Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspres xətləri 10.08.2020-ci il tarixindən fəaliyyətə başlayır.
Bakı Nəqliyyat Agentliyerilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.
Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.
M8 xəttnin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.
Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
Məlumat üçün bildiririk ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.