Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail İbrahimli Teleqraf-ın suallarını cavablandırıb.
– Fəzail müəllim, İran Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətini necə qiymətləndirirsiniz? İkinci Qarabağ müharibəsindən sonra Araz çayının sahilinə qoşun toplayan, əzələ göstərməyə çalışan, Zəngəzur dəhlizinə qarşı çıxan, Ermənistanın ərazi bütövlüyünü “qırmızı xətti” adlandıran Tehranın siyasi kursunda nələr dəyişib?
– Səfərin mahiyyəti ilə bağlı müsbət notlar çoxdur. Sözsüz ki, buna mənfi ton vermək niyyətində olanlar iki ölkə arasında isti münasibətlərin olmasını istəməyənlərdir. Buna mənada, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri yüksək qiymətə layiqdir. İnsanın genetik kodu var və o bunun əsasında idarə edilir. Adamın üzünə baxanda onun bütün mahiyyəti üzə çıxır. Elə insanlar var ki, onun üzünə baxanda zülm və məşəqqət görünür, mənfi enerji yayır. Adam da var ki, sifətinə baxanda böyük məsuliyyət hiss edilir. Amma üz cizgilərindən müsbət enerji aldığımız, doğmalıq hiss etdiyimiz adamlar da var. Dövlət başçısı və xırda vəzifə sahibi olsa belə, bu xarakterlər hamısına aiddir. Pezeşkian da natura etibarı ilə antropolji cəhətdən istənilən adamda həzin düşüncə yaratmağı bacaran şəxsdir. Prezident seçkiləri kampaniyasında da onun atdığı addımlar, türk olduğunu cəsarətlə deməsi, bütün gedişlər tək Azərbaycanla bağlı deyil, ətrafa, sağa-sola düşmən olan və dostluq etdiyi ölkə ilə də bunun arxasında belə aqressiya sərgiləyən İran rejiminə sanki başqa bir ruh gətirib. Biz də bilirik ki, İranda prezident icraçıdır və orada əsas söz sahibi ali dini liderdir. Pezeşkianın Azərbaycana səfəri məhz bunun fonunda yüksək əhval-ruhiyyədə keçməsinin şahidi olduq. İlk dəfə idi İran prezidenti Azərbaycan prezidentinə qardaşım deyirdi. Məmmədhüseyn Şəhriyarın şeirinin isə məhz Bakıda Pezeşkian tərəfindən deyilməsi fərqli bir anlayış idi. Burada heç də poetik düşüncə deyil, Azərbaycan dövlətinin tarixinə istiqamətlənmiş fikirlər var.

– Səfərin mahiyyəti zəngin olsa da, Pezeşkian Səhriyarın şeiri ilə bu səfərə sanki daha kolorit qatmış oldu…
– Şeirlə bağlı yanaşmaları iki cür yozmaq olar. Həmin şeiri hansısa bir fars demiş olsa idi, onun mövqeyində iki Azərbaycanın bölünməsi düşüncəsi çıxmazdı. Bu şeirdə hədəf o olardı ki, rusların təzyiqi nəticəsində İran dövlətinin guya bir hissəsi ondan ayrılıb. Millətçi bir şəxs isə bu şeirlə başqa bir ideyanı ifadə etmiş olar. Amma Pezeşkianın simasında isə Azərbaycanın parçalanmasından bəhs olunur. Ona görə də bu şeirlə bağlı hər kəsdə sevinc düşüncələri var. Yadımızda Vətən müharibəsindən sonra keçirilən zəfər paradında qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayatı deməsinə İran tərəfi çox dözümsüz yanaşmışdı. İndi isə elə İran prezidentinin özü Bakıda “ayrılığı kim saldı” deyir. Vaxtilə sərhədlərimizə qoşun toplayan, az qala bizi hədələyən İran dövlətinin münasibətində yeni bir mərhələ başlayıb. 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan işğalçı Ermənistana həmdəm olan İranın yanaşması dəyişib ki, bu da ciddi bir mərhələdir.
– Bakı ilə Tehran arasındakı münasibətləri pozmağa çalışanlara bu səfərdə hansı mesajlar verildi?
– Əslində, Pezeşkianın mesajları o idi ki, Azərbaycanla İran arasına girmək olmaz. Çünki bu münasibətləri pozmaq istəyən qüvvələr var. Hətta Azərbaycan üzərindən İrana qarşı hansısa addımlar atmaq istəyənlər də olub. Donald Trampın ABŞ-də birinci hakimiyyəti dövründə Azərbaycan üzərindən İrana olan hücumlara yox deyildi. Azərbaycan Prezidentinin qətiyyəti, onun balanslaşdırılmış siyasəti vaxtilə bizimlə təhdid ritorikasında danışan İranın dövlət başçısının gəlib Bakıda Prezident İlham Əliyevə “qardaşım” deməsi ədalətin təntənəsi idi.