultayda bəyan edib: “Biz Nikol Paşinyanın yenidən seçilməməsi və yenidən baş nazir olmasının qarşısını almaq üçün mübarizə aparacağıq”.

Yeri gəlmişkən, bu yaxınlarda erməni mətbuatında müxalifətin gizli lider üzərində işlədiyi, bu şəxsin siyasətdə dönüş edəcəyi barədə bir neçə məqalə yayımlanıb. Ehtimal etmək olar ki, müxalifət bu fikri ya qəsdən ortaya ataraq diqqətləri dağıtmağa çalışır, ya da gizli lider hazırlanıb sadəcə onun xarici xüsusi xidmət orqanları ilə razılaşmasını gözləyir. Hər bir halda, söyləmək olar ki, Ermənistanın siyasi arenasında ciddi təlatümlər baş verir və vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Görünür, 2026-cı il seçkilərinə qədər hələ çox sular axacaq…

“Report” İnformasiya Agentliyi