Artıq çəkidən qurtulmaq istəyən bir çox insan müxtəlif pəhrizlər və qida məhdudiyyətlərinə müraciət edir. Bu üsullardan biri də saat 18:00-dan sonra yeməkdən imtina etməkdir. Amma bu metod həqiqətən arıqlamağa və nəticəni uzun müddət saxlamağa kömək edirmi?
Rusiyalı diyetoloq və endokrinoloq Yuliya Atamanova bu mövzu ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssisin sözlərinə görə, 18:00-dan sonra yeməkdən imtina insanı qısa müddətdə arıqlada bilər. Lakin bu metodun ciddi bir mənfi cəhəti var – o, uzunmüddətli nəticələr təmin etmir.
“Axşam saatlarına yaxın aclıq hissi toplanır. Çox vaxt nahar və şam yeməyi arasındakı fasilə 5 saatdan çox olur. Yorğunluqla birlikdə insanın özünü yeməklə mükafatlandırmaq arzusu yaranır. Bu vəziyyətdə porsiya ölçüsünü nəzarətdə saxlamaq çətinləşir. Belə bir rejimdə tez-tez pozuntular baş verir və çəki geri qayıdır. Həmçinin, insanlar yeməksiz rahatlanmağı və zövq almağı öyrəşə bilmir, dostları və qohumları ilə görüşlərdən imtina etməkdə çətinlik çəkirlər. Buna görə də bu rejimdə uzun müddət yaşamaq mümkün deyil” , – deyə Atamanova vurğulayıb.
Diyetoloq qidalanma rejimini tarazlaşdırmağı, güclü aclıq hissinin qarşısını almağı və porsiya ölçüsünə nəzarət etmək üçün gün ərzində bir neçə qəlyanaltı etməyi məsləhət görüb.
“Düzgün tərtib edilmiş rasion və kalori defisiti ilə istənilən saatda yemək mümkündür və buna baxmayaraq arıqlamaq olar” , – deyə mütəxəssis qeyd edib.